Satıcılar razı, müştərilər təlaşlı - gəlinlik üstündə dava edən xanımlar - FOTO-REPORTAJ

11:13 12.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı verdiyi yeni qərarın ardından 1 ildən artıq vaxt sonra ölkənin toy bazarı yenidən canlanmağa başladı. Elə bu səbəbdəndir ki, şadlıq saraylarında məclis təşkil etmək üçün boş gün demək olar ki yoxdur. Dəb-dəbəli toy adətlərimiz isə tək şadlıq sarayı və gəlin bəy paltarı ilə kifayətlənmir. Bunun aksesuarı, xonçaları və daha nələri var nələri...

Aradan xeyli müddətin keçməsi ağıllarda ucuzlaşma olacağı düşüncəsini yaratdı. Hafta.az-ın əməkdaşı bu canlanmanın qiymətlərə hansı formada təsir göstərdiyi ilə bağlı araşdırma apardı. Üz tutduq ölkənin ən böyük gəlinlik paltarı, bəy kostyumu, ziyafət geyimləri və aksessuarları həmçinin bər-bəzəkli xonçaların satışı və kirayəsi ilə məşğul olan ticarət mərkəzlərinə.

Gəlinlik paltarları

Əvvəlcə diqqətinizə çatdıraq ki, ticarət obyektində bir xeyli qələbəlik idi. Uzun zaman sonra satıcılar vəziyyətdən məmnun, alıcılar isə bir xeyli təlaşlı görünürdü.

Burada gəlinlik paltarlarının kirayə qiymətləri mağazalara, paltarın forması, materialı və təzəliyinə görə dəyişsə də ümumilikdə 100-800 manat arasında dəyişir. Hətta bəzi dükanlarda kirayə qiyməti 1000-1200 manata olan libasa da rast gəlmək mümkündür.

Uzun illərdir gəlinliklərin satışı və kirayəsi ilə məşğul olan Nigar xanım deyir ki, toyların başlaması toy edənlər qədər onları da sevindirir:

"Bir ildən çox idi ki, müştərisiz qalmışdıq. Düzdü qadağalar vaxtı da gəlinlik kirayələyən olurdu, ancaq indiki kimi yox. Məhərrəmlik ayının yaxınlaşması müştəriləri bir qədər də artırıb. Günə elə olur ki 4-5, bəzən isə 10-12 gəlinlik kirayələyirlər".

Nigar xanımın sözlərinə görə, hətta eyni libasın üstündə dava salan gəlin namizədləri də olur:
"Bəzən olur ki, qızlar eyni paltarı bəyənir. Ona görə də ötən aylarda paltara beh qoyanlar, indi bir addım qabaqdadır".

Satıcıların çoxu pandemiyadan öncəki qiymətlərlə indiki arasında fərq olmadığını söyləsələr də artımı boynuna alanlar heç də az deyil. Deyirlər ki, "Bir ildən çox işimiz getmədi, indi nə qədər ki təlabat var, biz də ziyanımızı qarşılamalıyıq ya yox?".

Burada saç üçün aksessuarlar gəlin donlarının üzərində havayı verilir, təbii ki qaytarılması şərti ilə. Satıcılar müştərilərin tac və gül-çiçəkli saç aksesuarlarını almağa maraq göstərmədiyini, əksinə kirayə olmasına üstünlük verdiklərini söylədilər. Ancaq imkanından asılı olaraq gəlinlik almaq istəyən xanımların olduğunu vurğuladılar.

Ziyafət geyimləri

Toy məclisi tək bəy gəlinin paltarı ilə də qurtarmır. Məclisdə iştirak edən xanımlar da bəzən geyimlərini burdakı dükanlardan kirayələyirlər. Ziyafət paltarlarının kirayə qiymətləri 20 manatdan 50-80 manata qədər dəyişir. Fərqlər isə gəlinliklərdə olduğu kimi paltarların modeli, təzəliyi və materialındadır. Satıcılar avqust ayının ilk həftəsinə qədər behi ödənmiş libasların olduğunu söylədilər.

Gəlin namizədlərinin toy hazırlığı ilə maraqlanıb keçid alırıq bəylərə.

Bəy kostyumları

Vəziyyət bəy kostyumlarının olduğu mağazalarda da oxşar idi. Təbii ki söhbət tələbatdan gedir. Kirayə qiymətlərinin 30-120 manat arası dəyişdiyi bəylik kostyumlarına olan təlabat yüksək, satıcılar razıdırlar. Heç müştərilər də qiymətlərdən şikayətlənmirdi.

Satış qiymətlərinə gəldikdə isə kostyumların ən ucuzunu 100-120 manatdan tapmaq olar. Ən bahası isə 300-500 manat arası dəyişir.

Xonçaların kirayəsi

Milli adət ənənələrimizin olmazsa olmazı bəzək-düzəkli xonçalara gəldikdə isə onların kirayə qiymətləri 8-10 və ölçülərinə görə 15 manat arasında dəyişir.

Dükan sahibləri sayın çox olduğu halda qiymətlərdə endirim edildiyini də bildirirlər. Gəlin güzgüsü və şamdan dəstlərinə gıldikdə isə bu 3 əşya birlikdə 120 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur.

Gəlin saç və makiyajı

Toy kimi özəl bir gündə gəlinin gözəl və qüsursuz görünməsi üçün son tamamlanma saç və makiyajdan keçir. Bu gün gözəllik salonlarında gəlin bəzədilməsi paketləri 150 manatdan başlayan qiymətlərlədir.

Bakının məşhur gözəllik salonu şəbəkələrinin birinin əməkdaşı deyir ki, "Gəlin paketi" 500-700 manata da var.

Burada qulluq və xidmətlər bir qədər çeşid etibarilə çoxdur. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indi qiymətlərdə cuzi artım var. Əvvəl minimal paketin qiyməti 120 manatdan başlayırdısa indi bu 150 manat olub.

Apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəldik ki, pandemiya toy etmək istəyənlərin təkcə vaxt və səbrlərini sınağa çəkmədi. İndi onlara yeni qiymətlərlə sözün əsl mənasında "toy tutur". Bahalaşan qiymət yendensiyası isə hələ bir xeyli davam edəcəkmiş kimi görünür.
Banu

Oxunma sayı 4354