Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO

19:21 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
 
Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.
 
Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
 
Tərəflər, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
 
Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.
 
Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.
 
Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
 
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.