“Suraxanı” gəmisi - dünyada ilk tanker-muzey - REPORTAJ

11:46 16.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar uzun müddət qapalı qalan muzeylər artıq qapılarını ziyarətçilərinin üzünə açıb. Belə mədəni istirahət məkanlarından biri də “Suraxanı” gəmi-müzeydir. Hafta.az olaraq muzeyin fəaliyyəti və burada sərgilənən eksponatlarla tanış olmaq üçün üz tutduq sözügedən məkana...

Vaxtilə Xəzərin mavi sularında üzən üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4 696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Hazırda “Suraxanı” gəmisi dünyada ilk tanker-muzey olaraq fəaliyyət göstərir. Burada müxtəlif dövrlərə aid eksponatlar sərgilənir, həmçinin ölkəmizdə gəmiçilik ənənəsinin qədimiliyini özündə əks etdirən alətlər, video çarxlar ziyarətçilərə nümayiş olunur.

Böyüklər 5, uşaqlar üçün 2 manat

Muzeyə giriş biletləri böyüklər üçün 5, uşaqlar və tələbələr üçünsə 2 manatdır. Şəhid ailələri, məkanı ödənişsiz ziyarət edə bilərlər. Muzey həftə sonları adi günlərə nisbətən daha qələbəlik olur.

Gəmi-muzeydə eksursiya zamanı bizi bələdçi Leyla Bağırova müşayət etdi.

Girişdə ziyarətçiləri kapitan və gəmi heyəti qarşılayaraq salamlayır. Daha sonra heyət üzvləri gördükləri işlə bağlı məlumat verirlər. “Salamlama” zalında cürbəcür, fərdi və kollektiv xilasedici vasitələr sərgilənir. Qoyulan hər bir eksponatın tarixi də özü qədər maraqlıdır.

Misal üçün deyək ki, buradakı dalğıc kostyumu 2-ci dünya müharibəsində istifadə olunub. Sərgilənən hər bir eksponatın qarşısına 2 dildə adını göstərən lövhəciklər qoyulub. Onların tarixi və harada istifadə olunduğu barədə məlumatlar əks olunmasa da, bələdçilər bu haqda ziyarətçilərə məlumat verirlər.

“Yanalma və lövbər əməliyyatları”

Növbəti zal isə “Yanalma və lövbər əməliyyatları” zalıdır. Burada adından da bəlli olduğu kimi, lövbərlər görmək mümkündür. Zalın tən ortasında mövcud olan boruların birində həqiqi lövbər, digərində isə animasiya ilə onun atılması görünür. Həmin otaqda dəniz düyünləri, onların bağlanma üsulları da əks olunub. Hətta ziyarət edənlər dəniz düyünü bağlamağın yollarını yoxlaya bilərlər. Zalda daha çox azyaşlıların diqqətini cəlb edən “yanalma” oyunu oynamaq üçün xüsusi avadanlıq quraşdırılıb.

Xəzərin ruhu” zalı

Muzeyin digər maraqlı otaqlarından biri olan “Xəzərin ruhu” zalı öz unikallığı ilə göz oxşayır. Burada Xəzər Dənizinin və ümumilikdə regionun milyon illər ərzindəki inkişafı, həmçinin Qobustan qaya üzərindəki rəsmlərinin maketləri öz əksini tapır.

Zalın ikinci hissəsində isə, ziyarətçilərə Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla qədim dövrərdən günümüzə qədər gəmiçilik ənənələrinin göstərildiyi videoçarx təqdim olunur.

“Gəmilər və Gəmiçilik”

“Gəmilər və Gəmiçilik” zalı da gözoxşayan tərzi ilə digərlərindən heç də geri qalmır. Zalda Azərbaycana və dünya ölkələrinə aid müxtəlif təyinatlı gəmilərin kiçik maketləri ilə tanış olmaq mümkündür. Nümayiş olunan ən möhtəşəm maket isə 5 metr uzunluğa malik "Suraxanı" gəmisinin əsrarəngiz bənzəridir. Bələdçinin sözlərinə görə, maketlərin hər birində əslində olduğu kimi ən incə detallar belə öz əksini tapmaqdadır. Maketlər ASCO şirkətinin sifarişi ilə Çində hazırlanaraq ölkəmizə gətirilib.

Bundan başqa zalda, gəminin muzey halına gətilirməsi üçün nə cür restavrasiya olunması ilə bağlı videoçarx göstərilir. Həmçinin simulyatorlar vasitəsilə gəmilərin hansı formada təmir olunduğunu da görmək mümkündür. Tərsanələrdə mövcud olan xüsusi qurğular gəmilərin təmiri zamanı istifadə olunur ki, bununla da muzeydə tanış olmaq olur.

Muzeyin “mirvarisi”

Keçid aldığımız növbəti otaq isə 5-ci yəni, "Naviqasiya və kommunikasiya" zalıdır.

