Türkiyədə Azərbaycanın çay təsərrüfatlarının təcrübəsi öyrənilir

13:30 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Rizə vilayətinin Ticarət Palatası İdarə Heyətinin sədri Mehmet Ərdoğan Azərbaycana səfəri çərçivəsində respublikanın Lənkəran və Astara rayonlarında çay təsərrüfatlarının iş təcrübəsini öyrənməsi barədə danışıb.

Hafta.az xəbər verir ki, onun sözlərinə görə, bu səfərdə Rizə Ticarət Palatası İdarə Heyəti və Şurasının üzvləri də Azərbaycanın çaybecərmə təcrübəsini öyrəniblər.

Türkiyənin bu vilayətindən olan nümayəndə heyəti “Astaraçay” MMC çay emalı fabrikini də ziyarət edib. “Azərbaycanda müəyyən çay növlərinin qiyməti yüzlərlə manatla ölçülür. Bu, öyrənilməyə layiq modeldir və bizim çay sektorumuz da yüksək əlavə dəyərə malik çay istehsalını inkişaf etdirməlidir. Biz bu təcrübəni qiymətləndirəcək, Rizədə çayın dəyərini və keyfiyyətini artıracaq metodları tətbiq etmək üçün əzmlə çalışacağıq”, - deyə Ticarət Palatasının rəhbəri qeyd edib.

M.Ərdoğan Azərbaycanda istifadə edilən çay məhsulu yığımı üsullarını “xüsusilə diqqətəlayiq” adlandırıb:

“Əvvəlcə, ən gənc yarpaqlar çay tumurcuğunun yuxarı hissəsindən diqqətlə əl ilə yığılır. Qalan yarpaqlar bitkinin bütün yaşıl hissələrinin qorunmasını təmin edən xüsusi bir üsulla dərilir. Bu təcrübə çay kolunun sağlamlığını qoruyur”.

Onun sözlərinə görə, suvarmanı tənzimləmək və məhsuldarlığın azalmasının qarşısını almaq üçün Azərbaycan çay plantasiyalarında süni suvarma sistemi yaradılıb.

Rizə nümayəndə heyətinin rəhbəri əminliklə bildirib ki, Türkiyənin şimal-şərq bölgələrində Azərbaycan çaybecərmə üsullarının tətbiqi potensialı qiymətləndiriləcək.