Rusiyada evlənmək 350 rubl, boşanmaq 5 min rubldur

10:33 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Maliyyə Nazirliyi hər bir həyat yoldaşı tərəfindən ödəniləcək rəsmi "boşanma haqqı"nın 5 min rubla qədər artırılmasını təklif edib. Hazırda bu ödəniş 650 rubl təşkil edir.

Hafta.az-ın yazdığına görə, yeni qaydaya əsasən, hər iki həyat yoldaşı cəmi 10 min rubl ödəməlidir. Bəs, bu artım boşanmaların sayını azalda bilərmi? Mövzu ilə bağlı ekspert rəyləri maraqlıdır:

Dövlət Dumasının deputatı Yevgeni Popov bəyan edib ki, rüsumun artırılmasının məntiqi izahı olmalıdır. Popov, "Hər hansı tənzimləmə hazırlayarkən bunun səbəbini və məqsədini yaxşı başa düşməliyik. Bu, gəlirləri artırmaqdır, yoxsa nikah institutunu qorumaq istəyirik?" deyib. O, həmçinin vurğulayıb ki, bir çox ölkələrdə boşanma haqları yüksəkdir və bu, evlilik nisbətlərinə təsir etmir. Popov bildirib ki, gənc cütlüklərin daha əsaslı qərarlar qəbul etməsi üçün başqa tədbirlər görülməlidir.

Politoloq Georgi Bovt bildirib ki, rüsum artımı ağlabatandır, lakin kifayət deyil. "50 min rubl kimi qadağanedici rüsumların əvəzinə ağlabatan artım ola bilər. Lakin bu, yalnız səthi şəkildə münasibətləri xilas edəcək. Əsas odur ki, cütlüklər niyə boşanmaq istəyirlər və problemlərə həll yolları tapsınlar". Bovt əlavə edib ki, uşaqları olan ailələrin sırf boşanma xərclərindən qaçmaq üçün bədbəxt evliliklərə dözməsi uşaqlara mənfi təsir göstərə bilər.

İqtisadçı ekspert Andrey Popov, "5 min rubl bəzi bölgələrdə ciddi yük ola bilər. Ancaq bu cür tədbirlər məişət problemlərini həll etməyəcək. Evlilik və boşanma proseslərinin daha rahat işləməsi üçün sosial dəstək proqramlarına və ailə məsləhət xidmətlərinə sərmayələr qoyulmalıdır" deyib.

Son məlumatlara görə, 2023-cü ildə Rusiyada nikah nisbətlərində cüzi artım müşahidə olunub, boşanmalarda isə ciddi dəyişiklik baş verməyib. 2023-cü ilin rəsmi məlumatlarına görə, təxminən 820 min evlilik və 610 min boşanma qeydə alınıb.