Robot Sofiya Çamlıca Qülləsində radio yayımlayacaq

10:00 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Robotlar arasında insan görünüşünə ən yaxın olan Sofiya radio yayımı üçün lisenziya alıb.

Hafta.az-ın yazdığına görə, 25 oktyabr 2016-cı il tarixində Ər-Riyadda keçirilən Gələcək İnvestisiya Təşəbbüsləri tədbirində Səudiyyə Ərəbistanının vətəndaşlıq verdiyi Honq-Konqlu tədqiqatçılar tərəfindən hazırlanan Sofiya adlı robot hazırda Türkiyədədir. İnsan görünüşünə ən yaxın robot olaraq təqdim edilən Sofiya İstanbuldakı Çamlıca Teleqülləsindən radio yayımlayacaq.

İyulun 6-7-də Cenevrədə keçiriləcək radio verilişlərinə İstanbuldan qatılacaq Sofiyanın dünyada radio yayımı edən ilk robot olacağı bildirilir. Yayımdan əvvəl süni intellekt məhsulu robotu Çamlıca Qülləsində mətbuata təqdim edilib.

Çamlıca Qülləsinin baş direktoru Mustafa Önçırak, “Çamlıca Qülləsi dünyanın eyni nöqtəsindən 100 FM radio yayımının edildiyi bir yerdir. Dünyada ilk dəfə canlı radio yayımlayacaq Sofiya robotumuzu qonaq edirik. Sofiya yayım lisenziyasını Cenevrədən alıb və iyulun 6-7-də Cenevrədə 40 ölkədən canlı radio yayımı olacaq. Bu radiolardan biri də Çamlıca Qülləmizdən yayımlanan Türk radiosudur. Hər kəsi bu tarixlərdə dinləməyə dəvət edirik” deyib.