Xalça dünyasına səyahət - REPORTAJ

12:04 30.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qədimdən türk xalqlarının üzərində oturduqları, çadırların və daxmaların divarlarını bəzəyən, həmçinin içərini isti saxlamaq məqsədilə istifadə edilən xalçalar zaman keçdikcə mədəniyyətimizin bir parçasına çevrildi. Bu gün Azərbaycan xalçaları və ölkəmizin xalçaçılıq sənəti özünəməxsusluğu ilə dünya mədəniyyətində nüfuzlu yerə sahibdir. Təsadüfi deyil ki, Şərq xalçaçılığı sənətinin qolu olan Azərbaycan xalça sənəti 2010-cu ildə UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilmişdir.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.

Xalçaçılıqdan söz açmışıqsa, bir məqamı təəssüf hissi ilə qeyd etmək istərdim, bu da günümüzdə xalçalarımızın bəzi dünya muzeylərində hələ də Qafqaz, İran və hətta erməni xalçaları kimi təqdim edilməyidir.

Müasir dövrdə Azərbaycan xalça sənətinin inkişaf etdirilməsi məqsədilə atılan addımlara nümunə olaraq, Prezident İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını göstərmək olar. Ötən il isə prezidentin sərəncamı ilə Emin Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin yeni sədri təyin edildi. Biz də Hafta.az olaraq, son bir ildə qurumun fəaliyyətində baş verən yenilikləri öyrənmək üçün üz tutduq Azərxalçanın İçərişəhərdə yerləşən sərgi və satış salonuna...

İlk olaraq nəzərinizə çatdırım ki, incəsənətin, dünənin və bugünün ilmələrlə işləndiyi məkan yerli və xarici ziyarətçiləri qəbul edir. Burada bizi, “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva müşayiət etdi. İki mərtəbədən ibarət sərgi salonunun girişində ipək xalılar toxuyan xanımlar iş başındaydı.

Söhbət zamanı X.Abdullayeva bildirdi ki, Azərxalça ASC yaradılandan bəri satış məntəqəsi yox idi. Ta ki, ötən il, hazırda gəzdiyimiz satış və nümayiş salonu fəaliyyətə başlayana qədər... İndi burada hər cür xalçalar sərgilənir. Üstəlik, qısa müddət öncə, ölkədə ilk dəfə olaraq ipək xalçalar da toxunmağa başlanıb. Hazırda Azərxalçada istənilən növ sifarişlər qəbul olunur.

Daha çox xarici turistlər xalça alır

Maraqlı işlərdən biri kimi israilli rəssam Rami Meirin əsərlərinin xalçalara köçürülməsi və satışı, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə səfirlikləri, özəl şirkətlərdən qəbul olunmuş sifarişləri göstərmək olar.

Həm yerli, həm də xarici turistlər bura gəlib xalçalarla tanış olurlar. Xatuna xanım deyir ki, daha çox xarici qonaqlar xalça almaqda maraqlıdırlar. Onlar, əsasən, kiçikölçülü, adların yazıldığı suvenir xalılara üstünlük verir. Belə suvenir xalçalarda yerli və xarici adlar həkk olunur ki, bu da ziyarətçilərin diqqətini cəlb edir.

Proseslə tanış olduqca işin nə qəliz və vaxtaparan olduğunu anlamaq elə də çətin deyil. Bəs görəsən Azərxalçada işləyən toxucular hansı meyarlar nəzərə alınaraq işə cəlb ediliblər?

Mətbuat katibi cavab olaraq qeyd etdi ki, Azərxalçanın əsas kadr potensialı regionlarda yaşayan qadın toxuculardır. Hansı ki, onların da yaşı 16-dan 77-yə qədərdir:

“Bizim müxtəlif rayonlarda emalatxanalarımız  var. Əsas kadr potensialımız da regionlarda yaşayan toxucu qadınlardır. Bizdə işləmək üçün yaş fərqi yoxdur. 16 yaşından tutmuş, 76-77 yaşa qədər toxucularımız var. Quruma yeni sədr təyin edildikdən sonra xalçaçılarımız arasında attestasiya keçirildi. Bu sayədə peşəkar toxucular işə cəlb olundu və əməkhaqqıları yaxşılaşdırıldı”.

