İordaniya kralının qızı İman yunan əsilli Aleksandrla ailə qurdu

10:18 17.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya kralı II Abdullahın qızı şahzadə İman bint Abdulla yunan əsilli Cəmil Aleksandr Termioti ilə evlənib.

Hafta.az-ın yazdığına görə, Kral kanalı məlumat verib ki, paytaxt Əmmanın qərbindəki Beyt əl-İordan sarayında keçirilən toy mərasimində Kral II Abdullah, kraliça Rania əl-Abdullah, vəliəhd şahzadə Hüseyn, həmçinin Termiotinin ailə üzvləri iştirak edib.

Ağ uzun və krujevalı gəlinlik geyinən 1996-cı il təvəllüdlü şahzadə İman Kral Abdullah və kraliça Ranianın ilk qızıdır və kral ailəsində vəliəhd şahzadə Hüseyn bin Abdullahdan sonra ikincidir. Ötən günlərdə xına gecəsi əyləncəsində nümayiş olunan şahzadə İman ABŞ-ın Corctaun Universitetini bitirib.

1994-cü ildə Venesuelada doğulan Cəmil Aleksandr Termioti yunan əsillidir. Cəmil biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsinə malikdir və Nyu Yorkda maliyyə xidmətləri sənayesində işləyir.

Şahzadə İmandan başqa kral Abdullah və kraliça Ranianın 2000-ci il təvəllüdlü şahzadə Səlma adlı qızı, 1994-cü il təvəllüdlü vəliəhd Hüseyn və 2005-ci il təvəllüdlü şahzadə Haşim adlı iki oğlu var.