Qazilərimiz müasir protezlərlə təmin edilir - Reportaj

13:13 04.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsi qazilərinin yüksəktexnologiyalı protezlərlə təminatı davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.

Hafta.az-ın əməkdaşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzində bu prosesin necə həyata keçirildiyini izləyib. Burada sağlamlığını itirmiş vətəndaşlar üçün yaradılmış vəziyyətlə də tanış olduq, qazilərimizlə söhbət apardıq.

Qazilərlə söhbət

Ziya Kazımov, 31 yaşlı qazi:

- 29 sentyabr Goranboy rayonunun Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə mina partlaması nəticəsində ayağımdan yaralanmışam. Yoldaşlarım məni döyüş meydanından çıxarıb tibb məntəqəsinə təxliyyə etdilər. Daha sonra, helikopterlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinikasına yerləşdirildim. Müalicəmi orada davam etdirdim. Şükürlər olsuni, bu gün hər şey yaxşıdır, protezlə təmin edildim.

Nə vaxtdan buradasınız?

- 3 gündür ki, buradayam. Protez bu gün taxılıb.

- Özünüzü necə hiss edirsiniz?

- Özümü çox rahat hiss edirəm. Buna görə də ilk növbədə, Ali Baş Komandanımıza təşəkkür edirəm. Vətənimizin keşiyində dayanmağa hazıram, ayağım artıq yerindədir.

Növbəti müsahibimiz 19 yaşlı qazi Musayev Kənandır:

- Kənan, döyüş yolunuz və yaralanmağınız haqqında məlumat verərdiniz...

- Cəbhənin Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanmışam. İlk əməliyyatım Naftalanda yerləşən tibb müəssisələrinin birində olub. Ardınca Mingəçevir Mərkəzi Xəstəxanasında iki dəfə - əlimdən və ayağımdan əməliyyat keçirdim.  

- Protezlə nə vaxt təmin olundunuz və indi özünüzü necə hiss edirsiniz?

- Üç gündür protezlə təmin edilmişəm, özümü rahat hiss edirəm.

- Müalicəniz nə qədər davam edəcək?

- İlk dəfə gələndə, burada 1 ay müddətində qalacağım deyilmişdi. Bu ayın 18-i, İnşallah, çıxıram.

44 yaşlı Bədəl Mürsəlov da gün protezlə təmin edilən qazilərimizdəndir:

- 21 sentyabrda hərbi səfərbərliklə ehtiyatda olan zabit kimi döyüşlərə çağırıldım. Sentyabrın 27-si başlayan əks-hücum əməliyyatlarına, cəbhənin Füzuli və Cəbrayıl istiqamətindən artilleriyaçı kimi qoşuldum. Qızğın döyüşlərin başlandığı ilk gündən müzəffər ordumuzun irəliləyişi  mövqelərimizi dəyişdirdi. Elə yerdəyişmə edən zaman mina partlaması nəticəsində sol ayağımı itirdim. Ardınca Füzulidə Diaqnostika Mərkəzindən başlayaraq, bir neçə fərqli tibb müəssisəsində müalicə almışam.

- Bəs protezlə nə vaxt təmin edildiniz? Rahat hərəkət edə bilirsiniz?

- Protez cəmi 1 sutkadır taxılıb. Sağ ayağımda da əməliyyatlar olduğu üçün bir qədər ehtiyatlı olmalıyam. Elə buna görə də hələlik, çəltiklə gəzirəm. Yəqin ki, yaxın günlərdə sərbəst şəkildə yeriyə biləcəyəm.  Hazırda vəziyyətim əladır. Dörd ay ayağa durmayan adam bu gün yeriyə bilir. Bu bizim hər birimiz üçün çox sevincli haldır. Proseslərdə daim dövlətin dəstəyini hiss etmişik.  Hər şeyə görə Ali Baş Komandanımıza və həkimlərimizə öz minnətdarlığımı bildirirəm.

Protezlər son texnologiyalar əsasında hazırlanır

Qazilərimizlə həmsöhbət olduqdan sonra mərkəzlə tanışlığa keçirik. Burada protezlərin hazırlanması prosesini izlədik. Ardınca Protez Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin rəhbəri Asif Məcidovla söhbət apardıq. O deyir ki, bu gün istehsalatına başlanılan protezlər funksionallıq etibarilə ən son texnologiyalar əsasında hazırlanır.