Yeri gəlmişkən, burada klassik xalçalarla yanaşı müasir üslublu modern xalçalar da toxunur. Onlar, ənənəvi xalçalardan, öz rəngləri və işləmələri ilə bir qədər seçilirlər. Müsahibimizin sözlərinə görə, indi belə xalçalara təlabat daha yüksəkdir.

Qadın toxucularla söhbət

Məkanla tanış olduqdan  sonra,  rəngarəng ipləri sürətli şəkildə bir-birinə keçirən “əli qızıldan” olan toxucu qadınlara yaxınlaşıb söhbət etmək fürsəti də qazandıq.  

Toxucu Naibə Kərimova 14 yaşından bəri bu işlə məşğul olduğunu söyləyir:

“İndi 54 yaşındayam, 14 yaşımdan bəri isə xalça toxuyuram. Mən Hökməli kəndində doğulub, böyümüşəm. Uşaq olanda bacım evdə xalça toxuyardı, ondan öyrənmişəm. Dərs vaxtı məktəbə gedirdik, evə gələndə də xalça toxuyurduq. Sözün açığı heç məktəblə maraqlanmamışam. Dərsdə olanda da yarı canım xalçanın yanında qalırdı”.

Naibə xanım hazırda ipək saplarla işləyir. Toxucunun sözlərinə görə, ipək xalçaların toxunması çətin olduğuna görə hazırlanması bir qədər gec başa gəlir:

“Hazırda üzərində işlədiyimiz xalçanın eni 120, uzunluğu isə 171 santımetrdir. Onun hazırlanması 5-6 ay vaxt aparır. İpək xalçaların ilmə sayı da yun xalçalardan fərqlidir, ipəklərdə ilmə daha çox olur”.

Toxucu Sevinc Osmanova isə bu işə lap kiçik yaşlarından başlayıb. Loru dillə desək, gözünü açıb evdə xalça toxunduğunu görüb. Anası və özündən böyük dörd bacısı da toxucudur. Elə peşəsinə də onlar sayəsində yiyələnib.

“Beş yaşımız olanda biz artıq ilmə vurmağı bilirdik. İndiyə qədər hazır olması ən uzun çəkən işimiz 5 metrlik ipək xalça idi. Biz onu beş nəfərə təxminən 2 il 6 aya toxuyub bitirdik”.

Sənətinin incəliklərindən söz açan həmsöhbətimiz xalçaların insan həyatına təsirinə və onların auralarına inananlardandır:

“Xalça gözlədilməyi sevmir. O, eqoistdir. Buna görə də, eyni vaxtda iki xalçanı toxumağa başlamaq demək olar ki mümkünsüzdür. Xalça toxucudan sevgi gözləyir. Biz xalça toxuyan vaxt, başqa hadisədən danışırıqsa, yaxud da, başqa bir şey düşünürüksə mütləq səhv edirik. Mən xalçaların aurasına və insanlara təsirinə çox inanıram. Elə düşünürəm ki, evdə xalçası olan adamların başına pis hadisələr gəlmir. Xalça ebin ağır abhavasını götürür. Keçmiş inanışa görə, üzərində əjdaha simvolu olan xalçalar evi qoruyub. Qədim toxucular da belə xalçaları toxuyan zaman niyyətləri əjdaha simvollu xalının evi qoruyacağı olub. Onu da deyim ki, biz xalça toxuyan vaxt əhval-ruhiyyəmiz aşağıdırsa bu xalçalara da yansıyır. Ona görə də şən əhval ruhiyyə ilə ərsəyə gələn xalılar öz gözəlliyi ilə seçilirlər”.

