Azərbaycanda yaşıllıqlara elektron nəzarət tətbiq olunacaq

19:07 24.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu məqsədlə Coğrafi İnformasiya Sistemlərində ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək

Mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına start verilib. Bunu jurnalistlərə açıqlamasında nazirliyin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov deyib.

Müəssisənin direktorunun sözlərinə görə, ilkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək: “Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir. Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq. İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Nümunə üçün deyə bilərəm ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir. Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir”.

Nazirliyin nümayəndəsi bildirib ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcəklər.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov isə deyib ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına dair qərar verilməsinə böyük dəstək olacaq: “Bakı şəhərində yaşıllıqlar əsasən 1960-80-ci illərdə salındığından mövcud yaşıllıqların təxminən 50-60 yaşı var. Bu səbəbdən də ağacların dekorativ nöqteyi-nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləyin təsirindən sınması, xoşagəlməz hala düşməsi təbii haldır. Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaşıllıq sahələrinə nəzarət edilməsi üçün yaratdığı elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq iş aparaq, əkilən ağac və kol növlərini düzgün seçək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır: "Etiraf edək ki, yenə də istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırır".

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov  mövzu barədə danışarkən deyib ki, Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ötən ildən başlayaraq ictimai dinləmələr keçirilir: “İctimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edir və idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir. Bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir”.

İdarə rəisi bildirib ki, nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil: "Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır.

Təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. Nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırdır".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev  isə deyib ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması, məlumat mübadiləsi işinə, həmçinin komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiyası yaradılıb. Həmin komissiya da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Baş Planla bağlı iş ikinci mərhələdədir: “Birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir. İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də nazirlik ilə əməkdaşlığı davam etdiririk. Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün nazirlik tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək”.

Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi 2014-cü ildə qəbul olunan "Yaşıllıqların mühafizəsi haqqında" qanunla tənzimlənir. Belə ki, sözügedən sənəd Azərbaycanda yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Qanunla müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki digər yaşıllıqlara tətbiq edilir.

Qanun yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzarətin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və yaşıllıqların mühafizəsinin əsas prinsiplərini müəyyən edir.

Dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər. Texniki iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətinə dair layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq qaydada həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulur və bu tələbin pozulması müvafiq məsuliyyət yaradır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 227