Yeni Yasamalda alimlər yaşayan binanın ətrafı antisanitariya mənbəyidir - REPORTAJ

19:36 13.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın mərkəzi rayonlarından biri olan Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Kənar Dairəvi küçəsi, 11 saylı binanın ( buraya müəllimlər binası da deyilir) bir qrup sakini “Həftə içi”nə müraciət edərək, yaşadıqları binanın ətrafının natəmizlik içində olduğunu bildirib. Binanın arxa tərəfində böyük bir ərazi isə zibilxanaya çevrilib.

“Həftə içi”nin əməkdaşı olaraq həmin ünvana üz tutduq. Həqiqətən də təzə salınmış istirahət parkı ilə 11 saylı yaşayış binasının arasında böyük bir ərazi antisanitariya mənbəyidir. Məişət tullantıları həmin əraziyə atılır.

Ramiz adlı sakin şikayətləndi ki, məişət tullantıları aylarla yığılıb-qalıb: “Güclü külək olduqda bütün zibilləri hara gəldi səpələyir. İsti havalarda havada yaranan xoşagəlməz qoxu səbəbindən ərazidən keçmək olmur. Yaşadığımız bina ilə parkın arasındakı yol bərbad vəziyyətdədir. Yolboyu hər tərəf məişət tullantıları içərisindədir. Yağışlı günlərdə məktəblilər və sakinlər bu yolla gedib-gəlməkdə çətinlik çəkirlər. Park bir neçə il olar ki, salınıb. Sakinlərin istirahəti üçün hər cür şərait var, idman qurğularından tutmuş uşaq oyuncaqlarına, attraksionlara kimi quraşdırılıb. Koronavirusla bağlı  profilaktik tədbirlərin görülməsi üçün xəbərdarlıq edilir. Hətta dövlət bununla bağlı vəsait də ayırıb. Təəssüflər olsun ki, istirahət parkının ətrafında biz bu tədbirləri görmürük”.

Sakinlər bildirdilər ki, koronavirusla bağlı  məktəblər, təhsil müəssisələri bağlanılıb: “Amma koronavirusu tədris müəssisələrində yox, bizim yaşadığımız binanın həyətində böyük bir ərazini əhatə edən zibilxanada axtarmaq lazımdır”.

Sakinlər bu problemin tezliklə həllini istəyirlər.