“Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal səylərə dəstəyi tamdır”

17:25 15.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın aparıcı ölkələri iqlim dəyişikliyindən narahatlıqlarını ifadə edirlər. Və bu prosesin Yer kürəsini fəlakətə sürüklədiyini önə sürürlər. Amma iqlim dəyişikliyinin baş verməsində “əsas” rol oynayan ölkələr nədənsə, bu prosesin qarşısının alınmasında maraqlı görünmürlər.

Bu yaxınlarda Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Pariş Sazişindən sonra 5 illik dövrün nəticələrinin müzakirəsi zamanı da məlum olub ki, əksər ölkələr sözügedən saziş çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirmək istiqamətində ciddi addımlar atmayıblar. Azərbaycan isə qlobal emissiyalarda payının çox cüzi, 0,15 faiz təşkil etməsinə baxmayaraq bu yöndə fəaliyyətlərini davam etdirir. Hətta ölkəmiz sözügedən konfransda qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Tədbirdə eyni zamanda, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb. Konfransda həmçinin, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, bu gün dünyada bərpa olunan enerji mənbələrinə olan tələbat durmadan artmaqdadır. Məsələn, 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpa olunan enerji stansiyaları istismara verilib ki, bu, 2019-cu ildəki rekordu təxminən 50 faiz üstələyir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 faizdən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 faiz isə günəş və külək enerjisinin payına düşüb. Ümumilikdə ötən ilin sonunda dünyada bərpa olunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib, bu isə ümumi qlobal qoyuluş güclərinin üçdə biri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji hələ də 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahibdir.

Azərbaycanda günəşli günlərin il ərzində 2500-3200 saat arasında dəyişdiyini nəzərə alsaq, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyələndirilə bilər. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir . İlkin qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Ölkə Prezidentinin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi isə mühim əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Çünki dövlət başçısı çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib. Bu çərçivədə, may ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb. Beləliklə, Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirilməsi məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb.

Məlumat üçün onu da vurğulayaq ki, “yaşıl enerji məkanı” növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Hazırda həyata keçirilən tədbirlər isə  Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur.

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun Prezidenti, Azərbaycan Dövət Pedoqoji Universitetinin professoru Rauf Sultanov bildirib ki, hazırda dünya miqyasında karbohidrogen ehtiyatlar tükənmək üzrədir: “Digər br tərəfdən karbohidrogen ehtiyatları dünyanın hər yerində bərabər şəkildə paylanmır. Buna görə də hazırkı dövrdə alternativ enerji mənbələrindən istifadə etmək ən aktual məsələlərdən biridir. Bu istiqamətdə müxtəlif texnologiyalar istifadə olunur. Alternativ enerji dedikdə su elektrik stansiyaları, günəş və külək vasitəsilə alınan enerji nəzərdə tutulur. Bu gün günəş panellərindən istifadə etmək dünya miqyasında geniş yayılıb. Lakin bu, ümumi enerji mənbəyinin 1-2 fazini təşkil edir".

Onun sözlərinə görə, alternativ enerji mənbələri ekoloji cəhətdən təmiz enerji mənbələridir: "Bunların ekoloji cəhətdən heç bir problemi yoxdur. Onların istifadəsində atmosferin, torpağın, suyun çirklənməsindən söhbət gedə bilməz. Ona görə də bu kimi enerji növlərindən istifadə müsbət haldır. Bərpa olunan enerji mənbələrindən istifadə ilə birgə enerji resurslarına qənaət atmosferə atılan tullantıların azaldılmasında əsas vasitələrdən biri hesab olunur. Bu baxımdan azad olunan ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması yaxşı ideyadır. Bununla Azərbaycan bir daha sübut edir ki, iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə dəstəyi tamdır və bu addımlarla ölkəmiz 2050-ci ilə qədər könüllü öhdəlik kimi götürdüyü emissiyaların 40 faizədək azalmasını tam şəkildə yerinə yetirəcək”.

Oxunma sayı 264