Beynəlxalq qiymətləndirmə - təhsilə yön verən tədqiqat

12:43 04.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan beynəlxalq qiymətləndirmə tədqiqatlarında mövqeyini daha da yaxşılaşdırmağı hədəfləyir

Keyfiyyətli təhsil cəmiyyətin inkişafına təkan verən aparıcı qüvvə sayılır. Sürətlə dəyişən dünyada zamanla təhsilin keyfiyyətini qiymətləndirən meyarlar da dəyişir. Bu gün dünyanın təxminən 60-dan çox ölkəsi beynəlxalq qiymətləndirmə təqdiqatlarına etibar edir. Qeyd edək ki, beynəlxalq qiymətləndirmə ölkələrin təhsil sistemlərində ümumi olan və ümumi olduğuna görə də müqayisə edilə biləcək göstəriciləri araşdırmaqla, son nəticədə onların beynəlxalq bazarın tələblərinə uyğun olub-olmamasını öyrənir. Hazırda 60-dan çox ölkənin iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif ölkələrin ibtidai təhsilin son sinifləri və orta məktəb iştirakçılarının təhsil nailiyyətlərini müqayisəli şəkildə qiymətləndirməklə əsas fənlərin tədrisində keyfiyyət dəyişmələrinin tendensiyasını müəyyənləşdirir, fənlərin tədrisinin keyfiyyətinə təsir edən faktorları üzə çıxarır, kurikulumlar, eyni zamanda müxtəlif ölkələrin təhsil prosesinin təşkilinin əsasları haqqında məlumatlar toplayır.

Yeri gəlmişkən, ölkəmizdə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, TIMSS) son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS (riyaziyyat üzrə 463 (2011) - 515 (2019)) beynəlxalq qiymətləndirməsində müşahidə olunub. Məsələn, dünya üzrə TİMSS-2019 beynəlxalq qiymətləndirməsində 64 ölkə üzrə 580 000-dən çox şagird, 310000 valideyn, 52 000 müəllim, 19000 məktəb iştirak edib. Azərbaycan üzrə 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllim TİMSS-2019 beynəlxalq qiymətləndirməsinə cəlb olunub. Ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə edib. Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TİMSS-2019-cu il riyaziyyat nailiyyəti TİMSS-2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə qərarlaşıb. Bundan başqa, "mükəmməl" və "yüksək" qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə "mükəmməl" və "yüksək" qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

TİMSS beynəlxalq tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan vermək, eyni zamanda, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı, öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.

