Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Zəfər Gününə həsr edilmiş “44 günün Zəfəri” adlı tədbir keçirilib.
Mərkəzdən hafta.az-a bildirilib ki, tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Vətən müharibəsində qazanılmış tarixi Qələbədən danışılıb.
Mərkəzin direktoru Zərifə Məlikova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb. O, Vətən müharibəsində qazandığımız böyük Qələbənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Zəfərimiz bizim mərd və qəhrəman xalq olduğumuzu dünyaya göstərdi.
Bildirib ki, Azərbaycanın otuz ilə yaxın davam edən düşmən işğalına son qoymaq və torpaqlarımızı azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsindəki qələbəsindən iki il ötür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu qələbəni bizə bəxş edən qəhrəmanların xatirəsinin yaşadılması, qorunması hər kəsin vətəndaşlıq borcudur. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları şanlı qələbəmiz uğrunda canlarını fəda edən şəhidlərimizdən Fərid Əsgərov və Hətəmxan Quliyev kimi qəhrəman oğulların xatirə əşyalarını bərpa edərək ikinci həyat bəxş etməklə, bu şərəfli borcun öhdəsindən uğurla gəliblər.
Tədbir şəhidlər Fərid Əsgərov və Hətəmxan Quliyev haqqında videoçarxlar nümayiş etdirilib. Şəhidlərin ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər.
Qazi Ceyhun Ağayev haqqında videoçarx izlənildikdən sonra, qazi müharibə günlərində keçdikləri yollardan, şəhid yoldaşlarından və müharibədən sonra qəhrəmanların tanıdılması, yaşadılması ilə bağlı aparılan işlərdən bəhs edib.
Tədbir şəhid Hətəmxan Quliyevin Mərkəzimizdə bərpa olunmuş skripkasının bərpaya daxil olarkən, bərpa zamanı fotoşəkilləri və proseslərin əks olunduğu videoçarxın təqdimatı ilə davam edib. Sonra skripkanı bərpa edən bərpaçı-rəssamlar Gündüz Məmmədov, Natiq Baxışov, Xədicə Yambulatova skripkanı şəhidin xanımına təqdim ediblər.
Azərbaycan əsgərlərinin cəbhə bölgəsində əyləncəli anlarını əks etdirən videoçarxın nümayişi ilə davam edən tədbir, Şuşa şəhərində keçirilmiş “Vətəndən pay olmayır” festivalından fraqmentlərlə sona çatıb.