Bu ay milli parklarda silsilə tədbirlər keçiriləcək

19:41 02.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Tədbirlərin keçirilməsində məqsəd ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin dirçəlişini, baharın ilk əlamətlərini vəhşi təbiət qoynunda müşahidə etmək istəyənlər üçün Azərbaycanın milli parklarında tədbirlər keçirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 3 mart tarixində Göygöl milli parkı, od çərşənbəsində yazın və təbiətin oyanışını görmək məqsədilə ekotur və bayram tədbiri, 10 martda Qızılağac milli parkı, yel çərşənbəsində “Yurdumuza bahar gəlir” adlı sərginin təşkili və bayram tədbiri, 14 martda Abşeron Milli Parkı, park ərazisinin qədim zamanlardan sevgiyə inanc gətirən yer olması ilə bağlı əfsanənin müasir konseptdə təqdimatı - "Sevgi qapısı"nın açılışı, 17 martda Hirkan Milli Parkı, torpaq çərşənbəsində parkın füsunkar təbiəti ilə yaxından tanışlıq və bayram tədbiri, 21 martda Şirvan Milli Parkı, “Ümumdünya torpaq günü” ilə əlaqədar seminar və safari turu, 22 martda Şahdağ Milli Parkı, “Ümumdünya su günü” ilə əlaqədar Xanagah və Qoşabulaq şəlalələrinə ekotur, 28 martda Samur-Yalama Milli Parkı, məktəblilər üçün açıq dərs, 29 martda Altıağac Milli Parkı, məktəblilər arasında “Milli Parklarımızı tanıyaq” adlı bilik yarışması keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi 3 kateqoriyaya bölünür: Milli parklar, Dövlət təbiət qoruqları və Dövlət təbiət yasaqlıqları. Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faiz, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 faiz, dövlət təbiət qoruqları 1,39 faiz, dövlət təbiət yasaqlıqları isə 4.05 faizni təşkil edir.

Xatırladaq ki, Milli parklar bütün növ insan fəaliyyətinə məhdudiyyət qoyulan qoruqlardan fərqli olaraq, turistlərin gəlməsinə, maarifçiliyin, elmi mədəni məqsədlər üçün istifadə etməyə icazə verilmiş qorunan sahələrdir. Dünyada ilk  milli park ABŞ-a olan Yelluston Milli Parkı(1872) hesab edilir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağ göl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli park yaradılıb. Belə ki, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı fəaliyyətə başlayıb. Hazırda isə “Zaqatala biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Yeri gəlmişkən onu da vurğulayaq ki, təkcə ötən il ərzində milli parklarda mövcud ekoturizm marşrutları üzərindəki məlumat lövhələrinin sayı artırılıb, milli parklarda “uşaq guşələri” yaradılıb. Ötən ilin 8 ayı ərzində milli parkları 74 mindən çox turist ziyarət edib. Turistlərin ən çox səfər etdiyi xüsusi mühafizə olunan təbiət ərazisi Göygöl Milli Parkı olub. Həmin əraziyə gələn turistlərin sayı 52 min 605 nəfər olub. Onlardan 47 min 236 nəfərini yerli, 5369 nəfərini isə xarici vətəndaş təşkil edib. Bu ilin 9 ayı ərzində isə milli parklara 82 min 680 nəfər səfər edib, turist sayı orta hesabla 3 dəfəyədək artıb. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Milli parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb.

Onu da deyək ki, Azərbaycanın milli parklarında ötən il müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər təşkil olunub. Məsələn, qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi təşkil edilib. Bu tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır. Belə ki, milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılması çərçivəsində Samur-Yalama milli parkında milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü, Abşeron milli parkında qaçış marafonu, Hirkan milli parkında veloyürüş, Göygöl milli parkında macəra turizmi, Şirvan milli parkında quşların müşahidəsi və ornitoloji seminar, Ağgöl milli parkında həvəskar balıq ovu turniri, Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş, Altıağac milli parkında piyada yürüş marafonu, Qızılağac milli parkında həvəskar balıq ovu turniri, Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar təşkil edilib.

Bundan başqa, Abşeron yarımadasının ən son nöqtəsi olan "Qartalın dimdiyi" adlanan ərazinin turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək üçün müxtəlif ideyalar da var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər. Qeyd olunub ki, “Qartalın dimdiyi", “ Şah dili” burnu ərazisi barədə də rəvayətlər mövcuddur və təəssüf ki, indiyədək xalq arasında dolaşan bu rəvayətlərdən turistlərin cəlb edilməsi üçün istifadə edilməyib. "Qartalın dimdiyi" ərazisinin məhəbbət, saf duyğu və and məkanı olmasıyla bağlı müxtəlif rəvayətlər var. Onları toplayıb gələn turistlərə təqdim etmək olar. Həmin ərazidə rəmzi xarakter daşıyan guşə yaradılması ilə bağlı ideyalar da var. Yəqin ki, yaxın vaxtlarda bu layihələr reallaşacaq.

Mütəxəssislər də hesab edirlər ki, Azərbaycanda ekoturizm inkişafı üçün geniş imkanlar var. Belə ki, olkəmizin meşə relyefinin zənginliyi, həmçinin iqlim şəraitinin əlverişli olması bu sahədə müəyyən addımlar atmağa imkan yaradır. Ekspertlərin fikrincə, ekoturizmlə bağlı insanları maarifləndirmək üçün birinci növbədə müxtəlif marşrutlar işlənilib hazırlanmalıdır. İnsanları maarifləndirmək məsələsində isə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar yeni turlar, yeni marşrutlar hazırlamalı, bunun təbliğini də qurmalıdırlar ki, insanlar ekoturizmə ciddi maraq göstərsin.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 286