Yenidən boy atan Tuqay meşələri -FOTO-REPORTAJ

10:29 01.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun ucqar cənub bölgəsindəyəm - Kür çayına paralel uzanan, yerli camaatın axmaz adlandırdığı köhnə Kür yataqlarının yayıldığı Qaroğlan kəndində. Günçıxan tərəfdə tikanlı kolların yayıldığı şoran düzlərə açılan kənd cənubdn və qərbdə göz oxşayan meşələrə söykənib. Abad - Qaroğlan yolunun kəsişməsindən başlayaraq üzügüneyə uzanan bu meşələr, qeyd etdiyim kimi, “axmaz”ların yayıldığı münbit torpaqlara ilboyu həyat verməkdədir.

Bu yerdə qeyd edim ki, “axmaz”larda yığılmış şirin su onillərdir yerli camaatın harayına çatır - ətraf sahələrin əkin-biçinini su ilə təmin edir.

Meşələrə gəlincə, Sovet dönəmində divan tutularaq, məhv edilmiş həmin yaşıllıqların adda-budda qalıqlarına əvvəllər də rast gəlmək olardı. Amma bunu təbiətə sayğıdan deyil, kolxoz mal-qarasının yayın qızmar istisindən qorumaq üçün kölgəlik məqsədilə saxlamışdılar. Amma indi vəziyyət başqadır - hökumət ölkənin hər yerində olduğu kimi, Tuqay meşələrinin də bərpası məqsədilə böyük vəsait tələb edən proqramlar həyata keçirməkdədir. Dövlət proqramı çərçivəsində 2000-ci ildən başlayaraq ərazinin yaşıllaşdırılması prosesinə start verilib. Bölgədə təbii şəkildə yayılan qaraağac, qovaq, söyüd, eləcə də yulğun kolları məqsədli şəkildə qorunduğundan yaşıllıqların ərazisi durmadan genişlənməkdədir… 

Boz çöllərin “ağ ciyəri”

Meşələr sadəcə şoran çölləri öz yaşıl libasına bürümür, həm onlarla növ vəhşi heyvana, quşlara öz qoynunda sığınacaq verir, həm əkin sahələrini vaxtaşırı əsən güclü küləkdən qoruyur, həm də yaxın ərazilərdə əkilən tarlalarda məhsuldarlığın artmasına şərait yaradır. Çünki hava axınlarına heç bir maneənin olmadığı bu ərazidə meşə zolaqları külək və su eroziyalarının qarşısının alınmasında böyük rol oynayır. Eyni zamanda, meşə zolaqları olan ərazilərdə əkin sahələri meşəsiz bölgələrdə əkilən tarlalarla müqayisədə 2-3 dəfə az suvarılır. Ona görə ki, meşələr torpaqda rütubətlilik əmsalını yüksəldir. Bu da öz növbəsində şirin su itkisinin, həm də torpağa çökməklə qruntun səviyyəsini yüksəldib, şoranlaşmanı sürətləndirmənin qarşısını alır. Yəni hamısı bir-biri ilə zəncirvari bağlı olan bu ekoloji proseslərin müsbət istiqamətdə inkişafı üçün meşələr əvəzsiz rol oynayır.

Məlumat üçün deyim ki, Qaroğlan – Abad yol qovuşağından üzügüneyə baxanda ilk görünən başı göylərə ucalan şam meşələri əraziyə ilk dəfə gələnləri heyrətə salır. Qollu-budaqlı Eldar şamının, küknar, digər iynəyarpaqlı ağacların çətirləri ilə sanki əl-ələ verdiyi bu meşəni ayaq tərəfdə xan çinar ağaclarından ibarət yeni meşə massivi davam etdirir. Bir az da güneyə - Pirəzə kəndinə sarı getdikdə on minlərlə ağacdan ibarət akasiya və iydə meşələri göz oxşayır. Əlbəttə, bütün bu meşələr 2000-ci ildən başlayaraq Ekalogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınıb.

“Yeni meşə massivlərinin salınmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqramına əsasən Ağdaşın Kür sahillərində yaşıllaşdırma işləri davam etdirilir. Həm də bu ərazidə əkilən ağacların növləri yerli torpaq və hava şəraitinə uyğun seçilib”,- deyir ərazidə rastlaşdığım meşəbəyi Qurban Qiyasov. Onun sözlərinə görə, şam meşələrindən tutmuş çinar, iydə, akasiya meşələrinədək hər yer son 20 il ərzində hissə-hissə dövlət proqramı çərçivəsində əkilib. Ən son meşə sahəsi isə “axmaz”ların qoynunda – Pirəzə kəndinin yaxınlığında 2018-ci ilin oktyabrında salınıb.

Maraqlandım, Qurbanla birlikdə həmin əraziyə yollandım.

Meşə sakini turaclar

…Bu yerlərdə üzü cənuba uzanaraq meşəni ikiyə bölən, çalın-çarpaz çox sayda hündür torpaq tirlər mövcuddur. Yerli ağsaqqalların sözlərinə görə, həmin torpaq tirlər Kürün amansız daşqınlarından qorunmaq üçün ötən əsrin ortalarında tikilib. Elə Ağdaşdan rayonun ən cənub nöqtəsinə - Qaxay kəndinə, oradan da Zərdaba çəkilən yüksəkkeyfiyyətli şosse yolu da məhz həmin tirlərdən birinin üzərində uzanır.