Xatırladaq ki, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Riyaziyyat və təbiət elmlərinə aid fənləri qiymətləndirdiyi üçün TİMSS təhsilin effektivliyini ölçən dəyərli mənbə sayılır. Belə ki, STEM kimi tanınan elm - özlüyündə texnologiya, mühəndislik və riyaziyyat kurikulumlarının əsas sahələridir. Məlumdur ki, indiki zamanda bir çox peşələr riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə sadə biliklərin olmasını tələb edir və bu meylin gələcəkdə artması gözlənilir. STEM peşələrində çalışan insanlar aclıq, təbii yaşayış sahələrinin məhv olması, eləcə də, dünya iqtisadiyyatında davamlı böyümə və stabillik kimi dünyəvi problemlərin həll yollarını tapmaq məsuliyyətini daşıyırlar. Riyaziyyat və təbiət elmlərinə aid fənlər gündəlik həyatın təməlini təşkil edir. Təbiət elmlərinə aid fənlər hava, torpaq, su, eləcə də, ərzaq və yanacaq ehtiyatlarının daxil olduğu həyat sahələrini öyrənir. Riyaziyyat bizə gündəlik işləri idarə etməyə kömək edir və bizim asılı olduğumuz kompüter, ağıllı telefon və televizorlar kimi texnologiyaların inkişafında onun rolu çox vacibdir. Yəni, riyaziyyat və təbiət elmlərinə aid fənlər həyatımızın hər sahəsində yayıldığına görə İEA kimi tanınan Təlim Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya təxminən 60 ildir ki, riyaziyyat və təbiət elmlərinə aid fənlər üzrə beynəlxalq qiymətləndirmələr keçirir. İEA milli tədqiqat institutları və dövlət agentlikləri ilə çalışan müstəqil beynəlxalq təşkilatdır. O, 1959-cu ildən bu günə qədər kros-milli (çoxsaylı ölkələri əhatə edən) nailiyyətlərin öyrənilməsini həyata keçirir. 1960-cı illərdə İEA müxtəlif təhsil sistemlərinə malik olan ölkələr arasında siyasi təsirlərin daha dərindən anlaşılmasına nail olmaq üçün təhsil nailiyyətlərinin beynəlxalq müqayisəli qiymətləndirilməsində öncül olmuşdur. Hazırda İEA-nın Amsterdam ofisi bir sıra beynəlxalq tədqiqatlarda ölkələrin iştirakını təmin edir və İEA-nın Hamburq bölməsi məlumatlar hazırlayıb yayan və tədqiqat aparan böyük mərkəzdir. İEA-nın əsas proqramı olan TİMSS dünyanın hər yerində iştirakçı ölkələrin öz nümayəndələri tərəfindən keçirilməsi təmin edilən korporativ tədqiqatdır. TİMSS Boston Kollecinin Linç Məktəbindəki TİMSS və PİRLS Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən idarə edilir. TİMSS və PİRLS birlikdə üç fundamental fənn - riyaziyyat, təbiət elmləri fənni və oxu üzrə nailiyyətləri ölçür.Ümumilikdə, öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur. Ölkəmiz sonuncu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun sözlərinə görə, Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır: “Milli Prioritetlərə dair sənəddə də ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq əsas vəzifələrdən biridir.Adıçəkilən beynəlxalq qiymətləndirmələr tədqiqat xarakteri daşıyır və ölkələrə təhsil siyasətini formalaşdırmağa kömək edir. Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır. İnstitutun bu fəaliyyət sahəsi ilə məşğul olan ayrıca şöbəsi də mövcuddur. Qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, TIMSS) son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS (riyaziyyat üzrə 463 (2011) - 515 (2019)) beynəlxalq qiymətləndirməsində müşahidə olunmuşdur. Məhz bu cür tədqiqatlar nəticəsində hansı istiqamətdə inkişafetdirici addımların atılması ilə bağlı fikir formalaşır. 2016-cı ildən bəri bu qiymətləndirmə tədqiqatlarının tələblərinə uyğun müxtəlif layihələr: “STEAM Azərbaycan”, “İcma əsaslı məktəbəqədər təhsil”, “Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” həyata keçirilir, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunur. Əldə olunmuş müvəffəqiyyətlərlə yanaşı görüləcək işlər də hələ çoxdur. Belə ki, beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz riyaziyyatdan nisbətən yaxşı nəticə göstərsələr də, təbiət fənləri üzrə nəticələrin qənaətbəxş olmadığını görürük. Təhsil İnstitutu tərəfindən hazırda təbiət fənlərinin məzmununun təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə nəticələrin yaxşılaşmasına zəmin yaradacaq. Məzmunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən biri və beynəlxalq qiymətləndirmə tədqiqatlarında ən yüksək nəticələr göstərən Sinqapurla əməkdaşlıq edilir. Vurğulayaq ki, beynəlxalq qiymətləndirmələr bilik yarışı deyil, təhsil sistemimizin cari vəziyyətini qiymətləndirmək, boşluqları tapıb aradan qaldırmaq üçün müvafiq addımlar atılmasına imkan yaradan tədqiqatlardır. Beynəlxalq qiymətləndirmələrin nəticələri mütəmadi tədqiq olunur və digər ölkələrin nəticələrinin yaxşılaşdırmasına yönəlmiş addımlar öyrənilir. Nəticələrə hansı sosial-iqtisadi faktorların, xüsusilə maliyyələşmənin həcmi və makro səviyyədə sistemin təsirləri araşdırılır. Dərin tədqiqatlar bizə atılan addımların effektiv və müvəffəqiyyətli olmasına imkan verəcək”.

 

 

Oxunma sayı 677