Bəyaz rəngli qazax yurtası Bakıda (REPORTAJ-FOTO)

10:45 23.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dənizkənarı Bulvara yolu düşən hər kəs buradakı bəyaz rəngli çadıra böyük maraqla baş çəkir. Qazax yurtasını deyirəm, avqustun 6-da açılışı olub və o gündən bu yana hər gün Bakı şəhər sakinlərinin ziyarət yerinə çevrilib. Mən orda olanda da, onlarla azərbaycanlı müsafir vardı: kimi qazax milli geyimlərində şəkil çəkdirir, kimi Qazaxıstanın görməli yerlərini, mədəniyyətini əks etdirən stendlərə baxır, kimi də ki, qazaxıstanlı sənətçilərin fasiləsiz olaraq səsləndirdiyi musiqidən zövq almağa çalışırdı.

Bulvarın yuxarıbaşında – Azadlıq meydanı ilə üzbəüzdə qurulmuş qazax yurtası bir böyük, bir də kiçik - yardımçı çadırdan ibarətdir. Yurtanın milli ornamentlərlə bəzədilmiş iç divarlarında qazax xalqının tarixi şəxsiyyətlərindən bəzilərinin, məsələn, Abayın, Əl-Fərabinin və sair iri portretləri asılıb. Yurtanı ziyarət edənlər divardan asılmış, qədim türk millətinin kimliyini təcəssüm etdirən iri, boz qurdun - canavarın dərisini də öz gözləriylə görə bilərlər. Hətta axşam saat 8-dən sonra gələn ziyarətçilərə qazax milli mətbəxinin nemətlərindən olan çörək, çay və şirniyyat da təklif olunur.

Yurtada olarkən təşkilatçı şirkətin - “Discover Almaty” turoperatorun direktoru Aleksandr Aknazarovla da həmsöhbət oldum. Qonaqların çox olmasına baxmayaraq yurta haqqında məmnuniyyətlə məlumat verdi. Bildirdi ki, Bakı Dənizkənarı bulvarında yurta qurmaqda məqsədləri qazax milli mədəniyyətini, eləcə də Qazaxıstanın turizm potensialını təbliğ etməkdir.

“Biz burada öz turizm imkanlarımız haqda danışır, mədəniyyətimizi təbliğ edirik. Həm də, gördüyünüz kimi, sənətçilərimiz qonaqlara milli musiqimizi təqdim edir. İnsanlar yurtaya sevə-sevə, böyük həvəs və maraqla gəlirlər. Biz öz azərbaycanlı ziyarətçilərimizi el adətlərimizə uyğun şəkildə - Qazaxıstan milli mətbəxinin təamlarından çay və şirniyyata qonaq edirik. Bura ölkəmizdən un da gətirmişik ki, qazax çörəyi bişirərək ziyarətçilərə təklif edə bilək. Çünki çörək milli mətbəximizin şahıdır, çox böyük mənəvi dəyəri var” deyən cənab Aknazarov yurtanın niyə məhz indi açılmasının səbəbini əsaslandırarkən qeyd etdi ki, Qazaxıstan - Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlaqədar belə bir tədbiri keçirmək qərarına gəliblər. “Qərara gəldik ki, qardaş Azərbaycana səfər edərək öz milli dəyərlərimizi nümayiş etdirək. Bu gün burada Qazaxıstanın tanınmış musiqi qrupu iştirak edir. Eyni zamanda, Qazaxıstanın tanınmış aşpazlarından biri də hazırda Bakıdadır. O, masterklass keçirməyi planlaşdırıb”, - dedi Aleksandr Aknazarov.

Yurtanın açılış mərasiminin avqustun 5-də keçirildiyini, səhəri gün isə ziyarətçilərin üzünə açıldığını xatırladan həmsöhbətim tədbirin ayın 31-dək davam edəcəyini və inşallah, davamlı olacağını qeyd etdi. Onun fikrincə, bu prosesin ənənə halını alması və təbii ki, növbəti illərdə də Bakıda, hətta Azərbaycanın digər şəhərlərində təşkil olunması xalqlarımızı bir-birinə daha yaxından tanıtmağa kömək edəcək. “Bayaq dediyim kimi, biz bura zəngin qazax mətbəxinin tacı sayılan çörəyimizi gətirmişik ki, qardaş Azərbaycan xalqı ilə bölüşək”, - dedi Aknazarov.

Bu arada, yalnız Qazaxıstan deyil, adətən ölkəmizdə bu kimi bütün xarici tədbirlər birmənalı olaraq ancaq Bakıda təşkil edilir. Bu incikliyimi həmsöhbətimə çatdırdım. Anlayışla qarşıladı, dedi ki, ilk tədbir olduğu üçün Bakıdadırlar, amma əmindir ki, gələcəkdə Azərbaycanın bölgələrinə də çıxa biləcəklər. “Azərbaycanda qazax milli mədəniyyətinə böyük marağın olması bizi çox sevindirir. Hər gün çox sayda şəhər sakininin yurtaya təşrif buyurduğunu görürəm və bu məni hədsiz məmnun edir. Bura qocadan cavana hər kəs gəlir. Budur, özünüz də baxın: ailələr, gənclər, qocalar - kimi istəsəniz görə bilərsiniz. Hamı Qazaxıstanın mədəniyyəti, mətbəxi, musiqisi ilə maraqlanır. Bu çox böyük sevgidir qazax xalqına qarşı”, - Aleksandr Aknazarov dedi.

