Tikinti şirkətləri gözləmə mövqeyində - Aktual

16:41 19.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda tikinti materialları bazarında qiymətlər kəskin şəkildə artıb. Hətta elə məhsullar var ki, son bir ildə təxminən 50 faizə qədər bahalaşıb. Qeyd edək ki, mövcud qiymət artımı nəticəsində yeni tikililərin maya dəyəri əhəmiyyətli dərəcədə artdığından şirkətlər satış qiymətlərini yenidən nəzərdən keçirirlər. Müşahidələr göstərir ki, ötən illə müqayisədə hazırda ilkin mənzil bazarında qiymətlərin bir kvadratmetr üzrə təxminən 150-200 manat bahalaşması müşahidə edilir.

 Tikinti materialları bazarında bahalaşmaya səbəb nədir? Azərbaycan tikinti materiallarını daha çox hansı ölkələrdən idxal edir? Tikinti materialları bazarında yerli istehsalın payı nə qədərdir?

Məsələni hafta.az-a şərh edən "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da deyib ki, son bir ildə tikinti materialları bazarında əhəmiyyətli artım var: “Nəzərə alsaq ki, tikinti materialları tikintinin maya dəyərinin 45 faizini təşkil edir. Aparılmış hesabatlara görə, tikinti materiallarının qiymət artımı yeni inşa olunacaq binaların layihəsindən və tikinti ərazisindən asılı olaraq qiymətlərə 7-14 faiz səviyyəsində təsir göstərir. Hazırda xüsusən də idxal məhsullarında, məsələn, dəmir və taxtada daha çox bahalaşma müşahidə olunur. Təbii ki, bu artım bir neçə faktorlarla əlaqəlidir. Birinci, Azərbaycanda tikinti materiallarının bir qismi Rusiyadan idxal olunurdu. Rusiyada həm yerində qiymət artıb, həm də ümumi daşınma, gömrük xərcləri bahalaşıb. İkincisi, bizdə daxildə də qiymət artımı var və bu artım enerji daşıyıcılarında bahalaşma, nəqliyyatda qiymət artımı, əmək tutumunda qiymət artımı ilə bağlıdır. Yəni, bunlar hamısı son nəticədə maya dəyərinə təsir göstərir. Amma onu deyim ki, son 2 ayda qiymətlərdə müəyyən qədər geri dönmə var. Yəni, bəzi materiallar üzrə qiymətlərin “köpü” alınıb. Təbii ki, qiyməti artan tikinti materiallarının nəticəsində tikintinin maya dəyərində artım müşahidə edilir. Son 3 aydır ki, biz artıq bu artımı müşahidə edirik. Sözsüz ki, maya dəyərində artım varsa, satış qiymətlərində də artım olacaq. Bu isə satışda müəyyən problemlər yaradır. Çünki bundan əvvəl alıcılar aşağı qiymətlə almağa öyrəşmişdilər, indi qiymət artımı var və müəyyən qədər bazardan çəkilmələr var. Təbii ki, satışda problemlər varsa, tikinti şirkətləri öz növbəti layihələrinə bir qədər həvəssiz yanaşırlar. Bu mənada tikintinin həcmində azalmalar qaçılmazdır”.

