Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

22:54 09.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə dekabrın 9-da Vyanada “Austria Center Vienna” konqres mərkəzində sayca 54-cü "Beynəlxalq Festival-Bazar" təşkil olunub. Müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər hər il Milad bayramı öncəsi məhz bu tədbiri səbirsizliklə gözləyirlər.

AZƏRTAC xəbər verir ki, konqres mərkəzinin iki bölməsində keçirilən bazar milli suvenirlər və milli mətbəx olmaqla iki böyük hissəyə ayrılıb. Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ənənəyə sadiq qalaraq ölkəmizi bu tədbirdə təmsil edib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfirliyi əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörək və şirniyyatları minlərlə iştirakçıya təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də müxtəlif Azərbaycan şirkətinin məhsulları nümayiş etdirilib.

"Beynəlxalq Bazar" xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Minlərlə Vyana sakini hər il Milad bayramı ərəfəsində təşkil olunan bu bazara məmnuniyyətlə baş çəkir. "Beynəlxalq Festival-Bazar"da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir və əl işləri təqdim olunur, burada həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar. Milli folklor qruplarının iştirak etdiyi bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotereya oyununda uduşa çıxarılır.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi öz sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan “Beynəlxalq Bazar“ festivalından əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.

Oxunma sayı 113