“Avropa liderlərinin heç biri Ərdoğanın əldə etdiyi uğurlara nail ola bilməyib” – Ukrayna səfiri

19:50 12.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyə hökumətinin vasitəçiliyi və prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri nərticəsində Ukrayna anbarlarında ötən ildən yığılıb qalmış taxılın, eləcə də qarğıdalı, bitki yağları və sair kimi qlobal miqyasda ehtiyac duyulan ərzaq xammalının beynəlxalq bazarlara daşınmasına başlanılıb. Ümumiyyətlə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və müharibənin qeyd-şərtsiz dayandırılmasını tələb edir. Amma NATO-nun üzvü olan qardaş ölkənin eyni zamanda Rusiya ilə sı əlaqələrə malik olması bəzilərinin fikrini çaşdırmaqdadır. Amma əlbəttə, Türkiyənin hər iki dövlətlə sıx münasibətləri olmasaydı, taxılın daşınması kimi strateji qərarın qəbulu da mümkünsüz olardı...

Bu və digər məsələlərlə bağlı Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “RBC-Ukrayna”ya müsahibə verib. Diplomat Ukrayna taxılının ixracına dair razılaşmadan, Türkiyənin vasitəçilik missiyası və sülh danışıqları, “Bayraktar” və Türkiyə cəmiyyətində Ukraynaya münasibətdən danışıb.

Diplomat qeyd edib ki, yüklərin daşınmasına artıq başlanılıb. Deyib ki, onlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirir, gəmiləri açıq dənizə çıxarıblar və onlar təyinat yerinə çatırlar. Yəni, Türkiyə, Rusiya və BMT arasında imzalanan müqavilə işə yarayıb, indi ümid edirlər ki, bu sistemli davam edəcək.

Səfir Bodnar bildirib ki, amma humanitar dəhlizin işinə Rusiya tərəfindən maneə yarana bilər. “Gördünüz ki, müqavilə imzalanan günün sabahı ruslar Odessa limanına hücum ediblər. Putinin ağlında nə olduğunu bilmirik. Bu, indi əsas təhlükədir. Üstəlik, haradasa dənizdə gəmilərin qarşısını almaq və ya onlara hücum etmək cəhdləri istisna edilmir. Amma ümid edək ki, razılaşma işə yarayacaq, axı bizim iki tərəfdaşımız var: Türkiyə və BMT, onlar vəziyyətə nəzarət etməli və Putinin razılaşmaya zərər vurmasına imkan verməməlidirlər” deyən V.Bodnar qeyd edib ki, hazırda proses təhlükəsiz işləyir. Bu səbəbdən də yüklərin təhlükəsiz daşınmasına nəzarət edəcək Türkiyə və BMT-yə inam böyükdür.

Səfir əvvəllər mətbuatın səsləndirdiyi “Rusiyanın Ukraynadan oğurladığı taxıl Türkiyə limanlarında satılır” xəbərlərinə də münasibət bildirib. Deyib ki, o vaxtkı vəziyyət tamamilə dəyişib. “Rusiya gəmiləri Türkiyə limanlarına girib taxıl satmağa cəhd edirlər, amma bizdəki məlumatlara əsasən onlar həftələrlə boşalmadan dayanmağa məcbur edilir. Sonuncu səs-küylü iş "Jıbek Joly" gəmisi ilə oldu, o da təxminən bir həftə limanda dayandı, sonra geri qaytarıldı. Təbii ki, bu, istədiyimiz kimi olmadı, onun həbsini və hüquq-mühafizə orqanlarının işə cəlb olunmasını tələb etdik, amma alınmadı. Digər tərəfdən, hüquq-mühafizə orqanlarımız bütün bu halları araşdırır, biz onları qeydə alırıq, Baş Prokurorluğa, sərhəd xidmətinə, Təhlükəsizlik Xidmətinə məlumat veririk, mövcud faktlardan hamı xəbərdardır və Türkiyə tərəfi ilə də əlaqə saxlamağa çalışırlar. Gəmilərdən biri bu yaxınlarda Livan limanında saxlanılıb və biz ümid edirdik ki, bu gəmiyə həbs qoyulması üçün müsbət məhkəmə qərarı olacaq. Təəssüf ki, bu baş vermədi. Amma bütün bunlara baxmayaraq, biz hazırda taxılın qanuni ixracının artırılması üzərində daha çox işləyirik”, - deyib Ukrayna səfiri.

Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, taxılla bağlı sazişin bağlanması tərəfləri sülhə yaxınlaşdıra bilər, çünki Rusiya ilə Ukrayna arasında etimadın möhkəmlənməsi üçün ilkin şərtlər formalaşacaq. Nazirin səsləndirdiyi sözlərə açıqlıq gətirən V.Bodnar bildirib ki, bəyanatın mənası mövqelərin yaxınlaşmasında deyil, Türkiyənin vasitəçilik xidmətlərindədir. Həqiqətən də, Türkiyə müharibənin lap əvvəlindən Ukraynaya kömək etmək üçün maksimum səy göstərən və müəyyən mənada Rusiyanı sülhün bağlanmasına sövq edən azsaylı ölkələrdən biridir. “Amma onların anlayışına görə, müharibənin sonu düşmənçiliyin sonu deməkdir. Biz Türkiyə tərəfinə deyirik ki, bizə rus qoşunlarının Ukrayna ərazsiindən çıxarılması lazımdır və bu, işğalçı ölkə ilə sonrakı siyasi müzakirələr və ya danışıqlar üçün əsas şərtdir. Ona görə də mən “taxıl sazişi”ni sülh danışıqlarının perspektivləri ilə birbaşa birləşdirməzdim”, - o, deyib.

Cənab Bodnar qeyd edib ki, Türkiyə maksimum səy göstərərək çalışır ki, tərəfləri danışıqlara cəlb edə bilsin. “Burada söhbət siyasi iradədən, prezident Ərdoğanın ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparmasından, Rusiya Federasiyasını razı salmasından gedir və məhz Türkiyə tərəfinin sırf vasitəçilik funksiyaları sayəsində bu danışıqları aparmaq mümkün oldu. Amma hər dəfə Rusiya üzərinə düşən öhdəliklərdən qaçdı, Ukraynada hücumları artırdı. Əgər proses İstanbulda müəyyən olunduğu kimi inkişaf etsəydi, əlbəttə, biz danışıqlarla həll yoluna gələ bilərdik, lakin Rusiyanın törətdiyi bütün cinayətlərdən sonra bu, çətin ki, mümkün olsun” deyən səfir qeyd edib ki, Türkiyə Ukrayna üçün strateji tərəfdaş olub və gələcəkdə də olacaq. Amma hələ müharibə başlamazdan əvvəl ukraynalılar çox yaxşı başa düşürdü ki, Türkiyənin öz maraqları var və Rusiyanın Ukraynaya hücumu zamanı da bu maraqlar dəyişmədi. Təbii ki, vasitəçilik xidmətləri, rus döyüş gəmiləri üçün boğazlarının bağlanması, humanitar yardımlar, siyasi dəstək Ukrayna üçün müsbət hallardır.

Türkiyənin Rusiya ilə sıx əməkdaşlıq etdiyini və prezidentlər arasında yaxşı əlaqələrin olduğunu xatırladan cənab Bodnar deyib ki, Türkiyə ilk növbədə öz maraqlarını müdafiə edən və bacardığı şəkildə həyata keçirən ölkədir. Amma Türkiyə-Rusiya dialoqu taxılın daşınması, vasitəçilik xidmətləri və sair kimi müəyyən məsələlərin həllinə öz töhfəsini verir. Demək olar ki, Ərdoğan müəyyən mənada Putinə təsir edir və onu müəyyən razılaşmaları yerinə yetirmək üçün stimullaşdırmaq rıçaqlarına malikdir. “Bütün bu vasitəçi xidmətlərə nəzər salsanız, Avropa liderlərindən heç biri Ərdoğanın əldə etdiyi nailiyyətlərə nail ola bilməyib. Odur ki, bu vasitəçilik səyləri və konkret istiqamətlərdə danışıqlar, taxılın daşınması və bəzi digər təmas nöqtələri tapmaq cəhdləri aktiv türk diplomatiyasının sayəsindədir. Bunu tək biz yox, bütün Avropa liderləri də etiraf edir”, - Ukrayna səfiri deyib.

Rusiyanın “Bayraktar”ın istehsalı ilə maraqlanmasına da münasibət bildirən V.Bodnar qeyd edib ki, həmin söhbətdə Rusiyada zavod tikmək və ya dron satmaq planlarına işarə edilmir. Çünki “Bayraktar” zavodunun rəhbərliyi şəxsən ona deyib ki, onların nəinki belə planları yoxdur, bunu heç təsəvvür etmirlər. “Prezident Ərdoğanın sözçüsü İbrahim Kalının açıqlaması var idi ki, Bayraktarlarla bağlı müzakirələr yarızarafat üslubunda olub. Putin Ərdoğana deyib ki, siz Ukraynanı “Bayraktar”larla təmin edirsiniz, bizə də satın, Türkiyə prezidenti də yalnız gülümsəyib. Türkiyədə ictimai rəyə baxsanız, bir tərəfdən çox güclü anti-Qərb əhval-ruhiyyəsi var, insanların 90-92 faizinin Qərbə münasibəti mənfidir. Digər tərəfdən, hər hansı eskalasiya başlayan kimi Türkiyənin özündə NATO-ya dəstək səviyyəsi avtomatik olaraq ikiqat yüksəlir”, - ukraynalı diplomat deyib.

