Böyükdən çox uşaqların ayaq açdığı “mall”lar – 70 gün sonra yenə məsuliyyətsizlik mənzərəsi

15:14 01.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

70 gün idi ki, bağlanmışdı. Alış-veriş mərkəzləri də, restoranlar da boş idi. Nazirlər Kabineti yanındakı Operativ Qərargahın qərarı ilə bu gündən “mall”ar fəaliyyətə başladı. Alış-veriş və əyləncə mərkəzlərində son durumu öz gözlərimizlə görmək üçün bu sabah yolumuzu “mall”lardan saldıq.

Hafta.az-ın obyektivindən olub-bitənlərə şahid olmaq istəyirsinizsə, monitora bir qədər də yaxın əyləşin. Sizə hardan deyim, “Gənclik Mall”dan. Yolumuzu ilk saldığımız məkan bura idi. Girişdə ağızı maskalı mühafizəçilər dayanıb. Çantaları yoxlamaq öz yerində, bu köhnə işləridir, indi də xəbərdarlıq edirlər. Daha dəqiq desək, tibbi maska olmadan adamları “mall”ın ərazisinə buraxmırlar.

Üstəlik, maska yarımçıq taxılıbsa, yəni, burun hissəsini örtmürsə, kimliyindən asılı olmayaraq, xəbərdarlıq edilir. Tibbi maskası olmayanlar isə ümumiyyətlə alış veriş və əyləncə məkanlarına buraxılmır. Hələ xəbərdarlıq da edilir ki, 100 manat cəriməsi var. Söhbətin axırını əvəldən deyim ki, “mall”dan çıxanda da eyni durumdur. Mühafizəçilər adamları xəbərdarlıq etdikdən sonra buraxırlar. Amma hələ ki, şifahi formada...

İçəri keçirik. Bizi soluq bənizli mağazalar qarşılayır. Ərzaq mağazalarından fərqli olaraq geyim və aksessuar köşklərində seyrəklik müşahidə olunur. Amma bir-iki mağazada diqqətimizi müəyyən nüanslar çəkdi. Adamlar ara məsafəsini qorumaqla içəri daxil olurdular. Daha doğrusu, bunu tənzimləyən mağaza işçisi idi. Özü də əlində tibbi spirt vardı. Adamların əllərini spirtlədikdən sonra içəri buraxırdı. Açığını desək, buna hər mağazanın önündə rast gəlmədik. Amma işini sağlama alanlar da az deyildi.

Başqa bir məsələ isə içəridən maska ilə keçən adamlar eskolatorda maskaları yarıya qədər endirir, bir-biri ilə söhbət etməyə başlayırdılar. “Mall”ın içərisindəki nəzarətçilər isə girişdəki qədər tələbkar görünmürdülər.

Kişi geyimləri satılan mağazalar boş idi... Adamlar az-az gəlirdilər. Qadın mağazalarında isə durum fərqlidir. Azyaşlı, məktəbli uşaqlarla ağzına qədər dolu olan paltar mağazalarının sayı az deyildi. Paltar almaq üçün gələnlər də vardı, sadəcə baxıb bayıra əliboş çıxanlar da...

Alış-veriş mərkəzlərindən fərqli olaraq çay və kofe təklif olunan stollarda sıxlıq müşahidə olunurdu. Adamlar çox idi. Diqqət çəkən məqamlardan biri də böyüklərdən çox uşaqların olması idi. Demək olar ki, uşaq əlindən tərpənmək mümkün deyildi. Hətta iş o yerə çatmışdı ki, gənc valideynlər azyaşlı və məktəbli uşaqları başlı-başına buraxmışdılar. Ortalığı qarışdırmaqla məşğul idilər. Şıltaqlıqlarından qalmırdılar. Elə yemək və “fast-food” brendlərinin də önündə növbə çox idi. Bundan başqa, ara məsafələri də gözlənilmirdi. Əməlli-başlı basabas var idi. Uşaqların, bəzi hallarda böyüklərin də ağızlarındakı maskalar tam olaraq örtülməmişdi. İnsanlar ağız-ağıza söhbət edirdi. Hətta bir məqamda yaşlı bir müəllimə arxadan valideynlərə dilləndi ki, uşaqları sıxlıqdan kənarda tutsunlar:

-Dövlət məktəbləri bağlayıb. Uşaqların təhlükəsizliyini qoruyur. Bunlar da uşaqları yeyib-içməyə gətirir.

