Yapon rejissor “Godzilla Minus One”nin dizaynından danışdı

10:33 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Godzilla Minus One” blokbasterinin rejissoru Takaşi Yamazaki, filminə adını verən yırtıcının dizayn prosesi haqqında danışıb.

Hafta.az-ın yazdığına görə, ötən il ekranlara çıxan və böyük rəğbət qazanan “Godzilla Minus One” məşhur kaidzunun (adətən izdihamlı şəhərləri hədəfə alan güclü və təhlükəli yırtıcıları təsvir edən film janrı) fərqli şərhi kimi tamaşaçıların qarşısına çıxıb.

Film müharibədən sonrakı Yaponiyada atom bombasının yaratdığı dağıntının ardıyla Qodzillanın meydana çıxmasından bəhs edir.

Qodzillanın dizaynı çox yüksək qiymətləndirilib və film gələn ay Akademiya Mükafatlarında Ən Yaxşı Vizual Effekt nominasiyası üzrə namizəd statusu qazanıb.

Yamazaki “Los Angeles Times” qəzetinə müsahibədə elmi fantastika filmindəki Qodzilla dizaynını araşdırıb və məxluqun necə həyata keçirildiyini müzakirə edib. O, yırtıcının ilk rəsmlərini və heykəltəraşlıq maketlərini çəkdiyini, daha sonra dizaynın rəssam Kosuke Taquçi tərəfindən redaktə edilərək yekunlaşdığını bildirib.

"Biz bu film üçün Qodzillanı lap çox qəzəbli və görünüşlü etmək istədik" deyən rejissor yırtıcının görünüşünün təfərrüatlarını belə izah edib: "Onun başı daha kiçikdir, ayaqları çox qalındır. Ayaqları yerə dəyəndə az qala ayaq barmaqlarının yuxarı qalxdığını görürsən".

Tamaşaçıları heyran etmək istədiklərini deyən rejissor bildirib: "Dəri teksturasına görə dinozavr mənşəli idi, lakin zədələndikdə regenerasiya baş verir və hər bir yarada gördüyünüz kimi fərqli tekstura əmələ gəlir".

Yırtıcının bir metafora olduğunu xatırladan Yamazaki əlavə edib: "Qodzillanın varlığının əsl səbəbinə qayıtmaq istədik. Məxluq nüvə silahları üçün bir metaforadır, ona görə də onun bədənində bir silahın necə işlədiyini təqlid etdik. Hər bir element birləşərək partlayış yaradacaq və o zaman mavi şüalar görünəcək”.

Yeni filmin nümayişi 1954-cü ildə Toho Studio-nun “Godzilla” filmi ilə başlayan məşhur seriyalının 70 illiyinə təsadüf edir.

ABŞ tənqidçiləri Yamazakinin layihənin nisbətən kiçik büdcəsi hesabına əldə etdiyi qeyri-adi vizual nailiyyəti yüksək qiymətləndirirlər.

Filmdə baş rolları Ryunosuke Kamiki, Minami Hamabe, Yuki Yamada, Munetaka Aoki, Hidetaka Yoşioka, Sakura Ando və Kuranosuke Sasaki canlandırıb.

Oxunma sayı 211