Sentyabr ayının 27-dən bu günə cəbhədə gedən döyüşlərdə xalqımız hər zamankı kimi, dünyaya örnək olacaq bir şəkildə, ordusuna və əsgərinə öz möhtəşəm dəstəyini nümayiş etdirir. Əsgərlərimiz döyüşə toy-bayram abu havsında gedir, üstəlik də könüllü olaraq. Bu da onu göstərir ki, bizdə, uşaqdan böyüyə hər kəsdə vətənpərvərlik hissi olduqca güclüdür.
Bəs görəsən bu gün uşaqlar vətənpərvər ruhda böyüyürmü? Bunun üçün hansı tədbirlər görülür və ya görülməlidir?
Yaranmış suallara cavab tapmaq üçün hafta.az-ın əməkdaşı mütəxəssislərə üz tutdu.
Təhsil eksperti Şahlar Əsgərov söylədi ki, vətənpərvəlik hissləri orta məktəb kitablarında bizim uşaqlara aşılanır. Lakin bu, kitabların keyfiyyət dərəcəsindən, müəllifindən asılıdır.

“Kimi onu elə dildə təqdim edir ki, uşaqlar bunu məhəbbətlə oxuyur, sevir və yaddaşlarda qalır, kimisi isə yaxşı yaza bilmir ”.
Mütəxəsis onu da qeyd etdi ki, vətənpərərlik mövzusu və Qarabağla bağlı hekayələr yazmaq, teatrlar, sərgilər, ekskursiyalar təşkil etmək olar. Təbliğatın fantaziyası çox böyükdür:
“21 ci əsrin səciyyəvi cəhəti informasiya və texnologiyadır. Hansı millət dövrün səciyyəvi cəhətini tuta bilirsə və ona tərəf gedirsə, o millət hər zaman tərəqqi edir. Mən 20 il əvvəl belə bir cümlə demişəm. “İndi müharibələrin çoxu sərhədlərdə yox paytaxtlarda gedir” burada qəzetlər, televiziya nəzərdə tutulur. Hazırda müharibə sərhəddə gedir, amma, 30-il idi ki, paytaxtda gedirdi”.
Elə digər müsahibimiz Sosioloq Əhməd Qəşəmoğlunun da mövzu ilə bağlı fikirləri bənzərdir. O deyir ki, ölkəmizdə hazırda uşaqlara vətənpərvərliyin aşılanmasının müxtəlif yolları var:

“Mən təəssüflə bildirirəm ki, pandemiya ilə bağlı olaraq, məktəblər normal şəkildə fəaliyyət göstərə bilmir. Amma yenə də, burada hökmən uşaqlara vətənə sevgi aşılanmalıdır. Əvvəllər yeni nəslin formalaşmasında 4 amil mühüm rol oynayırdı. Bunlar ailə, məktəb, cəmiyyət və bədii ədəbiyyat idi. Lakin indi bədii ədəbiyyat çıxıb yerinə həyatımıza sosial şəbəkələr daxil olub. Burada isə vətənpərvərliyin təbliği çox zəifdir”.
Ə.Qəşəmoğlu dərs proqamlarında “Azərbaycan tarixi” dərsinin azaldılmasından öz narahatlığını da dilə gətirdi. O deyir ki, bir insanın əsil vətənpərvər kimi yetişməsi üçün, onun öz qədim tarixini yaxşı bilməyi vacibdir. Azərbaycan tarixi çox möhtəşəm olub. Nizami, Nəsimi, Tusi kimi böyük insanlar yetişdirib və hər bir azərbaycanlı onu yaxşı mənimsəməlidir:
“Mənim bacım Tükiyədə, Balıkesirdə litsey drektorudur. Orada bir neçə dəfə şagirdlərlə söhbət etmişəm və şahid olmuşam ki, 10 yaşlı uşaq öz tarixini çox gözəl bilir. Düşünürəm ki bizdə də, tarix dərsləri vasitəsi ilə güclü təbliğat aparıla bilər”.
Sosioloq deyir ki, şagirdlərə vətənpərvərlik hissinin aşılanması kompleks işdir. Bu tək məktəb drektorunun edə biləcəyi bir şey deyil:
“Bunun üçün mütəmadi olaraq məktəblərdə tədbirlər keçirilməlidir. Sovet dövründə bu iş indikindən fərqli idi. O vaxtı məktəbə tez-tez ölkənin görkəmli insanları, yazıçılar, şairlər, alimlər dəvət olunurdu. Gələn adamlar müəyyən nüfuza sahib olduğu üçün məktəblilərə müsbət təsir bağışlayırdı. Bundan əlavə yaxşı olardı ki, orta məktəb şagirdləri ekskursiyaya aparılsın, onlara tarix muzeylərində ölkəmizin keçmişi ilə bağlı məlumatlar verilsin”.
Təhsil eksperti Elçin Əfəndi isə düşünür ki, hal-hazırda əsas yük, Təhsil Nazirliyinin və müəllimlərin üzərinə düşür. Nazirlik vətənpərvərliklə bağlı xüsusi dərsliklər istifadəyə verə bilər ki bu yolla da, müəllimlər həm dərsdə, həm dərsdən kənar məşğələlərdə bu hissi təbliğ etsin:

