Böyük Qayıdışa gedən yol

11:48 16.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsinin ildönümünə sayılı günlər qalır. Müzəffər Azərbaycan ordusunun ötən ilin sentyabrın 27-də başlatdığı əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz azadlığına qovuşdu.

Bu qələbə həm də Böyük Qayıdışın təməlini qoydu. Hər keçən gün bizi azad olunmuş torpaqlara qayıdışa daha da yaxınlaşdırır. Çünki hazırda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində işlər sürətlə davam etdirilir. Azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Belə ki, dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal iş aparırlar. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir. Bu ərazilərdə reallaşdırılan layihələrin mərhələli şəkildə, nəzərdə tutulan müddətdə təhvil verilməsi isə Böyük Qayıdışa gedən yolun heç də uzaqda olmağıdığına ümidləri daha da artırır. Bunun əyani sübutu isə bu yaxınlarda Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsidir. Sentyabrın 5-də hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş etməsi həm də ən böyük tarixi hadisələrdən biridir.

Yeri gəlmişkən, 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Əlbəttə, bu, ilkin məbləğdir və Qarabağın dirçəlməsinə davamlı şəkildə vəsait ayrılacaq. Çünki işğdaldan azad edilmiş ərazilərin böyük əksəriyyətində inftastruktur tamamilə dağıdılıb, demək olar ki, mənfur düşmən daşı-daş üstə qoymayıb. Bunları nəzərə alaraq demək olar ki, müxtəlif bölgələrə fərqli dövrlərdə mərhələli şəkildə məskunlaşma mümkün ola bilər.

Qeyd edək ki, uzun illər düşmən tapdağı altında olan bu ərazilərdə əsas məsələlərdən biri də pay torpaqlarının əhali arasında bölünməsi ilə bağlıdır. Maraqlıdır, bu proses gələcəkdə hansı yolla tənzimlənəcək? Dövlət ehtiyacı üçün alınacaq torpaqlarla bağlı vətəndaşlarla hansı formada razılığa gəlinəcək?Ümumiyyətlə, Böyük Qayıdış layihəsi hazırda hansı mərhələdədir?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, ötən ilə qədər bütün Azərbaycan xalqı həmin torpaqların həsrətində idi:

“2020-ci ilin 27 sentybrından 1 ilə yaxın vaxt keçir. Ötən il bu vaxtı o torpaqların necə azad olunacağı barədə düşünülürdü. Ölkə Prezidenti davamlı şəkildə müsahibələr verirdi, xarici ölkələrə gedirdi, BMT, ATƏT qarşısında işğal altında olan torpaqlarımızla bağlı məsələlər qaldırırdı, müzakirələr aparırdı. Artıq həmin dövrdən bir ilə yaxın vaxt keçib və bu gün fəxrlə deyirik ki, işğalda olan torpaqlarımız azad olunub. Bu elə Böyük Qayıdışın təməlidir. Əlbəttə ki, qayıdış problemi çox çətindir, çünki 30 ildə işğal altında qalan, dağıdılan, məhv edilən, minalanan o torpaqlara birdən-birə qayıtmaq  çox çətin məsələdir. Ancaq bir ilə yaxın müddətdə görülən işlərə nəzər salsaq görərik ki, möhtəşəm tədbirlər həyata keçirilir. Bu gün biz Füzuli beynəlxalq hava limanından, Şuşaya çəkilən yoldan, Şuşada keçirilən beynəlxalq tədbirlərdən, Kəlbəcərə çəkilən yollardan, Laçına və digər ərazilərdə inşa olunan təyyarə meydanının tikintisindən danışırıq. Təbii ki, bu çox böyük işlərdir. Düşmən tərəfindən dağıdılan, viran qoyulan ərazilər yenidən qurulur. Həmin yerlərə qayıdış da tezliklə baş tutacaq. Bu gün bizim insanlar, eləcə də xarici ölkələrin nümayəndələri, jurnalistlər, beynəlxalq təşkilatların təmsilçiləri Füzuliyə, Ağdama, Şuşaya və s.kütləvi şəkildə səfər edirlərsə və o yerlərdə törədilən vandalizmi öz gözləri ilə görürlərsə, onu təbliğ edirlərsə, bu özü qayıdışa bir təkandır, bir nümunədir. Sözsüz ki, biz o yerlərə qayıdacağıq. Amma ilk növbədə o torpaqlar minalardan təmizlənməli, təhlükəsizlik təmin olunmalı, həyat şəraiti yaradılmalı, insanların yaşayışı, onlara xidmət üçün əlverişli imkan olmalıdır. Bu gün sadaladığımız istiqamətlərdə ən müasir səviyyədə layihələr həyata keçirilir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələrəri beynəlxalq səviyyəli layihələrdir”.

