Ölkə prezidenti İlham Əliyev 3 fevral müşavirəsində sahibkarlığın inkişafına yaradılan problemlərdən danışdı. O, bildirdi ki, bəzi bölgələrdə yerli icra orqanları sahibkarlardan rüşvət tələb edir. Bəzi hallarda isə sahibkarlar vergidən yayınmağa çalışır.
Məsələni hafta.az-a şərh edən hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki,2005-ci ildən başlayaraq Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılır. Bu müddət ərzində Korrupsiya haqqında qanun qəbul edildi. Daha əvvəl Azərbaycan BMT-nin korrupsiya əleyhinə konvensiyasına qoşulmuşdu: “Avropa Şurasının korrupsiya əleyhinə konvensiyalarına qoşulduğunu bəyan etmişdi. Bir sıra beynəlxalq konvensiyalara qoşularaq onu ratifikasiya olunmuşdu. Bu müddət ərzində korrupsiya ilə mübarizə, şəffaflığın artırılması ilə bağlı 5 fəaliyyət planı hazırlanıb. Hazırda 6-cısının üzərində iş gedir. Bu fəaliyyət planları bir çox tapşırıqları özündə ehtiva edir. Eyni zamanda, bu istiqamətdə çox yaxşı qanunvericilik bazası hazırlanıb. Bundan başqa, instuttsional təsisatlar da hazırlanaraq təqdim edilib. Bir sözlə, ötən müddət ərzində korrupsiya ilə bağlı mübarizədə səmərəli addımlar atılıb”.
Əlimməməd Nuriyevin sözlərinə görə, 2016-cı ildə idarəetmənin təkmilləşdirilməsi yönündə addımlar atıldı. Ötən müddət ərzində sosial-iqtisadi sferada, icra hakimiyyəti strukturunda, eləcə də məhkəmə-hüquq sistemində aparılan islahatların mahiyyətində ölkədə şəffaflığın artırılması istiqamətində mühüm addımların atılması dayanır: “Cənab prezident tərəfindən də hər zaman məmurlara tapşırılırdı ki, məmurlar xalqın xidmətçisidir. Eyni zamanda, biznesin yerlərdə inkişafına hərtərəfli şərait yaradılmalıdır. Bundan əvvəlki çıxışlarında da prezident xüsusi olaraq vurğulamışdı ki, məmurlar sahibkarlığın inkişafına maneə yaratmamalıdır. Bir sıra hallarda yerli icra hakimiyyəti orqanları sahibkarları məcbur edirdilər ki, qanunsuz ödənişlər etsinlər. Kölgə iqtisadiyyatının aradan qaldırılması ilə əlaqədar olaraq son illərdə uğurlu nəticələr əldə olunmuşdu. Cənab prezidentin də qeyd etdiyi kimi son bir ildə vergi və gömrük sistemində 1 milyarda qədər vəsait dövlət büdcəsinə daxil edilib. Halbuki bir milyarda qədər vəsait ayrı-ayrı ciblərə gedirdi. Bir sıra hallarda malların gizlədilməsi baş verirdi. Bəyannamələr elan olunmurdu. Vergi məmurları ayrı-ayrı məmurlardan xərac alırdılar. Bu kimi problemlər aradan qaldırılmaqdadır. Şəffaflaşma prosesi geniş vüsət alıb”.