Daxili bazarda e-ticarət niyə inkişaf etmir? - Araşdırma

13:59 04.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda COVID-19 pandemiyası ilə əlaqədar elektron ticarət, onlayn iş, onlayn ödənişlər həyatımızın bir parçasına çevrilib. Belə demək mümkündürsə, pandemiya xüsusilə elektron ticarətə, elektron ödənişlərə sanki bir "töhfə" vermiş oldu. Azərbaycanda bu ticarət növü geniş yayılmasa da, pandemiya dövründə iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması nəticəsində insanlar onlayn alış-verişə üstünlük vermək məcburiyyətində qaldılar. Bunun nəticəsidir ki, son bir ildə ölkəmizdə onlayn alış-veriş edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Statistik məlumatlara əsasən isə Azərbaycanda elektron ticarətin həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfəyə qədər yüksəlib. "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakarın sözlərinə görə, bu rəqəm qeyd olunan müddət ərzində 0,6 milyard manatdan 3,7 milyard manata yüksəlib: "Qarşıdakı illərdə bu sahədə daha çox artım gözlənilir. Belə ki, bundan əvvəl e-ticarətdən istifadə etməyən insanlar elektron alış-verişə üstünlük verəcək".

Maraqlıdır ki, BMT-nin Ticarət və İnkişaf üzrə qurumunun (UNCTAD)illik hesabatında Azərbaycan elektron ticarətin inkişafı sahəsində 2 pillə geriləyib. Belə ki, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 2020-ci ilə 65-cı yerdə qərarlaşıb. 2019-cu ildə Azərbaycan 63-cü, 2018-ci ildə isə 68-ci yerdə olub.

Bəs, görəsən, bu geriləmənin səbəbi nədir? Azərbaycanda e-ticarəti daha da inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

İnternet üzərindən satılan ilk əşya nə olub?

Elektron ticarətin tarixinə nəzər salsaq görərik ki, bu ticarət sisteminin ilkin forması 1960-cı ildə ABŞ-da ortaya çıxıb.Həmin tarixdə "American Airlines" və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriblər. Bu elektron ticarət sistemi ilə bağlı ilk təcrübə hesab edilir. Ancaq, müasir elektron ticarət sistemi internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən başlayaraq sürətlə inkişaf etməyə başlayıb. İlk dəfə internet vasitəsilə alqı-satqı isə 1994-95-ci illərə təsadüf edib. İnternet üzərindən ilk satılan əşyanın nə olmasına gəlincə, bu məsələ bir qədər mübahisəlidir. “Pizza Hut” şəbəkəsi ilk dəfə elektron ticarətə onların başladığını bildirilər. Belə ki,  “Pizza Hut” 1994-cü ilin avqust ayının sonunda pizzanın online satışına başlayıb.

 Nyu-Hempşirdə yaşayan 21 yaşlı Dan Kohn ilk onlayn ticarətə onun başladığını bəyan edir. 11 avqust 1994-cü ildə o, Stinqin "Ten Summoner Tales" albomunu “NetMarket” vasitəsilə Filadelfiyadakı dostuna satıb. Dan Kohnun dostu veb-saytı vasitəsilə kredit kartı ödəməsi edib. Daha sonra Dar Kohn müştərilərlə təhlükəsiz əməliyyatlar aparmaq üçün yalnız “Unix”də işləyən xüsusi bir brauzer yükləməsini edib. “NetMarket”in istifadə etdiyi PGP şifrələmə standartının yaradıcısı Filip Zimmermann Times qəzetinə açıqlamasında texnologiyanın rəqəmsal valyutalar üçün vacib bir addım olduğunu söyləyib.

Azərbaycanda isə "Elektron ticarət haqqında" qanun 2005-ci ildə qəbul olunub. 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi, yəni onlayn ödəniş mümkün olmadığı üçün elektron ticarət tətbiq edilməyib. İlk dəfə 2008-ci ilin dekabr ayının 2-də "SilverKey Azərbaycan" şirkəti "GoldenPay" adlı onlayn ödəmə sistemi qurub. Məhz bu tarixdən sonra ölkədə elektron ticarətin tətbiqinə başlanılıb. Hazırda ölkədə dövlət və özəl qurumlar tərəfindən istehsal olunan mal və xidmətləri elektron üsulla əldə etmək mümkündür. Elektron ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq müştərilərə alış-veriş etmək imkanı yaratması, istifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin etməsidir.

Sahibkarlar e-ticarətə yatırım etmək istəmirlər

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Elektron Ticarət İctimai Birliyi İdarə Heyətinin üzvü Nicat Manafov bildirib ki, pandemiya dövründə təkcə Azərbaycanda deyil, bütün ölkələrdə e-ticarətin həcmində artım müşahidə edilir:

