Azərbaycanda geoparklar yaradılır

12:16 20.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yaxın gələcəkdə Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq iş aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, ölkədə palçıq vulkanlarına geopark statusunun verilməsi, həmin vulkanların tərkibində geoparkların yaradılması ilə bağlı işlərə başlanılıb, əsasnamə təsdiqlənib: "Geopark həm də UNESCO-nun mühafizə olunan kateqoriyalarından biridir. Təbii irs siyahısına salınması istiqamətində də işlər görüləcək. Hazırda geoparkların irs siyahısına daxil edilməsi üçün nominasiya sənədi hazırlanma mərhələsindədir. Növbəti illərdə ölkədə geopark xüsusi mühafizə olunan təbiət ərazisi kimi fəaliyyətə başlayacaq”.

O vurğulayıb ki, palçıq vulkanlarına geopark statusu verildikdən sonra orada geoturizmin fəaliyyətinə icazə veriləcək. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilib.

A.Səmədova qeyd edib ki, hazırda geoparkların yaradılacağı ərazilərin seçilməsi istiqamətində işlər aparılır: “2020-ci ildə yerli və xarici mütəxəssislə birgə vulkan olan ərazilərə baxış keçirilib və təkliflər hazırlanıb. Təkliflər tam hazır olduqdan sonra artıq geoparkların yaradılması istiqamətində işlərə başlanılacaq. Təkliflərdə paytaxta yaxın, geoloji quruluşuna görə unikal palçıq vulkanlarına daha çox üstünlük verilib".

Məlumat üçün xatırladaq ki, hüdudlarında mühafizəsi tələb olunan təbiət irsinə aid nadir geoloji və geomorfoloji obyektlər (geosaytlar) saxlayan, Yer təkinin təkamülü, yerli landşaftların formalaşması, süxur və faydalı qazıntı yataqlarının əmələgəlmə tarixini açıqlayan, həmçinin tarixi abidələri və biomüxtəlifliyi ilə fərqlənən xüsusi mühafizə statusuna malik region geopark adlanır.  Bu cür ərazidə yerli əhalinin yaşayış tərzinin toxunulmazlığı təmin edilir, təsərrüfat və rekreasiya fəaliyyətinə imkan verilir. Geoparkların yaradılması istiqamətində beynəlxalq səviyyədə 1991-ci ildən başlayaraq  ardıcıl addımlar atılıb. 1996-cı ildə Pekində  keçirilmiş 30-cu Beynəlxalq Geoloji Konqresin geoloji irsin qorunub saxlanılmasına həsr edilmiş simpoziumda  ilk dəfə geoparkların yaradılması təşəbbüsü irəli sürülüb. 2000-ci ilin iyun ayında 4 geoparkın daxil olduğu Avropa Geoparklar Şəbəkəsi (AGŞ) təsis edilib. 2002-ci ildən etibarən UNESCKO-nun Milli Geoparklar üzrə Ümumdünya Şəbəkəsinin yaradılmasına dəstək Proqramı (Global Network of National Geoparks) fəaliyyətdədir. 2004-cü ilin fevral ayında UNESCKO-nun Baş ofisində 17 Avropa və 8 Cin geoparkının daxil olduğu Qlobal Geoparklar Şəbəkəsi yaradılıb. Hazırda dünyanın 35 ölkəsində 300-dən çox geopark fəaliyyət göstərir.

Son illər Azərbaycanda da bu istiqamətdə ardıcıl işlərə başlanılıb. 2020- ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə” təsdiqlənib. Əsasnaməyə əsasən, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir. Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar müəyyən edə bilər. Geoloji parkların hüdudlarında yerləşən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrindən Torpaq Məcəlləsi, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanun və bu Əsasnamə ilə müəyyənləşdirilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur. Təbiəti mühafizə, geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat, mədəni-maarif və tədris tədbirləri, geoloji monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Geoloji parklarda onların məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

Geoloji parkların təbiət qoruğu fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, onların ərazilərinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparır.

Geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan ərazilərdə yaradılır. Geoloji parklar Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Geoloji parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Geoloji parkların hər biri üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi pasport hazırlayır. Pasportda geoloji parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, xüsusi qorunan geoloji abidələr, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla geoloji parklarda saxlanılır. Geoloji parkların ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxsin hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və özgəninkiləşdirilə bilməz. Geoloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri üçün geoloji parkların ərazilərindən fiziki və hüquqi şəxslərin istifadəsi ödənişli əsaslarla həyata keçirilir. Geoloji parkların mühafizə rejiminin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli bildirib ki, ölkəmizdə geoparkların yaradılması üçün geniş perspektivlər var: “Azərbaycanda  geoparkların yaradılması üzrə ilkin addım hələ 2007-ci ildə atılıb. Belə ki, həmin il AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb. Bu istiqamətində növbəti addım cənab Prezident İlham Əliyev və ölkə hökuməti tərəfindən 2008-ci ildə atılıb, bununla əlaqədar Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 299 saylı Sərəncamı ilə  “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər  üzrə Tədbirlər Planı” təsdiq edilib. Bu plan çərçivəsində Geologiya və Geofizika İnstitutu tərəfindən ölkənin ayrı-ayrı regionlarında geosaytların inventarizasiyası aparılmış və paleontoloji-stratiqrafik, tektonik, geomorfoloji, mineraloji-petroqrafik, hidroloji, hidrogeoloji və tarixi-dağmədən kateqoriyalı 484 geoloji obyektin varlığı aşkar edilib. Müəyyən edilib ki, UNESCKO-nun və ProGEO-nun tələblərinə cavab verən beynəlxalq səviyyəli milli parkların yaradılması baxımından Azərbaycan böyük potensiala malikdir. Bunlar, ilk növbədə Naxçıvan MR-in Şahbuz-Ordubad regionu, Abşeron yarımadasının Qırməki sahəsi, Cənub-Şərqi Qafqazın Xaltan və Qəbələ-İsmayıllı əraziləri, həmçinin Kiçik Qafqazın şimal-şərq yamacındakı Gədəbəy-Daşkəsən regionudur”.

Mütəxəssis vurğulayıb ki, bu istiqamətdə dövlət səviyyəsində aparılan işlər təxminən 2 ilə yekunlaşa bilər: “Hazırda bununla bağlı müvafiq tədbirlər görülür. Geoparkların yaradılması ölkəyə turistlərin cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu gün dünyada təxminən 300-dən çox geoparklar fəaliyyətdədir. Müşahidələr onu deməyə əsas verir ki, bu parklara turistlərin böyük marağı var. Biz də ölkəmizin mövcud potensialından istifadə etməklə geoturizmin sahəsində ciddi nailiyyətlər əldə edə bilərik ”.

Oxunma sayı 94