TikTok-u öz ərazisində yasaqlayan ölkələr

11:00 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir çox ölkə Çinin “Bytedance” şirkətinə məxsus video paylaşma proqramı olan TikTok-a qarşı ehtiyatla yanaşmağa başlayıb.

Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, müstəqil idarə olunduğunu israr edən “Bytedance”, Pekin hökuməti ilə məlumatları paylaşmadığını və məlumatlarının Çində saxlanmadığını bildirir. Şirkət həmçinin digər sosial media şirkətlərindən daha çox məlumat topladığına dair tənqidləri də rədd edir. Bununla belə, “Bytedance”nin müdafiəsi bir çox ölkələrin məxfilik və kibertəhlükəsizlik problemlərini çözmək üçün kifayət etməyib. Odur ki, bəzi ölkələr öz ərazilərində TikTok-u ümumiyyətlə qadağan ediblər.

İstifadəçilərinin sayı bir milyardı keçən TikTok-u qismən və ya tamamilə qadağan edən ölkələr aşağıdakılardır:

Hindistan:

Hindistan 2020-ci ildə onlarla Çin tətbiqini, o cümlədən TikTok və mesajlaşma proqramı WeChat-ı məxfilik və təhlükəsizlik baxımından uyğun görmədiyi üçün qadağan edib. Qadağa Himalay dağlarından keçən mübahisəli sərhəddə Hindistan və Çin əsgərləri arasında baş verən toqquşmalarda 20 hind əsgərinin öldürülməsindən və onlarla insanın yaralanmasından qısa müddət sonra qoyulub.

Hindistan səlahiyyətliləri Çin sosial media şirkətlərinə məxfilik və təhlükəsizlik öhdəlikləri ilə bağlı suallara cavab vermək üçün vaxt versə də, qadağa 2021-ci ilin yanvarından qalıcı olub.

Tayvan:

Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu (FTB) keçən ilin sonunda TikTok-un Tayvanda milli təhlükəsizlik riski yaratdığına dair xəbərdarlıq edib. Bundan sonra Tayvan hökuməti TikTok-un ictimai sektorda istifadəsini yasaqlayıb. Ölkədə Çin istehsallı proqram təminatından, o cümlədən TikTok, onun Çin ekvivalenti Douyin və Çin həyat tərzi üçün məzmun tətbiqi olan Xiaohongshu kimi tətbiqlərdən mobil telefonlar, planşetlər və masaüstü kompüterlər də daxil olmaqla, dövlətə məxsus cihazlarda istifadə etməyə icazə verilmir.

ABŞ:

ABŞ-da bu həftə TikTok-a federal cihaz və sistemlərdən silinməsi üçün 30 gün vaxt verilib. Yalnız hökumət cihazlarına şamil edilən qadağa dövlət qurumları tərəfindən məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən edilib. Lakin bəzi ABŞ qanunvericiləri proqrama tam qadağa qoyulmasını istəyirlər.

ABŞ-ın 50 ştatının yarıdan çoxu tətbiqi dövlətə məxsus cihazlarda yasaqlayıb.

TikTok-u qadağan etməkdə ABŞ-ı günahlandıran Çin qadağanı dövlət səlahiyyətlərindən sui-istifadə və digər ölkələrin şirkətlərinə təzyiq göstərmək kimi qiymətləndirir.

Kanada:

Kanada, ABŞ hökumətinin verdiyi açıqlamadan sonra bəyanat məxfilik və təhlükəsizlik baxımından "qəbuledilməz" risk yaratdığını söylədiyi TikTok-un dövlət tərəfindən verilmiş cihazlarda istifadə edilməməsi lazım olduğunu açıqlayıb. Bildirilib ki, işçilərin gələcəkdə bu proqramı endirməsi də bloklanacaq.

Avropa Birliyi:

AB-nin üç ən yüksək səviyyəli orqanı - Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurası TikTok-u personal cihazlarında qadağan edib. Avropa Parlamentinin çərşənbə axşamı elan etdiyi qadağa martın 20-də qüvvəyə minəcək. Parlament qanunvericilərə və işçilərə proqramı şəxsi cihazlarından silməyi tövsiyə edib.

Pakistan:

Pakistan hökuməti TikTok-u əxlaqsız məzmun təbliğ etdiyinə görə 2020-ci ilin oktyabr ayından bəri ən azı dörd dəfə müvəqqəti olaraq qadağan edib.

Əfqanıstan:

Əfqanıstanın Taliban administrasiyası gəncləri “səhv yönləndirmədən” qorumaq üçün 2022-ci ildə TikTok və PUBG oyunlarını yasaqlayıb.

Türkiyə:

Türkiyədə tətbiqin istifadəsi ilə bağlı heç bir qadağa olmasa da, Fərdi Məlumatların Qorunması Şurası (KVKK) bu şəbəkəni uşaqların şəxsi məlumatlarına baxmaq, icazəsiz məlumat toplamaq və qanunsuzluqlara görə təxminən 1,8 milyon lirə cərimələyib.