Sabunçuda 187 saylı uşaq bağçası qəzalı vəziyyətdədir - REPORTAJ

14:06 09.01.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün sağlam mühit, sağlam ab-hava olmalıdır. Dövlət tərəfindən onlara qayğı artır. Yeni uşaq bağçaları tikilir, köhnələri təmir edilir, yararsız binalar isə sökülərək yerində müasir tələblərə uyğun binalar inşa edilir. Bir sözlə, balalarımızın, məktəbəqədər azyaşlı uşaqların sağlam böyüməsi, təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılır.

Lakin paytaxtın qəsəbələrində elə uşaq bağçaları var ki, hələ də baxımsız qalıb, günün tələblərinə cavab verə bilməyən şəraitdə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsində fəaliyyət göstərən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 187 saylı Uşaq Bağçasıdır.

Xatırladaq ki, sözügedən bağçanın yerləşdiyi bina çox qədimdir, bəlkə də bir əsrdən artıq yaşı var. Binanın ətrafı natəmizlik içindədir.  Çöl divarları yarıya qədər nəmişlik içində olduğundan, suvaqları uçub-tökülür. Tikilən gündən qoyulmuş və üzünün rəngi qopmuş  çürük qapı və pəncərələri sınıq vəziyyətdədir. Binanın arxa tərəfində  kiçik bir həyət var ki, o da  natəmizliyin içindədir. Bir sözlə, bağça köhnə və 3 otaqlı darısqal bir binada, özü də antisanitar şəraitdə fəaliyyət göstərir.

Səhər saat, təxminən, 10-a işləyirdi. Müdiriyyət yerində yox idi. Təxminən, üç uşaq gəlmişdi, onlar da ağlaşırdı. Bağçanın işçiləri binanın qəzalı vəziyyətdə olduğunu dedilər. Onların sözlərinə görə, binanın kanalizasiya, su  və elektrik xətləri istismar müddətini çoxdan başa vurub, dəyişilməlidir: “Heç bir şərait yoxdur, otaqlar təmirsizdir, taxta döşəmələr və tavanı uçub-tökülür. Hər tərəf  nəmişlik içindədir, adam nəfəs ala bilmir, bu səbəbdən, uşaqlar  tez-tez xəstələnirlər. Şərait olmadığından əziyyət çəkirik. Keçən yay Sabunçu Rayon İcra Hakimiyyətİnin işçiləri gəlib binanın durumu ilə maraqlandılar, baxış keçirdilər. Dedilər ki, bina artıq plana salınıb, layihə işləri aparılıb, bu yaxınlarda təmir ediləcək. Hələ ki, üstündən bir il vaxt keçib, bir xəbər yoxdur”.

Mübariz Hüseynov adlı sakin Mübariz İbrahimov küçəsi, 10 saylı evdə yaşadığını və 4 yaşlı Fidan adlı qızını bağçaya gətirdiyini söylədi.  Valideynin sözlərinə görə, bina pis durumdadır, şəraiti yoxdur: “Baxın görün ayaqyolu nə gündədir,  bağçanın içi çox nəmişlikdir. Bağçanın istilik sistemi o dərəcə də ürəkaçan deyil. Baxmayaraq ki, təzə qızdırıcılar qoyulub,  otaqlar normal dərəcədə isti deyil. Elə bu səbəbdən, uşaqlarımız tez-tez xəstələnirlər. Hər tərəf natəmizlik içindədir. Həyəti-bağçası olmadığından, isti günlərdə uşaqlar çıxıb təmiz hava ala bilmir, oynamağa yerləri yoxdur. İlin bütün fəsillərində uşaqlar içəridə, qapalı şəraitdə qalır, bu da tibbi nöqteyi-nəzərdən baxdıqda, onların sağlamlıqlarına mənfi təsir göstərir”.

Valideynlər gileyləndilər ki, bağçanın dam örtüyü təmir edilmədiyindən, yağış suları otaqlara damır: “Qəzalı vəziyyətdə olan binadır, sökülüb, yerində yenisi tikilməlidir.  Mətbəxi  çox bərbad gündə, antisanitar şəraitindədir, siçovulların əlindən tərpənmək olmur. Xörək qazanları, qab-qacaqlar köhnədir, sovet dönəmindən qalmadır. Siz deyin, bu cür şəraitdə uşaqlar sağlam böyüyə bilərlərmi?

Sonra Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə üz tutub bağçanın mövcud durumu ilə bağlı onlara məlumat verdik. Sabunçu rayon KEM Uşaq və Yeniyetmələr Gigiyena bölməsinin müdiri Kamal həkim suallarımıza cavan verməkdən boyun qaçırdı. Heç soyadını da bizə demək istəməyən Kamal həkimin tək cavabı bu oldu ki, bağçanın binası qəzalı vəziyyətdədir: “Bu barədə sizə məlumat verə bilmərik. Axı, bağçadan nə tutmusan? O qədər yazmalı yer var, gedin oradan yazın, üç-dörd günə  müdir gələcək, onda gələrsən. Onsuz  sizə məlumat verə bilmərik”.

 Sabunçu RİH-dən bildirdilər ki, uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır, təmir işlərinə isə onlar baxır: “187 saylı Uşaq Bağçasının təmiri ilə bağlı bizdə məlumat yoxdur, nə vaxt təmir olunacaq, bu haqda sizə bir söz deyə bilmərik”.

 

Oxunma sayı