Burada həm qədim, həm də müasir dövrün naviqasiya vasitələri sərgilənir. Bələdçinin, muzeyin “mirvarisi” adlandırdığı hissədə Böyük Britaniya, Hollandiya və s. ölkələrdən gətirilən qədim naviqasiya alətləri – maqnit kompas, qrafometr, bölücü pərgar yerləşdirilib. Muzeyin ən qədim – 1740-cı ilə aid olan eksponatı “Deyvis Kvadrant”ı (Davis quadrant) da məhz "Naviqasiya və kommunikasiya" zalındadır. Sözügedən alət keçmiş zamanlarda göy cisimlərinin dənizdəki hündürlüyünü müəyyən etmək məqsədilə istifadə edilib. Hazırda ondan dünyada yalnız 2 ədəd var. Onlardan biri Suraxanı gəmi muzeyində, digəri isə Böyük Britaniyadadır.

Hazırda haqqında bəhs etdiyimiz məkanın bir özəlliyi də ölkəmizin qədim tarixini özünəməxsus şəkildə əks etdirməsidir. Belə ki, müasir “Naviqasiya masasının” üzərində ulduz səması əks olunub. Bu mənzərə ilk baxışdan normal görünsə də ona, yeni doğulan “Azərbaycan”ın ulduz xəritəsi də deyə bilərik.  Hansı ki, 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü Azərbaycan səmalarında ulduzlar məhs bu formada görülüb.

Otağın tavanlarını “siqnal bayraqları” bəzəyir. Nəzərinizə çatdıraq ki, keçmiş zamanlarda gəmilər öz aralarında belə bayraqlar vasitəsilə xəbər mübadiləsi edə bilirlərmiş. Asılmış hər bayraq bir məna daşıyır.

“Yükdaşıma” zalının mərkəzində Bakı Gəmiqayırma Zavodunun tam detallı maketi öz əksini tapır. Otaqda, koneynrları və içərisindəki yükləri göstərən xüsusi divarlar da var. Həmçinin, monitorlar vasitəsilə koneynerlərin kran vasitəsilə gəmilərə necə yerləşdirildiyi göstərilir.

Dünyanın ən birinci tankeri – “Zərdüşt”

“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalının bir hissəsində ASCO şirkətinin yaranma tarixi və bu günü göstərilir. Otaqda sərgilənən sənədlər milli arxivdən götürülmədir.     Zalda eyni zamanda dünyanın ən birinci tankeri – “Zərdüşt”lə də tanış olmaq olar. Baş guşədə isə, Ümumilli lider Heydər Əliyevin gəmiçilik siyasətindən bəhs edən elektron kitab quraşdırılıb.

İndi haqqında bəhs edəcəyimiz məkanı isə bələdçi gəminin “ürəyi” deyə təqdim etdi. Maşın şöbəsində 2 ədəd baş mühərrik, 2 ədəd köməkçi mühərrik və hava balonlarını görə bilərik.

Muzeyin “Dənizçilər qalereyası” adlanan hissəsində ölkənin və dünyanın gəlmiş-keçmiş ən peşəkar dənizçilərinin rəsmləri əks olunub. Həmçinin burada gəmi heyətinin yataq, istirahət otaqları və mətbəxi dövrünə uyğun dizayn edilmiş formada təqdim olunur.

Ekskursiyanın davamı isə baş heyətin yaşadığı xüsusi bölmədə oldu. Burada kapitan və onun köməkçilərinin otaqlarını gəzə bilərsiniz.

Bundan başqa, diqqət cəlb edən bir digər məqam malakofauna, mərcanların və digər flora və fauna nümunələrinin sərgiləndiyi güşədir. Guşəyə qoyulan nümunələrin hər biri orijinal dəniz canlılarının qurudulmuş formasıdır.

Qeyd edək ki, muzey daxilində milli mətbəxin ləziz təamları hazırlanan restoran fəaliyyət göstərir. Bələdçinin sözlərinə görə, vətəndaşlar burada özəl günlərini qeyd etməyə üstünlük verirlər.

Nəzərinizə çatdıraq ki, Suraxanı gəmi-tanker muzeyi, bazar ertəsi və çərşənbə axşamı istisna olmaqla digər günlərdə ziyarətçilərinin üzünə açıqdır. Muzeydə 6 bələdçi gələn qonaqlara Azərbaycan, Rus və İngilis də daxil olmaqla fərqli dillərdə məlumatlar verirlər.

Sonda onu da deyək ki, “Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Layihənin konsepsiya və dizaynını bu sahədə 90 illik təcrübəyə malik, bir çox uğurlu layihələrə imza atan Böyük Britaniyanın “Freeman XP” şirkəti təqdim edib. Dizaynın layihələndirilməsi isə dünyaca məşhur muzey, elm mərkəzləri, müxtəlif mövzulu pavilyonların hazırlanmasında peşəkarlığı ilə seçilən Niderlandın “Hypsos” şirkətinə həvalə olunub.

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Oxunma sayı 93