Səfir ötən günlərdə futbol oyunu zamanı “Fənərbaxça” azarkeşləri tərəfindən səsləndirilən “Vladimir Putin” şüarıdan da söz açıb. Bildirib ki, bu şüarı ciddi qəbul eləmək lazım deyil – onu kimlərsə komandaları uduzduğu üçün acıqla deyib. “Əslində, Türkiyə əhalisinin 78 faizi hesab edir ki, kimisə dəstəkləmək yox, nəyin bahasına olursa olsun, öz maraqlarını qorumaq lazımdır. Prinsipcə, həm iqtidar, həm də müxalifət bu hissləri rəhbər tutur və bizim gördüyümüz siyasət - bəlkə də xoşumuza gəlmir, - amma bu, onların maraqlarına və ictimai əhval-ruhiyyəsinə əsaslanaraq belədir. Əhalinin yalnız 3-4 faizi hesab edir ki, Rusiyanı dəstəkləmək olar. Yenə deyirəm, bu məsələni siyasiləşdirmək lazım deyil. Klubun rəhbərliyi bizdən üzr istəyib həmin şüara görə, hətta klubun direktorlar şurasının mətbuat konfransı da “Müharibəyə yox deyək!” şüarı altında keçirilib”, - diplomat qeyd edib.

Səfir bildirib ki, “Bayraktar”lar çox önəmlidir və bu, artıq Ukrayna xalqının müqavimətinin əfsanəsinə çevrilib. Amma iki ölkə arasında əməkdaşlıq yalnız İHA-larla məhdudlaşmır. Onun sözlərinə görə, “Bayraktar”ın Ukraynada zavodu da tikiləcək, artıq parlament icazə verib. Hətta “Baykar” şirkətinin sahibi Ukraynada öz yerli şirkətini yaradıb və torpaq sahəsi alıb. Zavodun layihəsini hazırlayıblar və onu sona qədər həyata keçirmək niyyətindədirlər.

Səfir Bodnar bildirib ki, ondakı məlumata əsasən fevralın 24-dən indiyədək Türkiyəyə 220 mindən çox Ukrayna vətəndaşı gəlib, amma hazırda onların təxminən 45-50 mini qalıb. Çünki onların böyük hissəsi öz evlərinə - Ukraynaya qayıdıb, qalanları da digər ölkələrə gediblər. Onun sözlərinə görə, əslində Türkiyə ukraynalılar üçün çox rahat ölkədir, çünki burada heç bir problem olmadan 90 gün vizasız qalmaq mümkündür. “Hətta ukraynalılara müddəti bitmiş sənədlərlə belə qalmağa icazə verilir, öz maşınlarını da sürə bilirlər və sair. Amma onların xərcini dövlət çəkmir. Çünki təəssüf ki, Türkiytə 2015-ci ildən buradakı qaçqınlardan əziyyət çəkir, bu gün 4,5 milyona yaxın suriyalı qaçqın Türkiyə ərazisində məcburi köçkün olaraq qalır. Türkiyə hakimiyyətinin bu qaçqınların saxlanması üçün çəkdiyi xərclər, bəzi siyasi qüvvələrin hesab etdiyi kimi, əhalinin sosial-iqtisadi vəziyyətində də özünü göstərir. Bu qaçqınları geri göndərmək üçün bir növ populist kampaniya başlayır. Ona görə də bizim müraciətlərimizə baxmayaraq, ukraynalılar üçün ayrıca qərar verilmədi. Amma əlbəttə, ukraynalı Axıska türkləri və Krım tatarları xüsusi statusa malikdirlər, onlar istədikləri qədər Türkiyədə qala və hər cür güzəştlərdən yararlana bilərlər”, diplomat deyib.

Səfir müsahibənin sonunda bildirib ki, Ukrayna Türkiyədən birbaşa hər hansı maliyyə və iqtisadi yardım almır. Amma müharibə başlayandan bəri ukraynalılara böyük miqdarda humanitar yardım göndərilib. Özü də Türkiyənin hər yerindən toplanaraq göndərilib - 120 TIR. Üstəlik rəsmi müstəvidə də 89 TIR, toplam 210 TIR məhsul göndərilib, bu çox böyük dəstəkdir. Bundan əlavə, Türkiyə Qızıl Aypara Cəmiyyəti əvvəlcə Ukrayna və Rumıniya sərhədində, sonradan isə Lvovda, indi Kiyev vilayətinin bir yerində səyyar mətbəxlər açaraq ukraynalı qaçqınlara yemək verir, bir neçə yüz mobil evin tədarükü ilə bağlı da müqavilə var, Türkiyə onları Xarkov bölgəsində quraşdıracaq. Türkiyə yüklərin daşınmasında çox kömək edir, çünki ənənəvi olaraq dəniz yolu ilə gedən malların böyük bir hissəsi Türkiyə limanlarına daxil olur…

Oxunma sayı 808
Siyasət rubrikasından digər xəbərlər