“Bitcoin” kriptovalyutasının qiyməti yenidən bahalaşaraq bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə “Binance” platformasında yayımlanan göstəricilərdə qeyd olunub. Məlumata görə, kriptovalyutanın qiyməti tarixində ilk dəfə ən yüksək həddə qalxaraq 108 000 ABŞ dollarına çatıb və bu, bazarda yeni bir rekord kimi qeyd olunur.
Ekspertlər “bitcoin”in qiymətinin daha da artmaq ehtimalının yüksək olduğunu bildirir, bu da investorların marağını artırır. Proqnozlara görə, yaxın günlərdə 110 min dollar həddini keçə bilər.
Kriptovalyutanın bahalaşmasına səbəb kimi, ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir. İnvestorlar yeni seçilmiş prezident Donald Trampın gələcək administrasiyasının kriptovalyutaya daha uyğun tənzimləmə mühiti yaradacağına ümid etdikləri üçün “bitcoin” və digər kriptovalyutalar diqqət mərkəzində olub. Bir il ərzində “bitcoin” 192 faiz artıb.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü biri və ya müəlliflər qrupu tərəfindən dərc edilib.
Yeri gəlmişkən, son bir il ərzində dünyada 6 yeni kripto-milyarder peyda olub və hazırda onların sayı 28-ə çatıb. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı 79 faiz artaraq 325 nəfərə çatıb.
Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Azərbaycanda virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir. Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir.
Növbəti mərhələdə “bitcoin”nin maksimum nə qədər bahalaşa biləcəyi ilə bağlı proqnozlar müxtəlifdir və bu, bir sıra iqtisadi və texniki amillərdən asılıdır. Mütəxəssislər hesab edirlər ki, “bitcoin”in ümumi təklifi 21 milyon ilə məhdud olduğu üçün tələbin davamlı artması qiymətin kəskin yüksəlməsinə səbəb ola bilər. Məhdud təklif və artan tələblə əlaqəli olaraq bəzi ekspertlər “bitcoin”nin 1 milyon dollara qədər yüksələcəyini təxmin edir. Hər dörd ildən bir baş verən “halving” hadisəsi yeni “bitcoin” təklifini azaldır, bu da qiymət üzərində təzyiq yarada bilər. Tarixdə “halving” sonrası “bitcoin”də kəskin bahalaşmalar müşahidə olunub. Daha çox institusional investorların və iri şirkətlərin (məsələn, Tesla, MicroStrategy) “bitcoin”ə investisiya etməsi qiyməti artıra bilər. Əgər “bitcoin” kütləvi şəkildə qəbul olunarsa, qiymətin daha da yüksəlməsi mümkündür, hətta 2030-cu ilə qədər “bitcoin”in 1 milyon dolları keçə biləcəyini proqnozlaşdırır. “Bitcoin”in qiymət artımı ilə yanaşı yüksək riskləri də nəzərə almaq vacibdir. Tənzimləyici qadağalar, texnoloji problemlər və təhlükəsizlik, bazarın volatilliyi burada əsas rol oynayır.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, “bitcoin” kriptovalyutasının qiyməti ABŞ-dəki prezident seçkilərinin nəticəsindən sonra özünü göstərməyə başlayıb. Onun sözlərinə görə, kriptovalyutanın birdən-birə fantastik dəyərə minməsi əsasən dünya bazarlarında, fond birjalarında qeyri-müəyyən vəziyyətlə əlaqədardır: “Dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyən idi. Qızılın qiymətinin kəskin bahalaşması, investorların qızıla meyl etməsi, dünyanın aparıcı valyutaları arasındakı rəqabətin kəskinləşməsi fonunda əsas diqqət ABŞ seçkilərinə yönəlmişdi və kimin qalib gələcəyi diqqət mərkəzində idi. Seçkinin yekununda investorların kriptovalyutaya meyl etməsi onun bahalaşmasına səbəb oldu. Fikir versəniz, son dövrlərdə qızılın qiyməti də bahalaşmağa doğru gedir. Qızılı adətən nə vaxt bahaaşır? Dünya iqtisadiyyatında stabillik pozulanda, qeyri-müəyyən vəzəyyət ortaya çıxanda bu qiymətli metal da bahalaşır”.
Ekspert hesab edir ki, dünya bazarındakı qeyri-müəyyənlik hələ bir müddət davam edəcək: “Gələn ilin yanvarın 20-dən artıq Tramp fəaliyyətə başlayacaq. Bu adamın hansı siyasəti yürüdəcəyi tam dəqiqliklə müəyyən olunana qədər “bitcoin” də, qızıl da bazarda rekord qırmağa davam edəcək. Təxminən, dünya bazarında vəziyyət gələn ilin martın əvvəlində durulmağa başlayacaq”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, “bitcoin”in 200 min dollara qədər yüksəlməsi mümkündür: “İdarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmin edir, lakin 200 min, maksimum 250 minlik həddən sonra tələbin azalması mümkündür. Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər”.
Ekspert bildirir ki, tələbin 200 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması “bitcoin”in müəyyən bir hissəsini təmsil edən, tokenlər və ya derivativlər kimi kiçik paylar yarada bilər: “Nəzərə alaq ki, divarları nisbətən qalın olan sabun köpüyünü də ortasından basaraq xırda köpüklərə parçalamaq olur”.