Rusiyada kadr qıtlığı kabusu: 5 milyon işçiyə ehtiyac var

10:30 08.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanı çıxılmaz vəziyyətə salan işçi çatışmazlığı probleminin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, bu gün ölkədə işçi qüvvəsi çatışmazlığının təxminən 5 milyon nəfərə çatdığı təxmin edilir. Xüsusilə də “mavi yaxa” kadr çatışmazlığının getdikcə artdığı bildirilir.

HR-Tech şirkətinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı şirkətlərin təxminən 90 faizi bu problemlə üzləşib.

İri şirkətlər ehtiyac duyduqları vəzifələrə işçi tapmaqda çətinlik çəkənlər sırasındadır.

Headhunter insan resursları şirkətinin məlumatına görə, Rusiyada işəgötürənlərin 85 faizi 2024-cü ildə işçi qüvvəsi çatışmazlığının ölkədə məşğulluq bazarının əsas probleminə çevriləcəyini proqnozlaşdırır.

Bu arada, Rusiya Prezidentliyinin investorların hüquqlarının müdafiəsindən məsul rəsmisi Boris Titov, Rusiya vətəndaşlarının mühacirlərə görə iş yerlərini itirə biləcəkləri ilə bağlı narahatlıqlarının əsassız olduğunu bildirib.

“Komsomlskaya Pravda” qəzetinin xəbərinə görə, Titov, “Ölkədə onsuz da işçi qıtlığı yaşanır. Rusların istənilən peşədə, istənilən sahədə hər cür iş imkanları var. İnsanların anti-immiqrant hissləri və qorxuları həm mənasız, həm də əsassızdır" deyib.

Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, 2023-cü ilin oktyabr ayında Rusiyada işsizlik səviyyəsi 2,9 faiz azalıb. Bu, SSRİ-nin süqutundan sonrakı Rusiya tarixində ən aşağı səviyyədir.