“Əsas etibarilə dizüstü və dizdənaşağı protezlər hazırlanır. Bəzi dizüstü protezlərdə elektron diz oynaqları nəzərdə tutulub. Əgər mexaniki diz oynaqları orqanın funksionallığının bərpasının 60%-ni həyata keçirə bilirdisə, artıq elektron diz oynaqları bu funksiyanı 90% bərpa edə bilir. Bu gün nümayiş etdirdiyimiz protezlər dizdən aşağıdır.

Onlar aktiv vakuum, vakuum sistemi və silikon içliklər əsasında hazırlanmışdır. İstifadə müddətləri pasiyentə bağlıdır, lakin normal halda quraşdırılmış protezlərin xarakteristikasından asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişə bilir”.

Mərkəzin hazırkı fəaliyyəti və qəbul qaydaları

Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova mərkəzlə bağlı suallarımızı cavablandlırdı. Onun sözlərinə görə, ilkin mərhələdə Sumqayıt, Şəki, Şirvan, Naftalan və Yevlax rayonlarında fəaliyyət göstərən reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərin reablitasiyasına start verilib:

“Hazırda pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalmış, əlilliyi olan şəxslər qəbul edilir. Daha sonra mərhələli şəkildə digər reabilitasiya potensialı yüksək olan şəxslərimizi də qəbul edəcəyik”.

Qurum rəsmisi bildirir ki, reabilitasiya mərkəzlərində bərpa müalicəsi almaq üçün ilkin şərt əlillik dərəcəsinin olmasıdır:

“Rəsmi əlillik statusu olduğu halda, bütün vətəndaşlarımız üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzləri açıqdır. İlkin mərhələdə vətəndaş hansı reabilitasiya mərkəzində bərpa müalicəsi almaq istəyirsə, tibbi sosial ekspert komissiyasının arayışları, əlilliyi və şəxsiyyəti təsdiq edən sənədlərlə birgə müraciət edib, növbəyə yazılır. Hər bir reabilitasiya müəssisəsində əlilliyi olan şəxslər və sağlamlığı məhdud olan uşaqlar növbəli əsaslarla qəbul edilir. Nəzərə alsaq ki, hazırda ölkəmizdə 600000-dən çox əlilliyi olan vətəndaş var. Təbii ki, onların hər biri bu xidmətlərdən yararlanmaq istəyir. Elə bu səbəbdəndir ki, qəbulda növbəlilik prinsipinə əməl olunur”.

G.Əzizova xəstəliklərin reabilitasiya müddətinin hər biri üçün fərdi olduğunu söylədi. Onu da əlavə etdi ki, reabilitasiya müddəti xəstənin xarakteristikasından, cari vəziyyətindən asılıdır. Sağlamlıq imkanları məhdud olan şəxs Reabilitasiya Mərkəzinə daxil olarkən öncə rebilitoloqların qəbulundan keçir:

“Onların xəstəliyinin xarakteristikasına uyğun olaraq kurslar təşkil edilir. Hər bir xəstəyə individual yanaşma mövcuddur. Bütün reabilitasiya mərkəzlərində bərpa müalicəsi alan, əlilliyi olan hər bir şəxsin qidalanması mərkəz tərəfindən təşkil edilir. Onların qidalanma rejimləri dövlət tərəfindən təmin edilir. Bundan başqa, pandemiya ilə əlaqədar, bütün reabilitasiya mərkəzlərində sanitar-gigiyenik qaydalara əməl olunur.

Yeri gəlmişkən,

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Cavid Əbdul-Qədirov mətbuat konfransı keçirib. Bildirib ki, bu il ərzində 4 müasir reabilitasiya və xidmət mərkəzi açılacaq.

Bundan başqa, ötən il əlilliyi olan 11 344 şəxsin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1 648 şəxsin protez-ortopedik bərpa xidməti ilə təmin olunduğunu qeyd edib: "Ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsi verilib".

C.Əbdul-Qədirov, postmüharibə dövründə də qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını vurğulayıb.