İncəsənət təbii olaraq qavraması çətin olan dərin mənəvi aləmə səyahət etmək qabiliyyətinə malikdir. Bu, hazırda Ər-Riyadın “Nailə” qalereyasında keçirilən “Quran qarışıq” sərgisində iştirak edən 19 rəssam və xəttatın təqdim etdiyi 37 nəfəskəsən əsərdə aydın görünür. Aprelin 12-dək davam edəcək sərgidə İslam irsi ruhundan və Quran mətnlərindən ilhamlanan bədii tərtibat yer alır.
Hafta.az-ın yazdığına görə, ziyarətçilər üzlərini hara çevirsələr, sərgidə onu dayandıran, tam mənəvi doyma vəziyyəti yaradan sənət əsəri var. Bu mənəvi ab-hava mübarək Ramazan ayının mənəviyyatına uyğun olaraq Quran hekayələrindən, məscidlərin tikintisindən və ibadət edən izdihamdan ilhamlanan məzmunları ümumiləşdirən bədii şəkillərlə təmin edilir. Bunlara əlavə, maddə ilə ruh arasında dərin və inteqrasiyalı bir nizamı nəzərdə tutan 20-yə yaxın ərəb xəttatlığı belə bir atmosfer yaradır.

İncəsənət və mənəviyyatın kəsişməsini kəşf etmək üçün unikal imkan təqdim edən sərgidə Ramazan ayının mahiyyətini əks etdirən əsərlər təqdim olunur. Sərgidə ərəb dilinin gözəlliyini və dərinliyini nümayiş etdirən rəssamlar bunlardır: Nehar Merzuk, İbrahim əl-Huşan, İlaf əl-Alusi, Havlə əl-Qafili, Rəşid əl-Debbas, Reşa Siddiq, Samaya bin Zinə, Səlma Həsən, Abdullah əl-Anzi , Aliyə Hilal, Məcid əl-Yusif, Məhəmməd əs-Sakafi, Məhəmməd əl-Şayi, Maha Havkir, Nasir əl-Maymun, Nevra əl-Andes, Haya əl-Fassam, Valid əl-Late və Yusif Yəhya.
Rəssam İlaf əl-Alusi dənizin ortasında taxta tabutla üzbəüz dayanmış, arxasında nəhəng Firon piramidası olan adi qadının diqqətəlayiq rəsmini təqdim edir. Əsərin üzərinə “onu sandığa qoy və çaya at, çay onu sahilə çıxarsın” (Taha, 20/39) yazılıb.
Bu rəsmin mənasını açıqlayan Alusi deyir ki, şəkildəki qadın Musa peyğəmbərin anasıdır. Alusi izahatlarını belə davam etdirir: “Ehram Misiri simvolizə edir və əsərin daha güclü olması üçün ayə kvadrat kufi xətti ilə yazılıb. İplərə gəlincə, tabutun hissini, onun necə bağlandığını, necə açıldığınıvə sair hisləri təsvir etməyə çalışdım”.

Rəssam Məhəmməd əl-Şayi Quran sərgisində son bədii əsərindən iki rəsm təqdim edir və şəkillərini izah edərkən deyir: "İlk əsər 150×100 santımetr ölçüdədir. Burada, məscidlər və içində ibadət edən dindarlar yer alır”.
90×100 sm ölçüdə olan ikinci rəsmdə müsəlmanların Kəbənin qarşısına toplaşdıqları təsvir edilib. Şayi `bu rəsmlə bağlı deyib: "Bu, ibadət edənlərin Məkkədə Hərəmə girdikləri və zəvvarların Ramazan ayında ümrəyə başladıqları anı təmsil edir." Əl Şayi, bu ay həyatın mənəviyyatından və sükunətindən çox şey götürdüyünü, mücərrəd üslubunda ondan bədii şəkildə istifadə etdiyini bildirir.
Rəssam Nevra əl-Andes isə sərgiyə mübarək Kəbənin ortasındakı iki minarəni və altındakı uzun, sıx axan sapları göstərən bir rəsm əsəri ilə qatılır. Bununla bağlı o deyir: “Mənim yaradıcılığım həmişə müəmmalı, eyni zamanda aydındır və rəsmdəki bu tökülmüş saplar insanların günahlarını, xətalarını simvolizə edir. Kəbəni təvaf edərkən sanki günahlar yumşaq bir şəkildə axır”.
Sərgi hər gün səhər saat 10-dan axşam 4-ə və axşam 9-dan səhər 12- kimi iki vaxtda öz qapılarını tamaşaçıların üzünə açır. “Nailə” Qalereyası sənətsevərləri, kolleksiyaçıları və İslam xəttatlığının gözəlliyini və mənəviyyatını qiymətləndirən hər kəsi bu tədbirdə iştiraka dəvət edir.