Yardım kampaniyasını paylaşanlara tutulan iradların PƏRDƏARXASI

16:10 28.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ta qədim zamanlardan üzü bəri Azərbaycan xalqı yardımlaşmağı, dar günündə bir-birinin yanında olmağı bacarıb. Hətta Kitabi Dədə Qorqud dastanında da bunun saysız-hesabsız örənəklərinə rast gələ bilərik. Misal üçün Qazan xanın və bəylərinin ildə bir dəfə evini kasıblar üçün açdığını, ehtiyacı olanlara yardımlar etdiyini oxuyuruq.

Bir məsəl də var, əl tutmaq Əlidən qalıb. İslamın gəlişindən sonra da bizdə yardımlaşma ənənəsi daha da genişmiqyaslı vüsət aldı. Ehtiyacı olanlara əl tutmaq tanrı qatında xoş missiyalardan hesab edildi.

Bu gün Koronavirus pandemiyası ilə əlaqdar olaraq dünya ölkələri bir-birinə yardımlar edirlər. Azərbaycan isə demək olar ki, yardımları qəbul etmədi. Əsasən öz daxili gücünə arxalandı. Daxili güc deyəndə burada iki nüansı diqqətə almaq lazımdır. Birincisi, güclü iqtisadiyyatı, ikincisi, vətəndaşların, imkanı olan şəxslərin imkansızlara yardım etmək istəyini... Ölkə prezidenti Koronavirusla Mübarizə Fonduna bir illik maşını bağışladı. Anoloji addımı ölkənin birinci vitse-prezidenti də atdı. Bunun ardınca iş adamları, imkanlı şəxslər də varını verən utanmaz – prinsipi ilə hərəkətə keçdilər.

Ardınca sosial yardım edənlər, bu yardımdan bəhrələnənlər görülən işləri sosial şəbəkələrə, televiziya məkanlarına daşıdılar. Bir çoxları bunu qınadı, bir qism insanlar isə təqdir etdi. Ümumiyyətlə, yardım anlayışında edilən yardımları paylaşmaq olarmı?

Azərbaycan cəmiyyəti, ziyalılar məsələyə iki aspektdən baxırlar. Bir qismi deyir ki, yardım edənlər yardımlarını paylaşmalıdır ki, başqaları da bundan həvəsə gəlsin. Yəni, yardımlaşmanın reklam edilməsi sırf maarifləndirici xarakter daşıyır. Əlqərəz, bir qism insan isə bunun əksini düşünür. Deyirlər ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Hətta bunun yardım alanların şəxsiyyəti görünməməlidir, utana, çəkinə bilərlər – kimi yorumlayanlar da var.

Keçmiş millət vəkili Sona Əliyeva deyir ki, yardımlaşmanın və yardım edənin gördüyü işləri sosial şəbəkələrdə paylaşmasında heç bir qəbahət yoxdur.

Çünki burada ilk növbədə məqsəd yardımsevərliyin və ehtiyacı olanlara dəstəkdir. Eyni zamanda, yardımsevərlik anlayışı göz önünə gəlir.

Əməkdar müəllim İshaq Məmmədqasımov isə hesab edir ki, yardım edən özünüreklamdan qaçmalıdır.

Yəni, imkansızlara əl tutanlar gözə görünməməlidirlər.

Jurnalist Əzizə Zeynal isə düşünür ki, yardım edilən şəxslərin kimliyi bilinməməklə yardım edənin özünü göstərməsi normaldır.

Çünki yatmışları oyatmaq üçün bunun olması mütləqdir. Amma ailənin şəklini mətbuat yaxud sosial şəbəkədə paylaşmaq qəbuledilməzdir. Çünki sonradan biri qonşusundan, biri müəllimindən, sinif yoldaşından yaxud da dostundan utanacaq. Həmkarımız belə düşünür.

Amma və lakin... Hər bir işdə bir əmma olduğu kimi bu işin də “əmmamasi” olmamış deyil. Ölkədə bəzi siyasi qruplar məsələni siyasiləşdirməyə cəhd edir. Cəmiyyətin “beşinci kalon” adlandırdığı şəxslər düşünür ki, yardım edənlər özünü reklam etməməlidirlər. Yox-yox, tək düşüncələri bu deyil. Onlar bir az da irəli gedərək düşünürlər ki, ümumiyyətlə, koronavirus dönəmində iş adamları, imkanlı şəxslər, siyasi xadimlər, ictimai fəallar yardımdan çəkinməlidirlər. Niyə? Niyəsini özləri və tanrıları daha yaxşı bilər. Amma burada əsas məsələ deyəsən dövləti və hökuməti ciddi karantin dövrünün çətinlikləri ilə üz-üzə qoymaqdır.

Əlqərəz, tutaq ki, sizin dediyiniz kimi oldu, imkanlı şəxslər yardımı dayandırdılar. Amma bu da çıxış yolu deyil axı, çünki bizim xalq adət-ənənəyə, gələnəyə sadiq və bağlıdır. Çörəyi olan çörəyindən, yeməyi olan yeməyindən verəcək. Çünki əsrlərin sınağından çıxmış bir ənənələr kompleksimiz var. Kəndlərdə isə başqa cürdür, kartofu olan, keşniş əkənə kartofundan verib keşniş alır. Soğan əkən soğan verib ət alıb həmişə... Əyalətlərdən fərqli olaraq yardım bağlamaları ilə qapılar döyülüb. Düşünürəm ki, yardımları dayandırmağa çağırış etməyin özü anormallıqdır. Milli heysiyyatdan uzaqlaşmaqdır. Əl çəkməkdənsə, əl uzaqtmaq, çətin gündə elə-günə arxa-dayaq olmaq ən ümdə insanlıq vəzifələrindəndir. Ümumiyyətlə, yardımsevərliyin və yardımlaşmanın siyasiləşdirilməsinin əleyhinəyəm.