Yeri gəlmişkən

Prezident İlham Əliyevin 28 fevral sərəncamı ilə rəsmiləşən dövlət proqramına əsasən “Azərxalça” ASC üçün həyata keçiriləsi vəzifələr belə müəyyən olunub: xalçaçılığın xammal təminatının yaradılması; xalçaçılığın infrastruktur təminatının yaxşılaşdırılması; yeni iş yerləri yaradılmasının dəstəklənməsi; xalçaçılıq sahəsində, o cümlədən yun emalı, yun və ipək ipliklərin hazırlanması, boyaq bitkilərinin emalı və boyaq maddələrinin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata keçirilməsi; regionların xalçaçılıq potensialının gücləndirilməsi; “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması, tanıdılması və inkişaf etdirilməsi; xalçaçılığın rəqabət qabiliyyətinin artırılması; xalçaçılığın ixrac potensialının artırılması; Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunması.

“Azərxalça” ASC üzərinə düşən vəzifələr sırasında xalçalarımızın ölkə daxili və xaricində satışı, təbliği, Azərbaycan xalçasının ölkə xaricində təbliğatı, onun bizim mədəniyyətimizin, milli mədəni irsimizin ayrılmaz hissəsi olmasını nümayiş etdirmək yolunda bir çox uğurlu işləri görməklə yanaşı uğurlu işlər üzərində çalışır.

İşğaldan azad olunmuş ərazilərdə xalçaçılıq sənətinin inkişaf etdirilməsi məsələsinə gəldikdə isə Azərxalçadan bildirildi ki, işğaldan azad olunmuş torpaqlar bir sözlə Qarabağ bölgəsi Azərbaycanın ən qədim xalçaçılıq ənənələrinə malik regionlarındandır. Qarabağ yenidən bərpa olunduqca, həyat geri döndükcə təbii ki, xalçaçılıq sahəsində də lazımlı bütün addımlar atılacaq. – “Biz inanırıq ki, Qarabağ xalçaları yenidən öz gözəl vətənində, Şuşada toxunacaq”, – deyə Xatuna Abdullayeva əlavə etdi.

Onu da vurğulayaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı  ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”a əsasən maddi və mədəni irsimiz – xalçaçılıq sənətinin qorunması və davamlı inkişafı bizim əsas görüləcək işlərimizdən biridir. Azərbaycan xalçalarının ölkə xaricində satışı və sərgisini təşkil etmək xalçaların tanıdılmasının ən effektiv yoludur. Hazırda “Azərxalça” ASC-nin Çin, Cənubi Koreya, Moskva kimi yerlərdə satış mərkəzləri fəaliyyət göstərir. BƏƏ, “EXPO 2020 Azərbaycan” pavilyonunda sərgi davam etdiyi müddətcə  xalçalarının satış nöqtəsi fəaliyyət göstərirdi. Bu yaxınlarda Bruney, Səudiyyə Ərəbistanı, Avstraliya kimi ölkələrə xalçaların satışı baş tutub.

 “Azərxalça” ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdirilir. Xalçaların üzərinə yerləşdirilən QR kodlara telefonun kamerasını yaxınlaşdırmaqla xalça haqqında məlumatları öyrənmək olar. Burada xalçanın adı, növü, istifadə edilən materiallar, ölçüsü, inventar, tarixi, toxunma yeri, fotoları qeyd olunub. Azərxalça”nın xalçaları haqqında reyestrdəki məlumatlar məhdudiyyətsizdir. Eyni zamanda bütün xalçaların özünün sertifikatı və sənədi olur. QR kod isə bu məlumatların istənilən yerdə əlçatan olması üçün daha əlverişli sistemdir.

Üstünlük: Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınması, bu sahədə qaçaqmalçılıq halları ilə ciddi mübarizədə “Azərxalça” nın QR kod sisteminin tətbiqi müsbət nəticə verəcəyinə inanırıq.

Oxunma sayı 1377