“Bu axşam hər kəs özünü Rumıniyada hiss edəcək” – Səfir Vasile Soare

22:10 03.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kamera və Orqan Musiqi zalında Rumıniyadan təşrif buyurmuş məşhur trionun ifasında Azərbaycan-Rumıniya Diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

Hafta.az-ın yazdığına görə, konsertdə gitara, pan-fleyta və lira ifaçısı, eyni zamanda musiqi qrupunun solisti olan Florin-Radu Ştefan, zərb alətlərində Mihail Petrut və elektro-pianoda Petru Damşa çıxış ediblər.

Tədbirin açılışında çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare deyib ki, bu axşam tamaşaçılara sürpriz dolu möhtəşəm bir gecə yaşadacaqlar. “Bu axşam hər kəs özünü Rumıniyada hiss edəcək. Çünki Rumıniyanın Bakıya təşrif buyurmuş çox məşhur üçlüyün ifasını dinləyərək, şənlənəcəksiniz. Sonda sizi maraqlı bir sürpriz də gözləyir” deyən səfir daha sonra Rumıniya-Azərbaycan ikitərəfli əlaqələrindən söz açıb.

Rumıniyalı diplomat qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmaqdadır. “Geridə buraxdığımız bu 30 il ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rumınlar və azərbaycanlılar arasında böyük layihələr həyata keçirilib: Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub. SOCAR Rumıniyanın yanacaq bazarına daxil olaraq özünün ilk xarici nümayəndəliyini orada açıb. Bakıda isə rumıniyalı dahi bəstəkar George Eneskunun abidəsi ucaldılıb. Bakıda Xarici Dillər Universitetində Rumın Dili, Mədəniyyəti və Sivilizasiyası Mərkəzi fəaliyyət göstərməkdədir və bu yaxınlarda Yassi Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzi açılıb. Rumın və Azərbaycan ədəbiyyatı klassiklərinin şah əsərləri hər iki ölkədə tərcümə olunub, daimi olaraq müxtəlif mədəni mübadilələr aparılmaqdadır və sair. Bütün bunlar isə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin necə sıx və yüksək səviyyədə olduğunu göstərir”, - deyib cənab Soare.

Diplomat bildirib ki, bu gün Rumıniya ilə Azərbaycan yaxın dost, strateji tərəfdaşdırlar və əlaqələr durmadan daha da dərinləşməkdədir. İkitərəfli dostluq münasibətlərinin özülünün möhkəm olduğunu qeyd edən səfir xatırladıb ki, Rumıniya 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olub. “Hətta deyərdim ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan üçüncü yox, ikinci dölətdir. Çünki Türkiyə Azərbaycanla qardaş dövlətdir və necə deyərlər, azərbaycanlılar üçün xarici ölkə sayılmır. Bu mənada Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci xarici dövlət olduğunu deyə bilərik və biz bundan qürur duyuruq” deyən səfir Soare bildirib ki, 1992-ci il iyunun 19-da Rumıniya ilə Azərbaycan arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr qurulub. 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni yüksək səviyyədə təklif edən və bunu imzalayan ilk Avropa İttifaqına üzv dövlət olması ilə tarixə düşüb.

Çıxışın sonunda səfir bir daha bildirib ki, bu axşam insanları öz musiqiləri ilə valeh etməsi üçün Şimali Rumıniyanın Maramureş əyalətindən həqiqi bir virtuoz, instrumentalist solist Florin-Radu Ştefanı Bakıya dəvət ediblər. O, iki tərəfdaş sənətçinin müşayiəti ilə qonaqları əfsanəvi qədim Rumıniya Transilvaniyasının əsl Rumıniya ruhu ilə tanış edəcək, həm qədim, həm də müasir rumın musiqisi ilə tamaşaçıları sehrləyəcəklər.

Daha sonra musiqi qrupu səhnədə yerini alıb və çoxsaylı tamaşaçı kütləsi qarşısında möhtəşəm konsert proqramı ilə çıxış ediblər.