Ali məktəbi daha tez necə bitirməli

13:04 08.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Tədris müddətinin azaldılması təhsilimizin dünya təhsilinə daha sürətli inteqrasiyasına imkan yaradacaq

Ötən həftə parlamentdə müzakirəyə təqdim olunan "Ali təhsil haqqında" qanun layihəsi cəmiyyətdə də xeyli müzakirələrə səbəb oldu. Qanun layihəsi ətrafında aparılan diskusiyalar isə daha çox bakalavr pilləsində tədris müddətinin 4 ildən 3 ilə, magistratura pilləsində isə 2 ildən 1 ilə endiriləcəyi məsələsi ilə bağlı idi. Qeyd edək ki, sözügedən qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

Bəs, görəsən, xarici təcrübədə ali təhsilin bakalavr və magistratura pillələrində təhsil müddəti neçə ildir? Ümumiyyətlə, Azərbaycanda hansı ixtisaslar üzrə ali təhsil müddətinin azaldılması və ya artırılması zərurəti var?

Qeyd edək ki, xaricdə bakalavr təhsili ümumiyyətlə, bir çox ölkələrdə və proqramlarda 3-4 il çəkir. Avropada bu müddət 3 ildir. Bəzi mühəndislik şöbələri 4 il çəkə bilər. Bundan əlavə, memarlıq proqramları 5 il, stomatologiya və aptek şöbələri 5 il, tibb təhsili 6 il davam edə bilər. Amerika və Kanadada tibb təhsili fakültə dəyişikliyi səbəbindən 8 ilə qədər davam edə bilər.

Dünyanın top 10 universitetdən 4-nün yerləşdiyi Birləşmiş Krallıqda bakalavr təhsili əsasən 3 il, master təhsili 1 ildir, tibb təhsili 4 il bakalavr və 7 il (maksimum) ixtisas təlimindən ibarətdir. Təhsil ili Sentyabr-Dekabr, Yanvar-May aylarıdır. İki fərqli ixtisas üzrə təhsil almaq istəyənlərə bir çox universitetlər kombinasiya edilmiş ixtisaslar təklif edirlər (məsələn, Fəlsəfə və İngilis ədəbiyyatı). Tələbənin istəyinə uyğun əyani (full-time) və ya qiyabi (part-time) təhsil alma imkanı vardır. Bakalavr dərəcəsini 1-2 ilə bitirmək istəyənlərə qısa kurslar da təklif olunur. İngilis dilini kifayət qədər bilmədikdə universitet təhsilindən öncə hazırlıq (foundation) təklif edilir.

Son illər azərbaycanlı gənclərin də diqqət mərkəzində olan və hər il 200-dən artıq Azərbaycan vətəndaşının təqaüd proqramı əsasında təhsil almağa yollandığı Macarıstanda isə universitetlərdə lisenziya təhsili cəmi 3 illikdir. (Bu müddət bəzi mühəndislik şöbələrində 3,5 il ola bilər.) Tələbənin əvvəlcə xarici dil üçün 1 illik hazırlıq təhsili alacağını nəzərə alsaq, bu müddət ən çox 4 il olacaq. Macarıstanda magistr təhsili isə 2 ildir. Macarıstanda tibb təhsili 6 illik, Stomatologiya və Əczaçılıq 5 illikdir.

Amerikadakı bakalavr səviyyəsi proqramlarının ən cazibədar xüsusiyyəti isə çevik olmasıdır. Ümumiyyətlə, müxtəlif kurslardan seçiminizi edib özünüzə aid bir təhsil proqramı yarada bilərsiniz. Təyin olunan kreditlərin sayını qurtardıqdan sonra bakalavr adını almağa haqq qazanarsınız ki, bu ümumiyyətlə dörd illik bir təhsil prosesi ilə tamamlanır. İlk il “freshmen”, ikinci il “sophomore”, üçüncü il “junior” və dördüncü il də  “senior” olaraq ifadə edilir. Amerikada oxuyan tələbənin 4 ildən daha uzun bir müddətdə məzun olduğunu da oxumuş ola bilərsiniz. Bunun səbəbi sahə dəyişdirmələri və yeni sahələrindən məzun ola bilmək üçün kredit yığmaqları ola bilər. Və ya akademik, şəxsi və ya maliyyə səbəblərindən dolayı dövr başına alması lazım olan dərs sayından daha az dərs alması ola bilər. ABŞ-da akademik il hər universitet və kollec üçün yüngül fərqləri olsa da əsasən oktyabrda başlayıb mayda bitməkdədir. Semestr deyilən və 18 həftədən ibarət olan dövrlərə bölünə bilər. Buna misal olaraq, “quarter” və ya “trimesters” (üç aylıq dövr) olaraq ifadə edilən 12 həftəlik müddətlər də ola bilər. Buna əlavə olaraq, universitetlər çox vaxt 6 – 8 həftəlik yaz dövrü tətbiq edir. Bu istəyə bağlı, daha qısa müddətdə məzun olmaq istəyən, normal dövr içindəki dərs miqdarını yüngülləşdirmək istəyən və ya dövr içində müvəffəqiyyətsiz olduqları dərsin kompensasiyası məqsədi ilə baş vura biləcəkləri bir variantdır.

