3-cü Səudiyyə Ərəbistanı Media Forumu işə başlayıb

09:15 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il 3-cü dəfə keçirilən Səudiyyə Ərəbistanı Media Forumu Ər-Riyadda “Media formalaşan dünyada” şüarı ilə başlayıb.

Hafta.az-ın yazdığına görə, 2 mindən çox yerli və xarici media mənsubunun, alim və ekspertin, həmçinin 80 media qurumunun iştirakı gözlənilən forum üç gün davam edəcək.

Forum Səudiyyə Ərəbistanının Yayım İdarəsi (SBA) tərəfindən Səudiyyə Jurnalistlər Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində, informasiya naziri Salman əl-Düserinin himayəsi altında təşkil olunur.

Forumun açılış tədbiri kimi informasiya naziri dünən 200-dən çox yerli və beynəlxalq şirkətin iştirakı ilə Yaxın Şərqin ən böyük özəl media sərgisi olan Medianın Gələcəyi Sərgisinin (FOMEX) açılışını edib.

Bu şirkətlər forum çərçivəsində bir araya gələrək müxtəlif media sahələrində ən son texnologiyaları və yenilikləri təqdim edəcəklər.

FOMEX çərçivəsində 25 ölkədən müxtəlif media sektorlarını təmsil edən 150 ekspertin “məzmun yaradılması, inkişafı, istehsalı və nəşri” sahələrində çıxışlar edəcəyi 75-dən çox sessiya və seminarın keçirilməsi gözlənilir.

İnformasiya naziri Duseri dünən FOMEX-in açılışından sonra “Saudipedia” rəqəmsal platformasını işə salıb.

Media Forum çərçivəsində “2030 Expo Riyadh” və “2034 World Cup” mövzusunda sessiya keçiriləcək, o cümlədən iqtisadiyyat, idman və turizm kimi sahələrdə media əlaqələrinin müzakirə olunacağı tədbirlər keçiriləcək.

Forumda həmçinin enerji sektoru, mediada süni intellekt tətbiqləri və mediada texniki infrastruktura investisiyalar kimi digər həyati vacib sektorlar da yer alacaq.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Media Forum çərçivəsində hər il olduğu kimi yerli və regional media sahəsində bir çox insana mükafatlar veriləcək.

Oxunma sayı 362