“1991-ci ildə SSRİ-nin dağılması ilə öz dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan ilk illərdə böyük faciələrlə, çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixində, həmçinin cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri sırasına xaos, anarxiya və özbaşınalığın yaratdığı azad sözün, fikrin, mətbuatın hər addımda boğulması da daxil idi”.
Bunu hafta.az-a açıqlamasına “İki sahil” qəzetinin baş redaktoru, siyasi ekspert Vüqar Rəhimzadə deyib. Vüqar Rəhimzadə bildirib ki, ümummilli Liderin hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin əsasları yaradıldı: “Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın reallıqlarının təbliğatçısı, cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv olundu. 1999-cu ildə mütərəqqi “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli lider Heydər Əliyev jurnalist əməyini yüksək dəyərləndirirdi: «Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.» Bir mühüm məqamı da qeyd edək ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdığından 2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu var. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla fərman və sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü”.
Baş redaktor onu da vurğulayıb ki, son 15 ildən artıq dövrdə ulu öndər Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir: “Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, hər bir ölkənin inkişaf səviyyəsi mətbuatın inkişaf səviyyəsi ilə sıx bağlıdır. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də mühüm addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır”.
Vüqar Rəhimzadə xatırladıb ki, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncam 2010-cu ildə imzalandı və Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk bina 2013-cü ildə istifadəyə verildi və növbəti Sərəncam imzalandı: “2017-ci il iyulun 22-də Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə verilən ikinci binanın açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, üçüncü binanın təməlini qoydu. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. 2017-ci ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdılması ilə bağlı Sərəncamın imzalanması ilə yanaşı, ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı da ayrıldı. Mətbu orqanlara maliyyə yardımlarının ayrılması ilə bağlı sərəncamlar artıq ənənə halını alıb. Bütün bunların nəticəsidir ki, son 15 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Dövlətimizin başçısı, həmçinin «Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir» fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Keçilən yola qısa baxış fonunda Azərbaycan mətbuatının parlaq gələcəyini daha aydın görürük”.