20 yanvar - müstəqillik yolunun başlanğıcı - MÜZAKİRƏ

13:40 20.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

1990-cı il 20 yanvar faciəsindən 34 il ötür. Düz 34-cü ildir ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Dövlətinin, ərazilərinin bütövlüyü və azadlığı naminə ayağa qalxan, sinəsini düşmən gülləsinə sipər edərək tarix yazan bu xalqın övladları həmin günü həm də milli kimliyinin dirçəlişi kimi fəxarət hissi ilə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan tarix kimi qeyd edir. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Həm kədər, həm də milli kimliyimizin oyanışı kimi qəbul etdiyimiz 20 yanvar tarixinin üzərindən ilər keçsə də, Azərbaycan dövlətinə, xalqına qarşı törədilən bu cinayətlərin səbəbləri, bundan çıxarılan nəticələr araşdırılmaqda davam edir. 2020-ci ildə işğlaçı Ermənistanın hərbi qüvvələri üzərində əldə etdiyimiz qələbədən sonra artıq 4 ildir özünün müstəqilliyini, suverenliyini  tam bərpa edən xalqımız 20 yanvar anım günlərində Şəhidlər Xiyabanını zəfər nidası ilə ziyarət edir. 

20 yanvar faciəsinin qurbanları  əsas hədəfə çatmaq üçün azadlıq yolunda canları ilə böyük bir pillə qurdular. Bu gün torpaqlarımız azaddır.

Fəzail Ağamalı 20 Yanvar qanlı hadisələrini Azərbaycan tarixinin şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirib.

“Sovet imperiyasının amansız müstəmləkə sisteminə qarşı ayağa qalxıb bütün sovet ittifaqı məkanından xalqların azadlıq fəaliyyətinə təkan verən, onu stimullaşdıran 20 yanvar şəhidləri, xalqımızın azadlıq uğrunda mübarizəsinin növbəti qurbanları idi. Qarabağın Ermənistana birləşdirilməsi uğrunda gedən erməni separatizmi və onu himayə edən Kremlin ədalətsiz mövqeyinə qarşı 1988-ci ildən başlayan mübarizə əslində ümumxalq hərəkatı idi. Ümumxalq hərəkatına 20 Yanvar hadisələri milli azadlıq xarakteri verdi. 20 Yanvardan sonra artıq xalqımız ayağa qalxaraq sovet rejiminə qarşı mübarizənin önündə getdi və sovet ittifaqının çökməsində heç şübhəsiz ki, olduqca mühüm rol oynadı.

Şəhid olan, yaralanan hər bir Azərbaycan vətəndaşı ən böyük hörmətə, diqqətə layiqdir. Çünki onlar Azərbaycanın məhz milli azadlığı uğrunda şəhid olan, əlil olan insanlardılar. Buna ən doğru qiyməti Ulu Öndər siyasi hakimiyyətə gəldikdən sonra verdi. 20 yanvar hadisəsi uzun müzakirədən sonra Milli Məclis səviyyəsində özünün həqiqi qiymətini aldı”.

F.Ağamalı 20 Yanvar faciəsini törədənlərin hələ də cəzasız qalmasını təəssüflə qeyd edib.

“Onlar İttifaq səviyyəsində olan ən yüksək rütbəli məmurlar idi. Onlara qarşı cinayət işi açsaq da, bu cinayət işini reallaşdırmaq bizə nəsib olmadı. Və onu törədənlərin də mütləq əksəriyyəti artıq yoxdurlar. Biz hər il 20 Yanvarı bir millət olaraq anırıq. Bütün ölkə miqyasında bu tarixi hadisə anılır, tarixi milli qan yaddaşımızda həkk olunaraq gələcək nəsillərə ötürülür. Bu gün 20 Yanvar hadisələrində şəhid olanların ruhları şaddır. Çünki bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya miqyasında böyük nüfuza malikdir. Bu gün Azərbaycan respublikasının sərhədləri çərçivəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. 20 Yanvar Azərbaycan xalqı durduqca onun qan yaddaşında yaşayacaq və bu tarix faciədən daha çox qəhrəmanlıq tarixi kimi anılacaq”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 34 yox, hətta 340 il keçsə də, 20 yanvar hadisələrinin bizim üçün həmişə aktual olacağını, unudulmayacağını bəyan edib:

“Azərbaycan nəsilləri zaman-zaman ona bir qəhrəmanlıq nümunəsi kimi baxacaqlar. Çünki bu, yeni dövrdə müstəqilliyimizin başında dayanan ən böyük və həlledici hadisədir. Bu, Azərbaycanın müstəqilliyi və erməni təcavüzünə qarşı xalqın kütləvi toparlanmasına çağırış edən ən böyük hərəkata qarşı baş vermişdi”.