Çoxları bilir ki, Qazaxıstan ərazi baxımından dünyanın ən böyük ölkələrindən biridir. Ərazisi böyükdürsə, deməli bu ölkədə regional mədəni fərqliliklər də çoxdur. O zaman maraqlıdır, yurta bütün Qazaxıstan mədəniyyətini təmsil edə bilirmi? Həmsöhbətimin sözlərinə görə, xeyr. Aknazarov dedi ki, Qazaxıstanın 18 regionundan yalnız beşi burada təmsil olunur. Bunlar Almatı və Çimkənd şəhərləri, habelə Türküstan, Manqıstan və Almatı vilayətləridir. Amma, deyir Aknazarov, pozitiv olmaq lazımdır, gələcək illərdə çalışacaqlar ki, Qazaxıstanın bütün regionları Bakıdakı yurtada təmsil olunsunlar. “Azərbaycanlılar deyirlər ki, qazaxlar qardaş xalqdır və vahid türk millətinin övladları kimi, bizə çox isti münasibət göstərirlər. Burada azərbaycanlılardan bu sözləri eşitmək məni sevindirir, qürurlandırır”, - dedi həmsöhbətim.

Demək ki, iki qardaş xalq arasında bu cür mədəni-tanıtım xarakterli tədbirləri çoxdan, özü də mütəmadi keçirmək lazımmış. Hər halda, bu gün belə bir layihə reallaşıbsa, alqışlanmalıdır. Bəs Bakıda yurta açmaq kimin və ya hansı təşkilatın ağlına gəlib, müəllif kimdir? Aknazarov bu suallara aydınlıq gətirdi: “Tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi, “Discovir Almaty” turizm şirkəti, “Air Astana” aviaşirkəti və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə keçirilir. Amma unutmaq olmaz ki, bu layihənin reallaşmasına Azərbaycan hökuməti də çox böyük dəstək verir. Biz şirkət olaraq əvvəlcə məqsəd-məramımızı Qazaxıstan səfirliyinə bildirdik, müzakirə etdik və yekun nəticəyə gəldik. Artıq iki həftədən çoxdur ki, Bakıda olmağımızın məqsədi xalqlarımız arasında körpü rolunu oynamaq, onları bir-birinə daha yaxından tanıtmaq, qazax milli mədəniyyətini, turizmini təbliğ etməkdır. Çox şadam ki, məhz bu tədbir çərçivəsində iki ölkə arasında bir sıra memarandumlar imzalanacaq. O cümlədən, Qazaxıstan və Azərbaycan Turizm Assosiasiyaları arasında sənədin imzalanması gözlənilir. Bundan başqa, Qazaxıstanın Çimkənd şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında qardaşlaşma haqda memerandum da imzalanacaq. Çox sevinirik ki, iki qardaş ölkə və xalq arasında əlaqələrin daha da genişlənməsinə öz töhfələrimizi verə bilirik”.

Aknazarovla söhbəti tamamlayıb yurtadan çıxdım. Adam əlindən tərpənmək olmurdu, başqa musiqiçilər də gəlmişdi, hər kəsin üzündə sevinc dolu maraq vardı. Mən də izdihama qarışaraq “qonşudan geri qalma” deyib bir-iki xatirə şəkli çəkdirdim. Yeni gələn musiqiçilərə yaxınlaşıb ayaqüstü söhbət elədim.  

“Mən Aybul Xudayberginəm, musiqi qrupu olaraq Qazaxıstanın Taldı Kurqan şəhərindəki Sumbay adına filarmoniyanı təmsil edirik. Azərbaycan dilində desək, aşıqlar qrupuyuq” deyən musiqiçi müsahibim qeyd etdi ki, Azərbaycanda olduqları və qazax milli musiqisini təbliğ etdikləri üçün xoşbəxtdirlər. “Gördüyünüz kimi, əynimizdə sak kostyumu var və biz qazax klassik milli musiqi alətlərində ifa edirik. Hava limanındakı bəzi məhdudiyyətləri nəzərə alaraq bura ancaq klassik musiqi alətlərindən ən məşhur olanları seçib gətirdik. Bunlar dombra, şertir, qobus, şanqobus və barbutdur. Hə, bir də zərb alətlərimiz var”, - Aybul Xudaybergin bildirdi.  

Musiqiçi həmsöhbətim dedi ki, ilk dəfədir Azərbaycana gəlir. “Burada Qazaxıstana və qazax milli mədəniyyətinə olan sevgi və hörmət məni heyran edib. Görürəm ki, mədəniyyətimiz Azərbaycanda hər kəsə maraqlıdır. Bu da təbidir, vahid türk millətinin övladlarıyıq. Uzun illərdir bəlli səbəblərdən bir-birimizdən uzaq düşmüşük, insanlarımız bir-birinin mədəniyyətindən, incəsənətindən ayrı qalıblar. Budur, baxıb görürəm ki, insanlar əynimizdəki milli geyimlərə, ifa etdiyimiz musiqi alətlərinə necə böyük maraqla baxırlar”, - dedi Aybul Xudaybergin.  

Oxunma sayı 2260