Yol xeyli hündürdə olduğundan ətraf ərazini daha geniş miqyasda görmək mümkündür. Əsas yoldan saga burulan tirlərdən birinin üstündə salınmlış torpaq yolla xeyli irəlilədik. Yaz yenicə gəlməyə başladığı üçün yolun sağını-solunu əhatə edən iydə və akasiya ağacları indi-indi oyanmağa başlayıb. Ağacların altında isə yamyaşıl ot az qala dizə qalxır. Yerə tökülən quru budaqların arasından boylanan otların, böyürtkən kollarının arasında çox sayda turac qaqqıldaşaraq həyəcanla koldan-kola hoppanaraq iz azdırırdılar. Hələ “axmaz”ların lal sularında dəstələrlə üzən ördək, qarabattaq, qaşqaldaqları demirəm. Qurban dedi ki, buradakı sularda bahalı xəzi ilə məşhur olan qunduzlar, eyni zamanda pars, porsuq, tülkü, çaqqal və sair yaşayır. Hətta iydə meşələrində canavarlar da məskən salıblar.

Nazirin əkdiyi ağaclar

Beləcə, söhbət edə-edə gəlib çatdıq iki il öncə salınmış yeni meşə sahəsinə. Məlumat aldım ki, 2018-ci ilin oktyabrında bu meşə sahəsinin salınmasında Ekalogiya və Təbii Sərvətlər naziri Muxtar Babayev şəxsən iştirak edib və hətta yerə bir neçə ağac tingi də basdırıb. Aradan ilyarım ötməsinə baxmayaraq tinglər humuslu torpağa sürətlə kök ataraq adamboyu qalxmışdı. Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağdaş Meşəbəyliyinin ərazisi olan bu yer 24-cü kvartalın 6A sahəsinə aiddir. Ərazisi ümumilikdə 20 hektardır. Burada bir çox ağac növünü görmək olar. Girişdə quraşdırılmış iri lövhənin üzərində yeni salınan meşə haqda məlumatlara göz gəzdirdim. Sən demə bu 20 hektarlıq ərazi plan üzrə yeddi yerə bölünərək fərqli ağaclardan ibarət yaşıllıq salınıb. Məsələn, 2,5 hektara ümumilikdə 2,5 min ədəd şam, sərv və tuya, 2,5 hektara sadəcə 2,5 min ədəd tuya, 1 hektara min ədəd akasiya, 2,5 hektara 1,9 min ədəd tut, 3,5 hektar əraziyə 2,3 min şərq çinarı, 2 hektara 4 min ədəd palıd və 6 hektar əraziyə 3 min ədəd nar tingi əkilib.  

Hə, bu yerdə qeyd edim ki, ərazinin kənarında ayrılmış əlavə sahədə çox sayda şaftalı, ərik ağacları əkilib. İki yaşları olmasına rəğmən, ağaclar budaqlarını bürümüş çəhrayı çiçəkləri ilə adamı heyran edirlər. Meşəbəyi deyir ki, bu meyvə ağaclarını xoş məram üçün əkiblər. Əkiblər ki, meşəyə gələn qonaqlar meyvəsindən yeyib, ağacları ərsəyə gətirənlərə dua axusunlar. 

Ərsəyə gətirənlərdən söz düşmüşkən, quraq iqlimə malik bu bölgədə tinglər asanlıqla yetişmir, onları vaxtlı-vaxtında suvarmaq lazımdır. Odur ki, meşənin qərb tərəfindəki “axmaz”dan bura çəkilən kiçik suvarma arxına 800 metr məsafədən su vurulur. Əlbəttə, suvarma nəticəsində ilyarım əvvəl əkilmiş ağaclar hazırda iki metrədək boy atıb…

Bu arada, yeni meşə massivindəki şam ağaclarından ibarət cərgələrin arasında qurşağa qalxan yüzlərlə Eldar şamı fidanı məndə maraq oyatdı. Onları niyə cərgələrin arasına əkdiklərini soruşdum. Qurban Qiyasov dedi ki, meşə massivləri tək burada salınmır, harada ehtiyac varsa və tələbat olarsa, bu fidanları əkilməsi üçün ora göndərəcəklər.

Ağsaqqalın dediklərindən

Həmsöhbət olduğum Qaroğlan kənd ağsaqqallarından Vaqif Məmmədov maraqlı məqamlardan söz açır. Deyir ki, bu yerlərdə ötən əsrin ilk yarısında, daha konkret desək, 70-ci illərədək çox böyük meşələr olub. Hazırda qonağı olduğum Qaroğlan kəndinin evləri də torpaq tirlərdən qərbdə - indiki meşə salınmış bölgədəymiş. Amma təxminən 80 il əvvəl Kür çayı daşaraq kəndi yuyub və camaat planlı şəkildə indiki yerə köçürülüb. Selin daha geniş əraziləri basmaması üçün isə meşəlik ərazidə çalın-çarpaz, saga-sola uzanan torpaq tirlər tikilib. Əlbəttə, sonradan Mingəçevir su anbarı tikilib və ümumiyyətlə, sel təhlükəsi aradan qalxıb.

V.Məmmədov deyir ki, sel sularından xilas olsalar da, o vaxtkı Sovet hakimiyyəti sistemli şəkildə meşələri məhv etməyə başladı. “Bilirdilər ki, meşə torpaqları keyfiyyətlidir, “axmaz”larda cəmlənmiş böyük su ehtiyyatı isə suvarma üçün yetərlidir. Ona görə də neçə yüz il yaşı olan o cür ağacları köklərindən çıxarıb atdılar. Su yataqlarının kənarında adda-budda ağaclar saxladılar, onu da niyə, axı ferma malları yayda kölgələnməliydilər. Qədimdən günümüzədək buraların quraq, şoran düzlərinə həyat verən həmin meşələrin yerində pambıq plantasiyaları saldılar. Moskvaya gəlir götürmək lazım idi, nə veclərinə idi Azərbaycanın təbiəti məhv oldu, ya olmadı”, - deyir V.Məmmədov.