Qiymət artımı bütün materiallarda özünü göstərir

Onun sözlərinə görə, ötən ilə nisbətən tikinti materialları bazarında 19,6 faiz qiymət artımı müşahidə edilir: “Qiymət artımı bütün tikinti materiallarında özünü göstərir. Yerli istehsal olan mişar daşı 9.1 faiz, sement 9 faiz, taxta materialları 27 faiz, dikt 54.8 faiz, armatur 20.8 faiz bahalaşıb. Digər məhsullarda da bahalaşma müşahidə edilir. Bundan əlavə, dəmir məmulatlarının qiyməti 34.6 faiz, dam örtüklərinin qiyməti isə 19.2 faiz artıb. Tikinti materiallarının qiymətinin artması satış qiymətlərinə 7-11 faiz aralığında təsir edəcək. Təbii ki, bahalaşma alqı-satqıların sayının azalmasına gətirib çıxaracaq. Həm istehlak məhsullarında, həm istehsal məhsullarında və digər sahələrdə qiymətlərin artması insanların xərclərini tənzimləməsinə gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, yeni tikililərdə qiymət artımı tikinti bazarındakı mövcud vəziyyətlə əlaqədardır: “Hazırda əsasən, ilkin mənzil bazarında qiymət artımı müşahidə edirik. Amma ola bilər ki, uzaq prespektivdə təkrar mənzil bazarında da qiymət artımını müşahidə edə bilək. O cümlədən biz qiymət artımını həm də qeyri-yaşayış sahələrində müşahidə edəcəyik”.

N.İbrahimov habelə vurğulayıb ki, Azərbaycan tikinti materiallarını daha çox Rusiya və Ukraynadan idxal edir: “Hər iki ölkədəki vəziyyət hamıya məlumdur. Ukraynadan artıq ümumiyyətlə, məhsul idxal etmək mümkün deyil. Bəzi materialları isə Türkiyə və İrandan idxal edirik. Məsələn, hazırda Türkiyədən idxalda artım var. Yerli istehsalla bağlı vəziyyət isə zaman-zaman dəyişir. Məsələn, yerli istehsalın bazarda payı əvvəllər 15-20 faiz təşkil edirdi, amma bu gün təxminən 50 faizə yaxınlaşır. Yəni, zamanla bu pay artmağa başlayıb”.

Yeni layihələrin sayı azalacaq

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycan tikinti materialları sahəsində hələlik idxaldan asılıdır. Onun sözlərinə görə, il yarımdan artıqdır ki, bütün tikinti materiallarının qiymətlərində artım var: “Pandemiya səngiyəndən sonra hətta iki dəfəyə qədər qiymət artımı müşahidə olunub. Lakin son zamanlardakı artımlar Rusiya-Ukrayna müharibəsi ilə əlaqəlidir. Çünki Azərbaycana tikinti materiallarının böyük hissəsi Rusiyadan və Ukraynadan gətirilirdi. Xüsusən Ukraynadan gətirilən dəmir-metal konstruksiyalarından daha çox istifadə olunur. Hazırda tikinti materiallarının idxalında ciddi problemlər var. Bu gün Rusiyada çox dərin iqtisadi böhran yaşanır. Sanksiyalara görə rublun qiyməti kəskin düşüb. Ona görə də əksər istehsal müəssisələri ya tikinti materiallarını satmamalı, ya da qiymətləri artırmalıdır ki, daha böyük inflyasiyaya məruz qalmasınlar. Bu səbəbdən ölkəmizə gətirilən tikinti materiallarının qiymətlərində artım olması qaçılmazdır. Ölkəmizdə bəzi istehsal müəssisələri xammalın böyük hissəsini xarici ölkələrdən alırlar. Bunun özü də qiymət artımına gətirib çıxarır. Son dövrlərdə kommunal xərclərin artması ilə həmin istehsal müəssisələrində qiymət artımı baş verdi”.

Ekspert deyib ki, tikinti materiallarında bahalaşma olduğuna görə əmlak bazarında da qiymət artımı müşahidə edilir: “Köhnə binalarda yox, hazırda tikilməkdə olan və fərdi həyət evlərində bahalaşmanı görə bilərik. Amma tikilməkdə olan binaların sayı barmaqla sayılacaq qədərdir. Bugünkü mövcud vəziyyətdə bina inşa etmək sahibkara sərf etmir. Çünki paytaxtda tikinti üçün yararlı torpaq sahələri yoxdur, yaxud varsa, fantastik dərəcədə bahadır. Digər tərəfdən, köhnə binaları söküb yerində yenilərinin inşasında da bir çox problemlər var. Tikinti əmsalına görə, daha çoxmərtəbəli bina tikə bilmirlər, eyni zamanda, sakinləri mənzillə təmin etməkdə problemlər var. Buna görə də tikinti şirkətləri hələ gözləmə mövqeyindədirlər”.