“Gənclik Mall”dan ayrılarkən çıxışa yaxın hissədə kitab mağazasının yanından keçdim. İçəridə bayaqkı məktəbli uşaqları görmədim. Nə də valideynlərini... Bir – iki nəfər var idi, vəssalam...

“28 Mall”da da aşağı-yuxarı vəziyyət eyni idi. Uşaqlar böyüklərdən çox idi. Valideynlər iş günü olmasına baxmayaraq, övladlarının əlindən tutub malla gətirmişdilər. Onlardan bəziləri övladları üçün “kids shop” mağazalarına girir, bəziləri də kofe və ya çay sifarişi verirdilər. Stolların demək olar ki, əksəriyyəti tutulmuşdu. Amma bu, mərtəbələrə görə dəyişirdi. Bəzi mərtəbələrdə süstlük hökm sürürdü. Kişi paltarları satan mağazalar burada da “işləmirdi”. Seyrəklik vardı. Sinemaların və “fast-food”ların önündə isə adamlar çox idi. Aksessur mağazalarının önü də seyrəklik “qoxuyurdu”. Əsasən yeniyetmə yaşında olan məktəblilər mərtəbələrin başına dolanır, eskolatorda bir-birləri ilə zarafatlaşırdılar. Girişdə ağızlarına taxdıqları tibbi maskaları da əllərində...

Unutmamışkən deyim ki, binanın girişində mühafizəçilər ayıq-sayıq idilər. Qadın və kişi mühafizəçilər öz həmcinslərinə tapşırırdılar, hətta xəbərdarlıq edirdilər ki, maskaları taxsınlar. Ağızlarında tibbi maska olmayanlar da vəziyyətin ciddiliyini görüb, bəzi hallarda heç "mall”a daxil olmurdular. Yuxarı mərtəbələrdəki mühafizəçilər də ara-sıra insanlara xəbərdarlıq edirdilər ki, maskaları tam olaraq taxsınlar. Yuxarı mərtəbələrdə daha çox sıxlıq müşahidə olunurdu. Hətta bəzi hallarda yeniyetmə məktəblilər öz həmyaşıdları ilə “fast-food” sifarişlər verir, əylənirdilər. Yenə də ara məsafəsinə fikir verilmirdi.

Restoranlarda isə vəziyyət bir qədər fərqlidir. Girişdə tibbi spirtlə gülərüz xanımlar dayanır. Əsasən “fast-food” yeməkləri və qəlyanaltılar təklif edən bu restoranlarda xanımlar içəri daxil olan müştəriləri tibbi spirtlə “salamladıqdan” sonra ağızlarında tibbi maska olmaq şərti ilə içəriyə buraxırdılar. Stolların düzülüşündə də ara məsafəsi gözlənilirdi. Hiss olunurdu ki, 2-3 metrlik məsafədən bir qoyulub. Amma burada da böyüklərdən çox uşaq və yeniyetmələr gözə dəyirdi. Bir ana yanında iki, üç uşaqla restoranların qapısından içəri keçirdi. Amma “Mall”lardan fərqli olaraq restoranlarda uşaqlar tibbi maskaları çıxarmağa elə də həvəsli deyildilər.

Bəzi hallarda restoranlarda ara məsafəsi olmasına baxmayaraq, seyrəklik də müşahidə olunurdu. İstənilən halda 70 gün sonra gördüyümüz məsuliyyətsizlik mənzərəsi yenə də dəyişməmişdi... İnsanlar məsuliyyətsizliyi ilə milyonlarla insanın sağlamlığını təhdid edən koronavirus pandemiyasına kor-koranə “meydan oxuyur”dular.

Oxunma sayı 2103