“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə toplantısı vətəndaşların sağlamlığının qorunması, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi və aradan qaldırılması məqsədilə dövlətlər tərəfindən həyata keçirilən tədbirlər ətrafında konstruktiv fikir mübadiləsi ilə yadda qaldı. Videokonfrans zamanı Türk Şurasına üzv dövlətlərin rəhbərləri və Ümumdünya Səhiyyə Təşkilatının sədri belə çətin dövrdə Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımları alqışladıqlarını, pandemiya ilə mübarizədə dövlətimizin qabaqlayıcı tədbirlər həyata keçirərək çoxlarına nümunə olduğunu diqqətə çatdırdılar”. Bu fikirləri hafta.az-a millət vəkili Aydın Hüseynov bildirib.
Millət vəkili həmçinin deyib ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü indiki çətin şəraitdə milli səviyyədə təcrübəni bölüşmək, ölkələr tərəfindən bir-birinə dəstək göstərmək baxımından çox mühüm əhəmiyyət daşıyır: “Əminəm ki, dövlətimizin dəstəyi, xalqımızın birliyi ilə koronavirus pandemiyasının da öhdəsindən gələcəyik. Bu gün Azərbaycan hökumətinin həyat keçirdiyi düşünülmüş siyasət və qətiyyətli tədbirlər nəticəsində bu bəladan az itki və zərərlə xilas olacağıq”.
A.Hüseynov onu da qeyd edib ki, koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa və dialoqa daha çox ehtiyac duyulduğu bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi özünü bir daha təsdiqləyib: “Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı və ticarət dövriyyəsi üçün etibarlı nəqliyyat sisteminin olması çox vacibdir. Azərbaycanın zaman-zaman irəli sürdüyü təşəbbüslər nəticəsində pandemiya şəraitində belə türkdilli ölkələrin nəqliyyat daşımalarında heç bir problem yaşanmayıb. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi olaraq əlavə həcmdə yüklərin daşınması üçün lazımi tədbirlər görüb. Pandemiyanın mənfi təsirinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan vasitəsilə türkdilli ölkələrdən daşınan yüklərin həcmində ötən illə müqayisədə 40 min ton artım müşahidə olunub. Regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkəmiz dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir”.