“Təəssüflər olsun ki, biz dərsdə daha çox öyrənməyə üstünlük veririk, sırf vətənpərvərlik mövzusu ilə bir o qədər məşğul olmuruq. Lakin bu, həm dövlətimiz, həm də, vətəndaşlarımız üçün olduqca vacibdir. Düşünürəm ki, qarşıdakı vaxtlarda, torpaqlarımızı tam azad etdikdən sonra, daha çox vətənpərvərlik mövzusuna yer ayırmalıyıq. Eyni zamanda burada həm telekanallar həm də, digər kütləvi informasiya vasitələri çalışmalıdırlar ki, şou və digər məsələlərə nisbətən,vətənpərvərlik mövzusuna daha çox yer ayırsınlar”.
Ekspert, ekskursiyaların təşkilinin daha faydalı ola biləcəyini vurğulayır. O deyir ki, uşaqların tarix muzeylərinə aparılması, tarixi abidələrimiz haqqında məlumatların verilməsi, bu baxımdan faydalı ola bilər:
“Müvafiq abidələrin ziyarəti zamanı uşaqların təhlükəsiz şəkildə daşınması baxımdan, əsas məsuliyyət yükü yenə də məktəb rəhbərliyinin və müəllimlərin üzərinə düşür. Yaxşı olardı ki, burada bizim milli qəhrəmanlarımızın adları, onların uğurlu döyüş fəaliyyəti haqqında məlumatlar əks edilsin və şagirdlərə çatdırılsın. Daha sonra, sırf vətənpərvərlik mövzusunda müxtəlif jurnallar və qəzetlər istifadəyə verilə bilər. Hansı ki burada, şagirdlər üçün faydalı məlumatlar yer almış olsun. Düşünürəm ki bu, bizim üçün qarşıdakı vaxtlarda əlverişli imkanlar yaradar”.
Mütəxəssislərin fikirlərindən belə aydın oldu ki, daha güclü təbliğatın aparılması üçün, bir-birindən fərqli müxtəlif üsullar mövcuddur. Lakin unutmayaq ki, bu gün ölkəmizdə, torpaq üçün, bayraq üçün canını qurban verməyə hazır olan gənclər ordusu var. Biz buna səngərdə yaralansa da, döyüşə qayıtmaq üçün can atan Azərbaycan əsgərinin iradəsində vətən, torpaq sevgisində şahid olduq. Vətənpərvərlik millətimizin qanındadır, canındadır. İnanırıq ki, xalqımızda bu coşqu, bu sevgi daim alovlanacaq.
Banu