Britaniyalı həkimlər yaxşı qazanc ardıyla xaricə axışırlar

10:30 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya son illər həkimlərin xaricə mühacirət etdiyi ölkələrdən birinə çevrilib və bu hal getdikcə özünü daha açıq göstərir.

Hafta.az-ın “The Telegraph”a istinadən yazdığına görə, General Medical Clinic tərəfindən Ümumi Tibb Şurasının məlumatlarına əsasən hazırlanan və İngiltərə mətbuatında da əksini tapan hesabatda həkimlərin ölkədən xaricə immiqrasiyasına dair xəbərlər yer alıb.

Məlumata əsasən 2022-ci ildə xaricdə işləməyə icazə verən sertifikat üçün müraciət edən həkimlərin sayı 6950 olub. Hesabatda bu rəqəmin 2021-ci ildə 5576 olduğu və bir ildə 25 faiz artım olduğu vurğulanıb. 2 il ərzində 12526 həkim İngiltərəni tərk edərək başqa ölkələrdə işləmək üçün icazə istəyib.

Xəbərdə, gedənlərin təxminən 25 faizinin Böyük Britaniya ilə dil, mədəni və hətta etnik oxşarlıqları olan Avstraliyanı seçdiyi bildirilib. Bu ölkəni Britaniya mədəniyyətinin üstünlük təşkil etdiyi Yeni Zelandiya izləyir.

Başqa bir araşdırmada, yeni məzun olmuş 4500 gənc həkimin üçdə birinin yaxın illərdə işləmək üçün Avstraliya və Yeni Zelandiyaya müraciət edəcəklərini söylədiyi qeyd edilib.

Təbii ki, bu üstünlüklərin birinci səbəbi daha çox qazancdır. Yeni məzun olmuş həkim Avstraliyada ildə 170 min funt sterlinq qazanır, ancaq Böyük Britaniyada qalarsa bu məbləğin yalnız yarısını əldə edə bilər. Bundan əlavə, Avstraliya və Yeni Zelandiyanın mülayim iqlimi və yaşayış şəraitinin rahatlığı həkimləri cəlb edən səbəblər sırasındadır.

Avstraliya qədər olmasa da, Yeni Zelandiya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ Böyük Britaniyadan olan həkimlərin işləmək üçün üstünlük verdiyi ölkələr sırasındadır.