"Maarif məzunları Türkiyə universitetlərinə daxil olduğu zaman təhsilhaqqı ödəməyəcəklər" - Səfir Cahit Bağçı

12:08 29.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni tədris ilindən etibarən Türkiyənin Beynəlxalq Maarif Məktəbləri Az\rbaycanda fəaliyyətə başlayacaq.

Hafta.az-ın yazdığına görə, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib. Diplomat qeyd edib ki, bunu Azərbaycanın insan kapitalına investisiya kimi görürlər: “Açılış mərasimi yaxın günlərdə elm və təhsil naziri Emin Əmrullayev və Türkiyədən gələn qonaqların iştirakı ilə gerçəkləşdiriləcək. 9 min kvadratmetr geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Müəssisədə 300-350 şagirdin təhsil alması nəzərdə tutulub. Artıq şagirdlərin qeydiyyat prosesinə başlanılıb. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub”.

Səfir bildirib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. "Məktəbdə STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək" deyən diplomat qeyd edib ki, təhsil müəssisəsində Azərbaycan, Türkiyə və digər xarici ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. "Belə ki, İELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif edilir. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsilhaqqından tam azad olunacaqlar», - səfir əlavə edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi fəaliyyət göstərir və 50 minə yaxın şagird təhsil alır.