Regionların iqtisadi inkişafı büdcənin “yük”ünü azaldır

11:56 16.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atılır. Regionların inkişafı ilə bağlı ilk Dövlət Proqramının icrasına məhz 2004-cü ildən başlanılıb. İndiyədək regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ihəyacra edilib. Hazırda icrası davam edən 2019-2023-cü illər üzrə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə sayca dördüncüdür.

Qeyd edək ki, bu gün regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası göstərir ki, bölgələrdə ənənəvi sahələrin inkişafı ilə bağlı tapşırıqlara uyğun olaraq, zəruri işlər görülür. Dövlətin regionların inkişafı istiqamətində həyata keçirdiyi layihələr bölgələrin simasını tamamilə dəyişərək gözəlləşdirir. İlkin hesablamalara görə, təkcə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.

Təbii ki, regionların inkişafı ölkə iqtisadiyyatının dayanıqlığının artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması, işsizliyin minimuma endirilməsi, makroiqtisadi sabitliyin təmin olunması baxımından önəmli və vacib amildir. Bəhs olunan dövlət proqramlarının uğurla icra edilməsi bütün ölkədə müsbət reallıqlar yaradıb. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Bu isə bölgələrdə həm iqtisadi fəallığın artması, həm də insanların həyat şəraitinin yaxşılaşması üçün əsas şərtlərdən biridir. Son illərdə bölgələrdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində çoxsaylı istehsal müəssisələri, sənaye məhəllələri fəaliyyətə başlayıb. Eyni zamanda, regionlarda iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması geniş vüsət alıb. Bütün bunlar bir tərəfdən rayon və şəhərlərin gəlir imkanlarını artırır, digər tərəfdən isə vətəndaş məmnunluğunu yüksəldir. Eyni zamanda, Prezident İlham Əliyevin aldığı mühüm qərarlar əsasında aparılan islahatlar da rayon və şəhərlərin gəlir imkanlarının artmasına müsbət təsir göstərir. Bu sırada respublikamızda “kölgə iqtisadiyyatı”na qarşı ciddi mübarizə aparılması, institusional və sərt cəza tədbirlərinin köməyi ilə korrupsiya, rüşvətxorluğun əhatə dairəsinin əhəmiyyətli dərəcədə kiçildilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Korrupsiya və rüşvətxorluqla aparılan mübarizə, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verənlərin ən sərt şəkildə cəzalandırılması, bütün sahələrdə şəffaflığın təmin olunmasının ciddi formada nəzarətdə saxlanılması vəsaitlərin düzgün istiqamətə xərclənməsinə, israfçılıq hallarının aradan qaldırılmasına imkan yaradıb.

Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd isə ölkənin uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin müəyyənləşdirilməsi və islahatların konkret proqramlar əsasında reallaşdırılması üçün yeni imkanlar yaradıb. Ölkədə aparılan sistem xarakterli islahatlar, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin Ermənistanın işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahələrində yeni vəzifələr müəyyənləşdirilməsinə zəmin yaradıb. Sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda duran ən vacib vəzifələrdəndir. Bu baxımdan da şaxələndirmə və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi, yerli və xarici sərmayələrin təşviqi, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, kapital və sığorta bazarının inkişafı və digər mühüm məsələlər ön plandadır. Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi nəzərdə tutulub. Plana əsasən, 10 il ərzində sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndiriləcək. Ölkəmizdə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunacaq. Məşğulluq imkanları daha da genişlənəcək.

Məlumdur ki, ötən illərə qədər həm də rayonların böyük əksəriyyəti dövlət büdcəsindən ayrılan dotasiya hesabına xərclərini ödəyirdi və qarşıya qoyulan əsas vəzifələrdən biri şəhər və rayonların dövlət büdcəsindən maliyyələşməsinin azaldılması, tədricən dayandırılması idi. Regional inkişaf proqramlarının icrasının və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının nəticəsi olaraq ötən illərdə bu istiqamətdə mühüm irəliləyişlər baş verib. Ötən illərdə büdcədən dotasiya alan rayonların sayının xeyli azalması göstərir ki, bütün bölgələrin özünümaliyyələşdirmə prinsipləri əsasında yaşaması mümkündür. Bunun üçün sadəcə hər bir şəhər və rayon özünün potensial imkanlarından düzgün yararlanmalıdır. Son illərdə bəzi rayonların təcrübəsində bunun nə qədər real olduğunu görmək olar. Demək olar ki, vaxtilə ölkə Prezidentinin irəli sürdüyü uğurlu təşəbbüslərin öz bəhrəsini verir. Azərbaycanın qeyri-neft sektorundakı inkişafını şərtəndirən mühüm sənaye kompleksləri, fabrik və zavodların işə düşməsi ölkəmizə böyük dividendlər qazandırır. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, əhalinin rifahının yüksəlməsinə şərait yaradır. Azərbaycanda mərkəzi büdcədən vəsait almadan xərclərini yerli gəlirlər hesabına ödəyə bilən şəhər və rayonların sayı 2017-ci ildən etibarən əhəmiyyətli dərəcədə artır. Belə ki, 2016-cı ildə büdcədən dotasiya almayan rayonların sayı 7 olduğu halda 2017-ci ildə onların sayı 34-ə yüksəlib. 2021-ci ilin büdcə sənədində 42 şəhər və rayonun öz xərclərini ödəyə biləcəyi qeyd olunmuşdu. 2022-ci ildə isə ümumilikdə 52 rayon və şəhər özünü maliyyələşdirəcək. 

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov deyib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə növbəti ildə dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. “Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 mi?yon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq”.

Onun sözlərinə görə, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir. Bir məqamı da vurğulayım ki, 2022-ci ildə büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir”.

Oxunma sayı 39