İldə bir dəfə, 23 iyul anım günündə yada düşür Ağdam. Bu gün Ağdamın işğalı günüdür. Düz 26 ildir ki, Ağdam bizdən uzaq düşüb, xeyr, biz Ağdamdan uzaq düşmüşük. 26 ildir ki, o doğma torpaqlar bizi gözləyir. Amma biz hələ də toylarda, məclislərdə Ağdamın şəninə sağlıqlar deyir, Ağdam, kəndimuz havasına oynamaqla meydanlardan çıxmırıq. 26 ildir ki, qəlbimiz göynəyir, qəssabın əlində ölümünü gözləyən quzu gözləri kimi gözlərimiz yazıq-yazıq yol çəkir, Ağdam deyə-deyə dünyamızı dəyişirik.
Hər il olduğu kimi, bu dəfə də Şəhidlər xiyabanına bir neçə ağdamlı toplaşacaq, bir deputatımız, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri gəlib şəhidlərimizin qəbri üstünə bir-iki qərəfil qoyub çıxıb gedəcəklər evlərinə. Bununla da Ağdama yenə də “əlvida” deyəcəyik.
Qəribədir, əvvəllər Ağdam, Şuşa, Kəlbəcər, doğma yurd yerlərimiz yuxularımıza tez -tez girərdi. Kəndimizi, dağlarımızı görərdim. İndi ürəyimiz nə qədər soyuqlaşıb, buzlaşıbsa, artıq Ağdam yuxumuza da girmir.
Bir gün getmişdim Ağdama. Getdim Ağdamı, doğma kəndimizi gəzdim. Evlərimiz bom-boş idi. Bir başı papaqlı görmədim. Kəndimizdən təxminən 300 metr aralıda qəbristanlıq məzarında uyuyan tək babamı həyətimizdə gördüm. Mənimlə çox soyuq görüşüb evə dəvət edib dedi:
- Hardasan ay oğul, düz 26 ildir ki, evimiz boş qalıb, bu güllü, meyvəli bağ-bağçanı qanqal, koluqlar basıb, evimiz ilan, siçovul yuvasına çevrilib. Hardasan, niyə gəlib yurduna, evinə sahib çıxmırsan. Alın tərimlə, min bir əzab-əziyyətlə bu evi tikmişəm, xaraba qalmış bu bağça-bağı salmışam. Min illərlə yaşı olan dədə-baba torpaqlarını qoruyub sizə ərmağan elədik. Bəs siz dədə-baba torpağını qoyub hara getmisiniz? Kişi də yurdundan, evindən perik düşərmi, niyə belə elədiniz ay oğul?
Babam yol boyu gedə-gedə Vənglə məni tanış edərdi. Ağdamdan gələndə yolun sol tərəfində hündür bir yerdə meşənin içindən görünən kilsəni göstərib dedi ki, yadında saxla, bu Alban kilsəsidir. Vaxtilə bu yerlərdə albanlar yaşayıb. Sonra məni Kəlbəcərə aparıb yurd yerlərimizlə tanış edərdi. Axırda Ağdabana gedib Dədə Şəmşirin qonağı olardıq. Çünki Şəmşirlə babam yaxın dost idilər.
Nəhayət, günün ikinci yarısı evimizə qayıtdıq. Babam üzünü mənə tutub dedi: ”Bala, ermənilərin kimliyini, xasiyyətlərinə kimi sənə öyrətmişdim. Səni Vəngə, ermənilərin içinə ona görə aparırdım ki, onları tanıyasan. Ay oğul, niyə bu qədər soyuqqanlı olmusan. Kişi də yurd yerlərini tərk edib gedərmi? Fikirləş, bir özünə gəl. Qayıt, kəndinə qayıt, bala! Bu yurd yerləri səni gözləyir”.
Xəcalətimdən başımı aşağı tikdim. Həyətimizdəki tut ağacını görüb uşaqlıq illərini xatırladım. Babam tut ağacının budağından yoğun ip asıb yelləncək düzəltmişdi. İsti yay günlərində tut ağacının altında oturub çörəyimizi yeyərdik. Sərin tutun kölgəsi altında dincələrdik. Anam məni yelləncəyə mindirib yellədərdi. İpin izləri tutun budağında qalardı. Həmin tutun altına oturub kürəyimi gövdəsinə söykəyib yuxuya getdim...
Gözlərimi açanda nə kəndimizi, nə də babamı gördüm. Dərindən ah çəkib dedim. Unuduldun Ağdam, sən də unuduldun! Bir daha yuxuma girməzsən mənim.