Bərk məişət tullantılarının yığılması

20:08 13.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Artıq 8 aydan çoxdur ki, paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində irəliləyişlər əldə olunub. Nərimanov rayonunda bu istiqamətdə xeyli iş görülüb, müsbət irəliləyişlər əldə olunub, tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, yeni, müasir konteynerlər yerləşdirilib, sakinlər arasında lazımi maarifləndirici işlər aparılıb.

Nərimanov rayonundakı işlərin müvəffəqiyyəti layihənin artıq digər rayonlara tətbiq edilməsinə şərait yaradıb. Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray paytaxtımıza gəlib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub.

Görüşdən sonra Devid Dray Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində mətbuat nümayəndələrinə bildirib ki, layihə Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq əldə olunan ilkin nəticələrini uğurlu saymaq olar: “Bakı son illərdə xeyli inkişaf edib, əhalisinin sayı artıb. Onun böyük əraziyə malik olmasına baxmayaraq şəhər çox təmizdir. Əsas məsələ bu təmizliyi qoruyub inkişaf etdirməkdir”.

Qonaq müqayisə üçün qeyd edib ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olaraq son vaxtlarda 40 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb.

Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Nəsimi və Yasamal və sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur. Lakin bu sahədə eyni zamanda bir sira çatışmamazlıqlar da mövcuddur. Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb və bu məsələlər hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb.

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirib ki, layihənin həyata keçirilməsi istiqamətində rayonda bir sıra işlər görülüb. Həmçinin ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 32 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlardan fəal istifadə edilir.

Xatırladaq ki, ötən ilin iyulun əvvəlindən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyası həyata keçirilir. Layihə bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə görülür. Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb. Bununla bağlı Nərimanov rayonunun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılıb. Həmin konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb. Bütün proses sakinlərə əyani şəkildə izah olunub. Görüşlərdə sakinlərə broşürlər paylanılıb, həyətlərə, binalara və bloklara izahedici reklamlar yapışdırılmaqla yanaşı mənzillərə də bukletlər çatdırılıb.

Yeri gəlmişkən, məişət tullantısı problemi ölkəmizdə illərdir ki, müzakirə predmetidir. Bu problem Bakının mərkəzi ərazilərində müşahidə edilməsə də, ətraf rayon və qəsəbələrdə, kəndlərdə özünü qabarıq büruzə verir. Lakin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada ekologiyanın təmizlənməsinə, məişət tullantılarının isə gəlir mənbəyinə çevrilməsinə səbəb olacaq.

Məlumat üçün onu da bildirək ki, tullantıların toplandığı poliqonlara pestisidlər, rənglər, həlledicilər, turşular və başqa zəhərli maddələr atılır. Baxmayaraq ki, bu cür tullantılar ümumi tullantıların 1 faizini təşkil edir, onların ətraf mühitə yayılmaması üçün nəzarət olunmalıdır. Tullantıların toplandığı poliqonlarda mikrobioloji proseslərin getdiyinə görə bioqaz adlanan qaz yaranır. Həmin qazın məişətdə istifadəsi mümkündür. Mütəxəssislər bildirirlər ki, bioqaz iqtisadi cəhətdən enerji potensiallıdır (onun tərkibində Metan 44-66 faizdir) və istilik-qüvvə qurğularında, həmçinin təmizləndikdən sonra qaz-turbin qurğularında istifadə edilə bilər. Hazırda dünyada 150 ədəd bu cür qurğular quraşdırılmışdır və şəhərlərdə üzvi maddələrin anaereb qıcqırdılması metodu ilə bioqaz istehsal edilir. Məsələn, Birminhemdə (Böyük Britaniya) torpaqda qazılmış bunkerlərə yığılan üzvi maddələr 3 aydan sonra fasiləsiz olaraq 15-20 il ərzində bioqaz istehsal edirlər. Hər bunker 17 m3/dəq bioqaz istehsal edir və bu qaz təmizləndikdən sonra 1,73 Mpa təzyiq altında gücü 64,5 Kvt olan qaz-turbin qurğusuna ötürülür.

Almaniyada tullantı poliqonlarını elektrik enerjisi almaq üçün istifadə edirlər. Erfurt və Şverbornda tullantıları emal etmək üçün təcrübi sənaye qurğusu quraşdırılmışdır. Bu qeyri-adi elektrik stansiyası artıq neçə ildir ki, üzvi maddələrin qıcqırdılması hesabına alınan bioqazdan istifadə edir. Bioqazın tərkibinin 3-dən iki hissəsi metandır. Tullantı yerlərinin 5-dən bir hissəsini istifadə edən Şverborn şəhərində gündə 5700 m3 qaz alınır. Bu qaz evlərin qızdırılmasına sərf olunur. Bundan başqa Nordhauzen və Finstervarde zavodlarında kompleks avadanlıqlar tətbiq etməklə alınmış bioqazı yandırmaqla elektroenerji alırlar. Alınmış qaz yaxınlıqdakı istilik məntəqələrinə verilir. Britaniyanın Eveli şəhərində tullantı məntəqələrinə bioqazdan yanacaq kimi istifadə etməklə 3,5 Mvt gücü olan qaz-turbin qurğusu quraşdırılmışdır. Eveli şəhəri bu metodla özünün enerjiyə olan tələbatının bir hissəsini bu mənbədən ödəyir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi istiqamətində nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi isə onu deməyə əsas verir ki, Bakı şəhəri aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırılacaq, bu layihə ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 471