Onun sözlərinə görə, material gəlişində problem yaranarsa və Azərbaycan bu materialları alternativ ölkədən alarsa, qiymətlərdə bir neçə dəfə artım müşahidə oluna bilər: “Çünki alternativ ölkələr Asiya ölkələridir və oradan bura məsafə, digər xərclər hesablandıqda materialın Azərbaycana çatma qiyməti maya dəyərindən 2-3 dəfə baha başa gəlir. Bu baxımdan tikinti materiallarının bahalaşması Azərbaycanda əmlak bazarına mənfi təsir göstərəcək. Hətta bir müddət tikinti şirkətləri, fərdi həyət evlərini tikən şəxslər də gözləmə mövqeyində olacaqlar ki, bazarda stabillik yaransın”.

Rusiyadakı soydaşlarımız Azərbaycanda əmlaklarını satışa çıxarırlar

Ekspertin sözlərinə görə, Qarabağda yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın daha çox tikinti materiallarına ehtiyacı var: “Biz nəzərə almalıyıq ki, Azərbaycan 28 il düşmən işğalında olan torpaqlarını 2020-ci ildə azad edib və həmin torpaqlar Azərbaycan ərazisinn 20 faizdən artığını təşkil edir. Həmin ərazilərdə isə yaşayış, infrastruktur yenidən qurulmalıdır. Bu səbəbdən Azərbaycanın tikinti materiallarına daha çox ehtiyacı var. Çünki həmin ərazilər yenidən tikilməli, qurulmalıdır. Bu tikintilər başladıqdan sonra isə qiymət artımı tikintinin maya dəyərini artırmaqla bərabər, ölkənin büdcəsinə də mənfi təsir göstərəcək”.

E.Fərzəliyev Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda daşınmaz əmlak bazarına mənfi təsirlərindən də danışıb: “Müharibənin Azərbaycanın daşınmaz əmlak bazarına hər tərəfdən mənfi təsiri var. Bir tərəfdən, tikinti materiallarının qiyməti artır, digər tərəfdən, Rusiyada yaşayan soydaşlarımız artıq buradakı əmlaklarını satışa çıxarırlar ki, orada olan bizneslərini xilas edə bilsinlər. Eyni vaxtda 10 minlərlə əmlak satışa çıxarılır. Ona görə də müəyyən müddət üçün qiymətlərdə bir qədər azalmanı müşahidə edəcəyik. Orada iki milyona qədər soydaşımız yaşayır. Onlardan əmək qabiliyyəti olan, xüsusən də kişilərin 80-90 faizi hansısa kiçik, böyük, yaxud orta bizneslərdə çalışır. Oradakı mövcud vəziyyət Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyi kimi, soydaşlarımızın da bizneslərini çökdürür. Yəni bu hal müvəqqətidir, ola bilər 20 gün, 1 ay və s. davam etsin. Daha sonra əmlak bazarında yenidən qiymət artımını görəcəyik”.

Yerli istehsala gəlincə, mütəxəssis hesab edir ki, yaxın gələcəkdə artıq Azərbaycan özünün tikinti materiallarının istehsalına başlaya biləcək: “Təkcə istehsal etməyəcək, həmçinin digər ölkələrə də ixrac edə biləcək. Biz azad olunmuş ərazilərimizə baxsaq, görərik ki, orada 140-a qədər təbii sərvət mövcuddur - qızıl, gümüş, filiz və s. Həmin sərvətlərin mövcud olduğu mədənlərin istifadəsinə başlanılsa, artıq gələcəkdə ölkəmiz bu sahədə digər ölkələrdən asılılığın bir çoxundan qurtula biləcək”.

Oxunma sayı 119