Dünyanın nüfuzlu universitetlərinin yer aldığl Çinin ali təhsil sistemi isə ABŞ-ın və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir. Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.

Qonşu Türkiyədə isə ali təhsil müəssisələri bakalavr, magistratura və doktrantura üzrə tələbələrə ali təhsil verməkdədir. Bakalavr dərəcəsi üzrə təhsil müddəti 4 il (bəzi ixtisaslar 5–6 il), magistratura üzrə 2–3 ildir.

Şimal qonşumuz Rusiyada isə ali təhsil iki pilləyə bölünür : bakalavriat və magistratura. Ali təhsil proqramlarının normativ müddətlərinə gəlincə,

bakalavr dərəcəsi almaq üçün təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il, mütəxəssis dərəcəsi almaq üçün əyani  forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla, təhsilin əyani forması üzrə magistr dərəcəsi almaq üçün magistr  proqramı - 2 il, elmi pedaqoji kadrların aspiranturaya (adyunktura)  hazırlığı proqramı - 3   ildən artıq olmamaqla müəyyən edilib. Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq qaydada ali təhsil təsnifatları (akademik dərəcələr) verilir. Bakalavriat proqramını mənimsəyənlərə - bakalavr, mütəxəssis hazırlığı proqramını başa vuranlara mütəxəssis, magistratura proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji kadrların aspirantura (adyunktura) hazırlıq proqramını keçənlərə ali məktəb müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə etmiş şəxslərə isə elmlər namizədi diplomu verilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyir ki,

hazırda Azərbaycanda 42 ümumi, xüsusi təyinatlılarla birlikdə 51 ali təhsil müəssisəsi var. Burada 182 min tələbə təhsil alır. Onun böyük əksəriyyəti - 167 mini - bakalavr, yerdə qalan hissəsi isə magistratura pilləsində təhsil alır: “Etiraf edək ki, ali təhsil müəssisələrinin məzunları əmək bazarının tələblərinə kifayət qədər cavab vermir. Müəssisə standartlarından uzaq kadr hazırlığı həyata keçirilir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin idarə edilməsindəki boşluq, eyni zamanda ali təhsil müəssisələrinin texniki bazasının zəif olmasıdır. Artıq Milli Məclisdə ali təhsil haqqında qanun müzakirə edilir. Burada çox ciddi islahatlar gözlənilir. Qeyd edim ki, islahatlar fonunda istər sosial şəbəkələrdə, istərsə də mətbuatda yayılan bir çox xəbərlərdə ixtisasların bakalavr pilləsinin 3 illik, magistr pilləsinin isə 1 illik olması gözlənilir. Məsələ qanunda da öz əksini tapır. Amma bu, bütün ixtisaslara aid deyil. O ixtisaslar ki, özündə birbaşa elmi potensialı əks etdirmir və birbaşa istehsalatla bağlıdır, həmin ixtisaslar bakalavr pilləsində 3 illik, magistr pilləsində isə 1 illik olacaq. Elmi tədqiqatı özündə əks etdirən digər sahələr isə, əvvəlki qaydada, bakalavr pilləsində 4 illik, magistr pilləsində isə 2 illik olacaq. Turzim, elektronika mühəndisliyi və s ixtisaslar uzun müddət elmi tədqiqatla məşğul olan sahə deyillər. Eyni zamanda, bədən tərbiyəsi, təsviri incəsənət kimi bəzi qabiliyyət tələb edən ixtisaslar var ki, təhsil alanların 4 il oxumasına ehtiyac yoxdur. Digər tərəfdən, bizim ali təhsil müəssisələrimizdə tədris zaman kifayət qədər əlavə fənlər keçirilir. Məsələn, tarix fənni ixtisasında oxuyanlara riyaziyyat fənni keçirilir. Bu da tədris ilinin uzanmasına gətirib çıxarır. Hesab edirəm ki, müddətin azaldılması deyiləndə qeyri-ixtisas fənlərinin tədrisinin dayandırılması nəzərdə tutulur. İkinci vacib bir məqamı qeyd edim ki, bu müddətin azaldılması təhsil haqlarına da təsir edəcək.Bir daha vurğulayım ki, tədris müddətinin qısaldılması bütün ixtisaslara şamil edilməyəcək. Bu müddətin azaldılması, birinci növbədə, Azərbaycan təhsilinin dünya təhsilinə daha sürətli inteqrasiyasına imkan yaradacaq".

Oxunma sayı 2219