A.Quliyev belə bir hadisənin baş verə biləcəyini gözlənilməz olmadığını deyib. Çünki bir yandan Ermənistan Azərbaycana təcavüz edərək Qarabağı Azərbaycandan qoparmaq istəyir, digər tərəfdən respublikanın rəhbərliyi tam fəaliyyətsiz vəziyyətdə, hətta bəzi hallarda Azərbaycan xalqının əleyhinə olan ziyanlı mövqe tuturdu.

“Belə bir şəraitdə xalqın meydanlara axışmasından başqa əlacı, çıxış yolu yox idi. Meydanlara tökülən xalqın siyasi şüarlarının tezliklə Azərbaycanın müstəqilliyinə doğru yön alacağı kimdəsə şübhə doğurmurdu. Buna görə də erməni təcavüzkarlarının Kreml hakimiyyətindəki havadarları həm ölkəmizə qarşı ərazi iddialarını həyata keçirirdilər, həm də bu iddiaların yolunda ciddi maneə olan Bakıda Azadlıq meydanına toplanmış xalqdan qisas almaq üçün planlar qururdular. Əgər söhbət Azərbaycanın müstəqilliyi və Kremldə müdafiə olunan erməni təcavüzünün qarşısını almaqdırsa, deməli bu yolda itkilərimiz də ola bilərdi, xalqa qarşı təcavüz, silahlı hərbi müdaxilə də… Bu mənada biz bu tarixi unutmamalıyıq. Çünki bu tarix bizim müstəqiliyimiz və erməni təcavüzü qarşısında xalqın toparlanması üçün ilk böyük çağırış idi”.

A.Quliyev bu gün 20 yanvar müqəssirlərinin cəzalandırılması istiqamətində tam optimist fikirlər söyləmədiyinə təəssüf edir. O, hesab edir ki, Azərbaycan xalqına qarşı tördəlimiş bu cinayətin bütün pərdəarxası məqamlarının  araşdırılmasına tam şəkildə yanaşmaq və ortaya bütöv bir mənzərə qoymaq lazımdır:

Ola bilər ki, müqəssirlərin bir çoxu dünyasını dəyişiblər. Amma buna baxmayaraq ən azı ədalətin təntənə çalması üçün 20 yanvar hadisələrinə görə böyük bir məhkəmə prosesi qurulmalıdır. Xüsusilə, Kreml hakimiyyətində bu məsələyə görə məsuliyyət daşıyan adamlara müəyyən hüquqi qiymət verilməlidir. Bunun bu günkü Azərbaycan-Rusiya münasibətlərinə heç bir dəxli yoxdur. 200 il əvvəl Pyotrun, rus çarlarının  Azərbaycana qarşı etdiklərinin bugünükü Rusiya hakimiyyəti ilə heç bir əlaqəsinin olmadığı kimi, 1990-cı il yanvar hadisələrinin arxasında dayanan Kreml rəhbərlərinin də bugünkü Rusiya hakimiyyətinə heç bir aidiyyatı olmayacaq”.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı bildirib ki, 20 Yanvar hadisəsi bir daha sübut etdi ki, azad, müstəqil olmaq Azərbaycan xalqının müqəddəs amalıdır.

“20 Yanvar faciəsi Azərbaycanı xalqını XX əsrdə 2-ci dəfə dövlət müstəqilliyinə apardı. İmperiyanın əsarət zəncirini xalqımız canı, qanı, mücadiləsi ilə əldə etdi. Şərəfli hadisə bizlərə sübut etdi ki, milli-mənəvi dəyərlərimiz, müstəqilliyimiz öz əlimzidədir. Bu hadisə bizi müstəqil dövlət olmağa aparan yol oldu”.

Tarixi alim faktlara diqqət çəkib:

“1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və  Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının ümumilli lideri  Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Azərbaycan xalqının milli azadlığını boğmaq, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr, 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bütün bu hadisələrə məruz qalan Azərbaycan xalqı öz azadlğını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü.

1990-cı il yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Bundan əlavə, 25 yanvar 1990-cı il hadisəsi zamanı Neftçalada 2 nəfər şəhid olmuş, 10 nəfər yaralanıb, bütövlükdə isə 30 nəfər zərər görmüşdür. 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə atam Ələkbər Talıbov da daxil olmaqla 12 nəfər bu ada layiq görülüb.

Təssüf ki, bugünə kimi 20 Yanvar faciəsini törədənlərə qarşı heş bir cəza tətbiq olunmayıb. Nə o zamanki SSRİ qanunları, nə də beynəlxalq təşkilatlar, nə də beynəlxalq hüquqi qanunlar çərçivəsində cəza almayıblar”.