“Sülh Şurası”na üzvlükdən imtina maraqlarımıza zidd olardı - Rəy

14:53 22.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurasına” qoşulması qərarı doğrudur”.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.

Ekspert bu qərarın doğruluğunu bir neçə səbəb üzrə əsaslandırıb:

“Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, “Sülh Şurası”na üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı. İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Üçüncüsü, Donald Tramp “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşması prosesindən kənarda qalmamalıdır. Dördüncüsü, Ermənistan Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”.

E.Şahinoğlu deyib ki, ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri dəvət edib:

“Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət “Sülh Şurasına” üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı “Sülh Şurası”na üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək. Tramp artıq dəvətlərini artıq ünvanlara göndərib. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də “Sülh Şurası”na üzv olmaq istəyirlər. Misal üçün “Sülh Şurası”na üzv olmaq istəyən Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər var. Dəvətə hələ cavab verməyən ölkələr də var. Misal üçün Tramp Hindistanı da “Sülh Şurası”nda üzvlüyə dəvət edib. Dehli dəvətə hələ cavab verməyib. Görünür, bunun səbəbi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumlarıdır. İki ölkə arasında ticarət sazişi imzalanmayıb. Əgər bu məsələ müsbət həll olunsa, Hindistanın da “Sülh Şurası”na üzvlüyü istisna deyil. Tramp bəlli səbəblərdən Rusiya və Çinə dəvət göndərməyib”.

E.Şahinoğlu bildirib ki, ABŞ Prezidenti “Sülh Şurası”nın yaradılmasını və müxtəlif ölkələrin üzvülüyə dəvət etməsini İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu ikincinin narazılığına səbəb olub.

“Misal üçün Benyamin Netanyahu Türkiyənin “Sülh Şurası”na üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının əhəmiyyətini anlayır. Tramp Türkiyəni kənarda saxlasaydı, bu iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəkdi. Türkiyənin “Sülh Şurası”nda yer alması Tel-Əvini Ankara ilə münasibətləri normallaşdırmaq zərurəti yaradır. “Sülh Şurası”na üzvlüklə bağlı ABŞ Prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumatlar artıq var. O da məlumdur ki, Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Vaşinqton bundan başqa Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. Azərbaycan Prezidenti yanvar ayının əvvəlində yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bildirdi. Buna baxmayaraq, Azərbaycanın “Sülh Şurası”nda iştirakı mümkündür. Rəsmi Bakının qərarına Tramp administrasiyasının “Sülh Şurası”nın mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını reallaşdırması təsir edə bilər”-ekspert bildirib.

Tahirə Qafarlı