Milllət vəkili vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə dünya miqyasında analoqu olmayan layihələr həyata keçirilməkdədir: “Cənab Prezident də dəfələrlə bildirib ki, birinci təhlükəsizlik məsələsini həll etməliyik, insanlar üçün şərait yaratmalıyıq, iş yerləri olmalı, infrastruktur layihələri həyata keçirilməlidir. Daha sonra insanlar gedib həmin yerlərdə azad yaşamalıdırlar. Bəziləri deyir ki, bu gün biz vaxt itirmədən gedək. Gedək orada neyləyək axı? Əgər həmin ərazilərdə təhlükəsizlik yoxdursa, iş yerləri, məktəb, xəstəxana, ictimai-iaşə obyektləri yoxdursa orada neyləmək olar. Ona görə də bu məsələlərə ağılla, düşüncə ilə yanaşmaq lazımdır. Müxalifət qüvvələri, müəyyən Azərbaycanı istəməyən qüvvələr var ki, bu gün durub deyirlər ki, biz Şuşaya gedə bilməyəcəyik, Şuşa artıq qoruq elan olunub. Amma məsələ belə deyil, biz tezliklə həmin ərazilərə dönəcəyik”.

Böyük Qayıdışdan sonra pay torpaqlarının əhali arasında necə bölünəcəyi məsələsinə də aydınlıq gətirən komitə sədri bildirib ki, artıq həmin ərazilərdə torpaqların reyestri müəyyənləşdirilib: “Bu yerlərin hamısının xəritəsi aydınlaşdırılıb. Ancaq biz bilirik ki, azad olunmuş ərazilərdə müxtəlif layihələr nəzərdə tutulur. Tutaq ki, Laçında əvvəl 100-dən artıq kənd var idi. Elə kənd var idi ki, orada 15-20 ev vardı. İndi nəzərdə tutulur ki, belə kəndlər birləşdirilsin. “Ağıllı kənd”, “ağıllı şəhər” nümunəsində bu kəndlər böyüdülsün. Yəni, bir neçə yaxın kənd birləşdirilsin və infrastruktur yaradılsın və insanlar daha rahat hərəkət edə bilsinlər. Həmin yaşayış məntəqələrində aqrar sektorun inkişafı üçün də müəyyən tədbirlər görüləcək. Arıçılıq, heyvandarlıq kompleksinin, aqrar parkların  yaradılması kimi məsələlər hədəflənir. Bu çox düzgün konsepsiyadır. Təbii ki, bu torpaqlar tamamilə minalardan təmizlənəndən sonra bu ərazilərdə müəyyən qaydalar da yaradılacaq. Bələdiyyə institutu formalaşdırılacaq, icra nümayəndəlikləri, inzibati orqanların təmsilçiləri olacaq. Yəni, bu məsələdə heç bir problem olmayacaq. Həmin yerlərin xəritələri var, geri dönüş olduqca bələdiyyə torpaqları da, dövlətə məxsus torpaqlar da, elə xüsusi mülkiyyətdə olan torpaqlar da müəyyən olunacaq. Məsələn, Ağdamın layihəsi ictimaiyyətə təqdim olundu. Həmin layihə gördünüz ki, necə mükəmməl hazırlanıb. Ağdama, eləcə də digər regionlara getmək istəyənlərin hamısının qeydiyyatı aparılıb. Tutaq ki, Ağdamda böyük müasir şəhər yaradılacaq. Sakinlər isə rayonun ətrafında torpaq sahələri ilə təmin olunacaqlar. Yəni, şəhər özü müasir olacaq, parklardan, gözəl binalardan, muzeylərdən ibarət olacaq. Artıq əvvəlki kimi muzeyin yaxınlığında hansısa yaşayış məntəqəsi salmaq mümkün olmayacaq, elə bilirəm ki, bu düzgün addım da olmaz. Bu da düzgün addımdır. Qoy muzeyin yanında müasir park olsun, insanlar da gələndə yaxşı dincəlsinlər, müasir şəhər görsünlər. Yəni, heç kəs narahat olmasın, gələcəkdə torpaqların bölgüsü qanunauyğun şəkildə aparılacaq”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Qarabağda müəyyən mərhələlərdən sonra iqtisadiyyatın inkişafı ilə bağlı proses başlamalıdır:

“Artıq həmin bölgələrin iqtisadi potensialı qiymətləndirilib. Bilinən ondan ibarətdir ki, ilk növbədə kənd təsərrüfatı və turizm sektorunun inkişafı üçün kifayət qədər böyük potensial var. Tarixi dəyərlər, flora və faunanın uyğunluğu, coğrafi mühit baxımından turizmin kifayət qədər böyük potensial daşıdığı bildirilir. Həmin ərazilərdə, faktiki olaraq, yeraltı qiymətli metal və daşlar, eyni zamanda, qiymətli tikinti materialları ilə zəngin yataqlar var. Bu baxımdan mədən sənayesinin də inkişafında potensiallar dəyərləndirilir. Düşünürəm ki, Qarabağın yenidənqurulmasının növbəti mərhələlərində bu üç istiqamət bölgə iqtisadiyyatının formalaşmasında prioritet olacaq. Amma eyni zamanda, təbii ki, bu sahələrin inkişafı digər sektorların inkişafı üçün də əlverişli mühit yaradacaq. Digər tərəfdən, bölgədə innovasiyanın tətbiqi ilə müasir tələblərə uyğun istehsal sahələri də yaradılmalıdır. Məsələn, xüsusi iqtisadi zonaların yaradılması məsələsi vacib məqamdır. Burada həm sənaye parkları və məhəllələri, turizm rekreasiya zonalarının yaradılması, həm də azad ticarət zonalarının, aqroparkların yaradılması kimi məsələlər üçün kifayət qədər əlverişli mühit var”.

Oxunma sayı 55