Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dan kənarda istehsal olunan filmlərə verilən Beynəlxalq Emmi Mükafatları Nyu Yorkda öz qaliblərini tapıb.
Hafta.az-ın yazdığına görə, Nyu York Hilton Midtown otelində keçirilən mərasimdə 20 ölkədən 56 məhsul 14 kateqoriyada təmsil olunub.
Mərasimdə “Ən yaxşı telenovella” nominasiyasında mükafatı "Ay Yapım"ın “Yarğı” serialı qazanıb.
Mərasimdə serialın prodüseri Kərəm Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Səma Ergenekon və baş rol ifaçıları Pınar Dəniz və Kaan Urgancıoğlu iştirak edib.
Kanadanın "Buffy Saint-Marie" sənədli filmi "İncəsənət proqramlaşdırması" üzrə Beynəlxalq Emmi Mükafatına layiq görülüb. Müğənninin 60 ildən çox davam edən karyerasını araşdıran sənədli filmin rejissoru kanadalı rejissor Medison Tomasdır.
Mükafatlandırma mərasimində Dipak Çopra Beynəlxalq Emmi Rejissorluq Mükafatını "Balaji Telefilms" şirkətinin həmtəsisçisi Ektaa R.Kapura təqdim edib.
Məşhur serialın baş rol ifaçısı Pınar Dəniz gecəyə damğasını vurub. O, klassik qara qayışlı paltarı və metal tutacaqlı qara çantası ilə diqqət çəkib. Film qətl cinayət işini açmaq üçün birlikdə işləməli olan prokuror və vəkilin hekayəsindən bəhs edir. Dürüstlüyü ilə tanınan, peşənin ən yaxşılarından olan prokuror İlqazın və inandığı həqiqətin hüdudlarını aşan şən vəkil Ceylinin yollarını dəhşətli bir qətl hadisəsi kəsir. Qatilin arxasınca gedən İlqaz və Ceylin bu prosesdə birlikdə hərəkət etməli olurlar. Proses onların həyatlarında dönməz fasilə yaşadır.