Sevgililər Günü öncəsi qızıl bazarı - Reportaj

11:42 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çiçəkdən kosmetikaya, texnoloji alətlərə, pal-paltara qədər, sevdiklərini hədiyyələrlə xoşbəxt etmək istəyənlər 14 fevral sevgililər günündən öncə, qızıl dükanlarının da yolunu tuturlar. Toylar və bayramlar hər kəsdən çox qızıl satışı ilə məşğul olanların işinə yarayır.

Xüsusən də sevgililər günü səbəbi ilə 1 həftə-10 gün öncədən burada hərəkətlilik başlayır. 14 fevral tarixinin sevgililərlə yanaşı, zərgərlər üçün də böyük əhəmiyyəti var. Axı, xanımların ən çox sevdikləri hədiyyə məhz elə qızıldır. İndi nəzərə alsaq ki, 1 ilə yaxındır, ölkədə toyların keçirilməsinə qadağa var, onda bu satışlara da təsir etmək deməkdir. Hafta.az-ın əməkdaşı pandemiya şəraitində keçən 14 fevral ajiotajı ilə bağlı qızıl-zinət əşyaları satılan mağazalara üz tutdu.

Qızıl-zinət əşyalarının satışı ilə məşğul olanların toplandığı “Moskva” univermağı bir müddətdir bağlı olsa da, ətrafı belə mağazalarla doludur.

Öncə onu deyək ki, burada mövcud vəziyyətdən heç bir satıcı razılıq etmədi. Daha dükanlarda da əvvəlki kimi tünlük müşahidə olunmurdu. Satıcılar qanı qara olsalar da, gələn müştərini itirməmək üçün dəridən-qabıqdan çıxırdılar.

Qızıl-zinət əşyaları satılan mağazalardan birinə yaxınlaşdıq. Mağazanın əməkdaşı ilə həmsöhbət olduq. Cavablardan da hiss edilirdi ki, xanım uzun illərdir bu işlə məşğuldur. Satıcı deyir ki, toy yoxdur, həddindən artıq ziyandayıq.

- Satış onsuz da əvvəlki dövrlərə nisbətən çox azdır. Sadəcə, indi camaat  qiymətlərin qalxmasından qorxur. Elə müştərilərin çoxu buna görə qabaqcadan, toylar başlamamış qızıl alanlardır.

- Gömrükdə son vaxtlar qızılların ölkəyə gətirilməsi ilə bağlı sadələşmiş qaydalar tətbiq olunub. Bu qiymətin ucuzlaşması deməkdir?

- Hələ bu söhbət təzə çıxıb, artıq neçə müştəri girib endirimi soruşur. Burada bütün mallar qızılın qiyməti qalxmamışdan öncə alınanlardır. O qızılları bu gün az da olsa ucuz qiymətə satmaq mümkündür. Qiymət artımı ilə alınmış qızılı sabah endirim olsa da, ucuz satmaq mümkün deyil. Gündəlik birja ilə işləyirik.

- Satışda sovet qızılı var?

- Xırda dükanlarda indi sovet qızılı tapmaq elə də asan deyil. Sırf həmin qızılların alışı və satışı ilə məşğul olan mağazalar var. Onların da öz müştəriləri olur.

- Müştərilər ən çox hansı hansı ölkənin qızılına üstünlük verir?

- Seçimdən asılıdır. Daha çox 750 əyar olanlara üstünlük verilir.

- 750 əyar, yəni italyan qızılı?

- Bəli, adətən elə deyirlər. Qızıllar model və əyar olaraq seçimlərə ayrılır. 750 əyar, bir növ, qızılın tərkibindəki qatqının səviyyə ölçüsüdür. Bu əlavə qatqılar da ona görə vurulur ki, qızıl partlayıb, əzilməsin.  Qızılın qatqısı mütləq olmalıdır. Onun tərkibinə holladium və yaxud gümüş vurulur ki, gələcəkdə böyütdürüb, kiçiltdirmək lazım gələrsə problem yaranmasın. Bu yaxınlarda müdiriyyət Honkonq sərgisindən bir üzük gətirdi. Həmin üzük müştərinin əlinə balaca oldu deyə, xanım üzüyü böyütdürmək üçün bizə gətirdi. Üzüyü oda vuran kimi, əriyib getdi. Yəni firma həmin məhsulu sırf qızılla işləyib sərgiyə çıxarıb. Gərək elə modellərin üzərində dəyişiklik etməyəsən.

- Azərbaycan qızılı bəs necə, hazırda satışda var?

- Əlbəttə var.  Bakıda qızıl emalı zavodları mövcud idi. İndi bilmirəm, onlar fəaliyyət göstərir, ya yox. Bizim öz qızıllarımızın keyfiyyəti heç də xaricdəkindən əskik deyil. Uzun illər əvvəl bizim də işlədiyimiz  Bakı, Kiyev, Yerevan qızıl emalı zavodları var idi.  O vaxt Azərbaycan qızılları dünyada birinci yeri tuturdu. Köhnə zavod qızılları, adətən, gül, “obodok” şəklində və ovalformalı sırğalar olurdu.

