Sona çatmaqda olan 2024-cü il bir sıra önəmli hadisələrlə tarixə qovuşmağa hazırlaşır. Şübhəsiz ki, bu il ölkəmiz üçün ən böyük uğur Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi oldu. Onun təşkili və keçirilməsi üçün cəmi 10 ay vaxt sərf edildi ki, bu müddət zaman baxımından rekord göstərici sayıla bilər. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi.
Maraqlıdır, görəsən, bu il ölkəmiz hansı sosial-iqtisadi hadisələrlə yadda qaldı?
Nəhəng büdcə sənədi
2024-cü ilin ilk günündən Qafqazın ən böyük büdcə sənədinin icrasına başlanıldı. Belə ki, Azərbaycanın builki büdcəsi Ermənistanla müqayisədə 3,5 dəfə, hərbi büdcəsi 2,1 dəfə, sosial xərcləri 1,5 dəfə artıq idi. Azərbaycanın dövlət büdcəsi Gürcüstanın əsas maliyyə sənədindən 2,1 dəfə, hərbi büdcəsindən 7,2 dəfə yüksək idi. Bu il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilmişdi. İlin ortasında yenidən baxılma ilə dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırıldı. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırıldı. Həmçinin 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edildi.
Zəifləyən inflyasiya
Son iki ildə əhalinin gəlirlərini sürətlə “yeyən” inflyasiya bu ildən zəifləməyə başladı. Belə ki, pandemiyadan sonra dünya bazarlarında müşahidə olunan kəskin inflyasiya Azərbaycandan da yan keçməmişdi. 2024-cü ildə inflyasiya göstəriciləri ötən illərlə müqayisədə nisbətən sabitləşdi. Ümumilikdə, bu il Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Bu artım qida məhsulları üzrə 1, qeyri-qida məhsulları üzrə 1,5 faiz olaraq qeydə alınıb. Xidmətlər üzrə inflyasiya isə 3,8 faiz olub. Bu göstəricilər ölkədə makroiqtisadi sabitliyin qorunması və inflyasiyanın idarə olunan səviyyədə saxlanılması istiqamətində tədbirlərin nəticəsi kimi qiymətləndirilir.
Strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb
Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2024-cü ili artımla başa vurur. Belə ki, bu ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən qeyri-neft sektoru 6,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb. Azərbaycanın birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) cəmi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Xarici sərmayələrin ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Ənənəvi sənaye mərkəzlərimizdə, sənaye parklarımızda yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parkları yaradılır.
Böyük Qayıdış uğurla icra olunur
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər cari ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib. Bu il Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışları olub, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməlləri qoyulub.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub.
Mayın 18-də Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməllərini qoyub, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, 2040-cı ilədək Mincivan qəsəbəsində 9088 nəfər üçün 630 fərdi ev və yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Azərbaycan ilə İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Bu hidroqovşaqlar həm yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsində, həm də əkin torpaqlarının suvarılmasında xüsusi rol oynayacaq.
Bu il həmçinin “İstisu” mineral su zavodunun, 110/35 kV-luq “İstisu” yarımstansiyasının, 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) və 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışları baş tutub. Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpasını Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
10 rayonun su təminatını yaxşılaşdıracaq layihə
Bu il ölkəmizdə önəmli sosial-iqtisadi hadisələrdən biri də Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması oldu. Yeni layihə ilə120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. İcra edilən layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayanların məşğulluğu üçün şərait yaratmaqdır.
Ölkəmiz qazandığı siyasi və iqtisadi nüfuzu bir daha ortaya qoydu
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, cari il başa çatmaq üzrə olduğundan il ərzində iqtisadiyyatda əldə olunan nəticələr ümumi baxış tələb edir: “Bunun üçün ilk növbədə ötən 11 ay ərzində ölkənin iqtisadi və sosial inkişafına dair makroiqtisadi göstəricilərə nəzər salmaq hələ ki kifayətdir.
2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.1 faiz səviyyədə çoxdur. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6.4 faiz artıb. Qeyd olunan müddətdə istehlak qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1 faiz, qeyri-qida məhsulları üzrə 1.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 3.8 faiz təşkil edib. Eyni zamanda, cari il ərzində inflyasiyanın aşağı səviyyədə qalması hesab edirəm ən mühüm amildir. Düzdür, heç bir sahədə və istiqamətdə ucuzlaşma baş vermədi. Lakin qiymətlər yüksəyə qalxmadığından və istehlak bazarında vəziyyət stabil və "ağır" olaraq qaldığından, iqtisadi artım üçün müəyyən rəvac yaranmaqla, ən azından münbit şərait ortaya çıxdı.
2024-cü il, həmçinin ölkəmizdə gözlənildiyi kimi turizmin də inkişafı sarıdan əlamətdar oldu. Belə ki, ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2412.0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27.4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 37.3 faiz artaraq 106.0 min nəfər, körfəz ölkələrindən 25.3 faiz artaraq 391.9 min nəfər, MDB ölkələrindən isə 19.4 faiz artaraq 905.8 min nəfər təşkil edib.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Konfransı - COP29 Bakıda uğurla keçdiyini xüsusən qeyd etmək lazımdır. Ölkəmiz indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu bir daha ortaya qoydu. 196 ölkədən aralarında 80 prezident, vitse-prezident və baş nazir olmaqla 72 mindən çox nəfər Bakıya təşrif buyurdu”.