“Bilirik ki, pandemiya ilə əlaqədar mallar və digər iri ticarət mərkəzləri bağlanıb. Buna görə də insanlar Türkiyə, Amerika və digər ölkələrin mağazalarından onlayn alış-verişə üstünlük verirlər. “Mastercard" şirkətinin götürdüyü əsas statistika Azərbaycan kartlarının elektron ticarət kateqoriyasındakı xərcləridir. Həmin statistika Azərbaycanın daxilinə aid deyi. Digər tərəfdən pandemiya ilə bağlı ölkəmizdə bəzi xidmət sahələrində işlər onlayn qurulmağa başladı. Bu da istər-istəməz kartla ödənişi artırdı. Lakin bir məsələni də unutmamalıyıq ki, pandemiya bütün dünyada elektron ticarətin sürətlə inkişafına səbəb oldu. Yəni, e-ticarət 10 ildə qət edəcəyi inkişaf yolunu bir ilə qət etdi. Bu tendensiya bütün dünyada izlənildiyindən BMT-nin açıqladığı hesabatda biz ölkə olaraq 2 pillə geriləmişik. Bu müddətdə başqa ölkələrin vətəndaşları da e-ticarətə üstünlük veriblər və görünür, onlar daha fəal olublar. Bizdə e-ticarətdə ən böyük problem daxili e-ticarətin yox dərəcəsində olmasıdır. Əsasən, alıcılar xaricdən e-ticarətə yönəliblər. Daxili e-ticarətin inkişafı üçün ən böyük maneələrdən biri isə sahibkarların düşüncə tərzidir. Onlar bu sahəyə yatırım etmək istəmirlər. İkinci  tərəfdən, Azərbaycan istehlakçıları kartla ödəmə və s. məsələlərdə yerli internet mağazalara güvənmir. Ücüncü səbəb isə bütün banklar texniki cəhətdən bu prosesə hazır deyillər”.

Mütəxəssis vurğulayıb ki, yerli sahibkarlar həm də internet üzərindən təklif olunan məhsulları istehlakçıya düzgün təqdim edə bilmədiklərindən xarici rəqiblərinə uduzurlar: “Onların texniki imkanları da çox pis vəziyyətdədir. Bundan başqa, çatdırılma xidməti zəifdir. Bəzən Bakı daxilində çatdırılma İstanbuldan alınan məhsulla eyni vaxta gəlib çatır. Təbii ki, bu kimi məsələlərə diqqət yetirmək lazımdır. Əks halda, müştərilərdə güvən formalaşdırmaq qeyri-mümkündür:”  

Vergi güzəştlərinin tətbiq edilməsi vacibdir

Məsələyə münasibət bildirən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, koronavirus pandemiyası dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırıb:

“Onlayn alış-veriş də pandemiya dövründə xeyli artıb. Vətəndaşlarımız xaricdən onlayn məhsul sifariş etməyə üstünlük veririlər. İndiyədək daxili elektron ticarət, ölkə daxilində olan mağazaların elektronlaşması və vətəndaşların onlayn alış etməsi yetərincə inkişaf etməmişdi. Pandemiya dövrndə daxili onlayn ticarət də bir qədər inkişaf etdi. Ölkə daxilində onlayn alış-veriş və çatdırılma ilə bağlı bir neçə yeni şirkətlər yaranıb. Bu istiqamətdə bir dinamika var. Lakin bunu hələ ki, yetərli saymaq olmaz. Məsələn,BMT-nin Ticarət və İnkişaf üzrə qurumunun (UNCTAD) illik hesabatında Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb. 2019-cu ildə l Azərbaycan 63-cü pillədə olmuşdu. 2018-ci ildə 68-ci yerdə olub. Reytinq hazırlanarkən ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsizi serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti , bağlamaların çatdırılma vaxtı kimi göstəricilər nəzərə alınıb. Maraqlıdır ki, Azərbaycan bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsizi serverlər, internet mağazaların sayı istiqamətində daha aşağı göstəricilər əldə edib. MDB ölkələri arasında ən yüksək göstərici 35-ci pillədə olan Belarusdadır . Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan 84-cü yerləri qazanıblar. Bəs, geriləmə nə üçün olub? Diqqətinizə çatdırım ki, ölkəmizdə e-ticarətin inkişafı üçün əsas baza rolunu oynayan qanuvericilik uzun müddətdir ki, yenilənmir. Belə demək mümkündürsə, ölkəmizdə rəqəmsallaşma hüquqi islahatlardan daha sürətli gedir. Uzun müddətdir ki, Mərkəzi Bank "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanun layihəsini hazırlayıb başa çatdıra bilmir. 4-5 il öncə, xatırlayıram ki, bu layihəni Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonradan bu qanun layihəsinin təkmilləşməsinə MB sahiblik etdi və beləliklə də unuduldu. Görünür ki, burada da maraqlı tərəflər ödəniş sektorundakı üstün mövqeyin itirilməsindən ehtiyat edərək, inhisraçı mövqeyin itirlməsindən çəkinərək bu qanunun qəbulunda maraqlı deyillər. Həmçinin uzun illərdir ki, ”Elektron ticarət haqqında” qanuna yalnız bir dəfə, o da e-ticarət yolu ilə alınan malları vergiyə cəlb etmək üçün dəyişiklik edilib. E-ticarətin inkişafı üçün qanunun kökündən dəyişilməsi daha doğru olardı”.

Onun fikrincə,  e-ticarətin ölkəmizdə inkişafı üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir: "E-ticarətin müəyyən müddət ƏDV-dən azad edilməsi daha doğru addım olardı. E-ticarətin daha da inkişafı üçün internetin keyfiyyəti artırılmalıdr, infrastrukturun dayanıqlılığı təmin edilməlidir, hökumət sistemli tədbirlər həyata keçirməlidir”.