Satıcı ilə sağollaşıb asta addımlarla yolumuza davam etdik. Budəfəki dayanacağımız “Gold Centre”dəki xırda dükanlar oldu.

Burada 6-7 ildir qızıl satışı ilə məşğul olan Aysel xanım bizi maraqlandıran bir neçə məqama aydınlıq gətirdi.

Deyir ki, bu illər ərzində qızılın ən az alındığı vaxt pandemiya dövründən indiyə qədərdir. Qiymətlərə gəldikdə isə burada rus qızılının əyarı 585, alışı 57 manat, satışı isə fərqlidir. Əsasən, 75 manatdan başlayan qiymətlərlə təklif edilir. Türk və rus qızıllarının qiymətləri arasında heç bir fərq yoxdur. Ərəb qızılı isə əksər hallarda 916 “prob”olur, onun alışı 85-90, satışı isə 120-130 manat arası dəyişir. İtalyan qızılının əyarı 750-dir. Qiyməti modelindən asılı olaraq 120-150 manat arası dəyişir.

- Müştərilərinizin sayı pandemiyadanöncəki dövrlə müqayisədə azalıb, ya artıb?

- Satışlar daha əvvəlki kimi deyil. Üç-dörd gün sonra 14 fevraldır, di gəl ki indi heç kimdə sevgililər günü coşqusu hiss edilmir. Ötən illərdə 14 fevral ərəfəsi müştəri əlindən bəlkə də içəri “iynə atsan yerə düşməzdi”.

- Bəs ən çox hansı əyyarda və növdə qızıllar satılır?

- İndi tələbat daha çox türk qızılınadır.

- Ucuz olduğu üçün?

- Xeyr, həm çeşidləri çoxdur, həm də bir-birindən gözəldir...  Model olaraq daha çox “pandorra”ya üstünlük verilir. Pandorranın hər çeşidi - sırğası, üzüyü, boyunbağısı alınır.

- Hazırda satışda Azərbaycan qızılı var?

- Azərbaycan qızılı olur ki? Düzünü desəm bunu bilmirdim. Bizdə bütün qızıllar xaricdən gətirilir. 

- Bəs sovet qızılı, necə?

- Xeyr yoxdur, heç soruşan da olmayıb.

- Tutaq ki, mən sizdən 200 manatlıq qızıl aldım. Daha sonra onu sizə neçəyə sata bilərəm?

- Qiymət dəyişəcək, almaqla-satmaq arasında böyük fərq var. Bu da bizdən asılı olan bir şey deyil. Özümüz də hər gün internetdən qızılın alış və satış qiymətlərinə baxırıq. Elə işimizi də buna uyğun qururuq.

Yaxınlaşdığımız digər zinət əşyalarının satışı bölməsində əməkdaşa özümüzü təqdim edib, satışların necə getdiyini soruşduq. Köksü dolu satıcı deyir ki, indi alan yoxdur.

- Əvvəl toylar var idi. Müştəri gəlib dəst qızıl və brilyant alırdı. İndi gələnlər ancaq hədiyyəlik – üzük, ya da boyunbağı alır. Qiymət də pis deyil, ancaq alan yoxdur. İnanın Allaha, pandemiyadan bu yana, dükandan cəmi 2-3 dənə zəncir satmışam. Camaatda pul yoxdur. Mağazaya gələnlər daha çox qızıllarını satanlardı.

Sonuncu həmsöhbətimiz Tural Ağayev digər satıcılar kimi, müştəri qıtlığından narazılıq etdi. O deyir ki, xırda-xuruş üzük, boyunbağı və sırğaların satışı elə də pis deyil. Müştərilər ən az rus qızılı alır, daha çox tələbat isə italyan malınadır.

Qeyd edək ki, burada da qızılın qiyməti digər dükanlardakı ilə oxşar idi. Brilyant isə fərqli qiymətlərə var. Satış, adətən, 500 manatdan başlayır. Ticarət obyektindəki brilyant qaşlı dəstlərdən 1 500 manat dəyərində olanı da var, 6 000 manata olanı da. Satıcı onu da qeyd etdi ki, 14 fevralla bağlı bütün növ zinyət əşyalarına, xüsusən də brilyanta endirimlər var. Müştərilər mövcud zinyət əşyasını həm onlayn, həm də mağazaya yaxınlaşıb əldə edə bilərlər.

 Apardığımız araşdırmadan bu nəticəyə gəldik ki, pandemiya qızılın satışını xeyli aşağı salıb. Pulda ağır, yükdə isə xəfif olan bu dəyərli zinyət əşyalarının satıcıları, indi toy etmək istəyən cütlüklər kimi, Covid-19-un bitməsini səbirsizliklə gözləyirlər.

Oxunma sayı 1287