Artıq Bakıdayıq. Gəlmişik. Evimizdəyik. Yeni ailə üzvümüzün dünyaya gəlişi, valideyn ziyarəti, iş ezamiyyəti... Üçünü bir yerə yığıb Novruz bayramından əvvəl Şəmkirə yollandıq. Düşündük ki, martın 29-da Bakıya gediş-gəliş bərpa olunacaq. Biz də rahatlıqla qayıdacağıq. Əslində hər kəsin gözləntisi bu yöndə idi. Sonra məlum hadisələr baş verdi. Gözlənilənlərin tam əksi oldu. Bütün bəşəriyyətə qaşı savaş açan koronavirus pandemiyası bizim ölkəni də təhdid etməyə başladı.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə ciddi karantin rejimi tətbiq edildi. Postlar quruldu. Rayonlar arası gediş-gəliş məhdudlaşdırıldı. Hətta bizim kəndimizdə - Ağlavaşlıda da iki polis postu qurulmuşdu. Samux, Gəncə və Göygöl istiqamətində yollar qapadıldı. Kəndimiz iki rayonla həmsərhəd olduğundan polis gücləndirilmiş iş rejimində post-patrul naryadına başladı. İnsanlar ərzaq və digər məhsulları almaq üçün 18 kilometr uzaqlıqdakı Gəncəyə deyil, 38 km aralıdakı Şəmkirə üz tutası oldu. Apteklərdə tibbi spirt, maska tapa bilmədik. Onu da 30 km uzaqlıqdakı Kür qəsəbəsindən gedib alırdıq.
İlk dəfə Azərbaycan polisinin vətəndaşın yanında olduğunu da Ağlavaşlıda gördüm. Öz kəndimdə. Evimizdə təzə ailə üzvümüz dünyaya gəlmişdi. 10 günlük uşaqla dezinfeksiyasız təmas təhlükə yarada bilərdi. Kənd Sahə Xəstəxanasında nə tibbi spirt, nə tibbi maska, nə də əlcək vardı. Hamı vəziyyətin ciddiləşdiyini görüb iki-iki, üç-üç alırdı. Posta üz tutub polislərlə danışmaq qərarına gəldim. Post əməkdaşları Gəncə qeydiyyatımız olmadığı üçün bizi şəhərə buraxmadı. İcazə yoxdur, dedilər. Elə bu vaxt Şəmkir rayon Kür Polis bölməsinin rəisi polkovnik Ədalət müəllim gəldi. Dərdimi ona dedim. Anlayışla qarşıladı. Otur maşına – gedək dedi. Atamla məni qəsəbəyə gətirdi. Düz aptekin yanında düşürdü. Çətin vəziyyətdir, bir-birimizi başa düşməliyik, işiniz avand olsun deyərək, təbəssümlə bizdən ayrıldı.

Vəziyyət ciddiləşmişdi. Rayonda qalmışdıq. Həyat yoldaşımla evdən çıxarkən götürdüyümüz pul bitmək üzrə idi. Bakıya qayıtmaq isə müşkülə çevrilmişdi. Aprel ayının 3-də işdə olmalıydıq. Bu arada onu da qeyd edim ki, həyat yoldaşım da başqa bir media orqanında journalist olaraq çalışır.
Psixoloji durumumuz da gərginləşirdi. Çıxış yolu tapa bilmirdik. Çünki vəziyyətin bu qədər ciddiləşəcəyini düşünsəydik, bəlkə də evdən bayıra çıxa bilməyəcəkdik. 15 ildir Bakıda yaşasam da rayon qeydiyyatındayam. İşimizi çətinləşdirən durumlardan da biri bu idi.
Yeganə çıxış yolumuz qalırdı…
Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb durumu izah etdik. Bir ailədən iki jurnalistin Bakıya qayıda bilmədiyini söylədik. Sağ olsunlar, dərhal əncam çəkdilər. Açığı, nazirliyin belə gərgin bir vaxtda jurnalistlərin müraciətinə qarşı bu dərəcədə çevik və duyarlı davranacağını gözləmirdik. Çünki polislərin işi başından aşır. Hazırda ölkədə mövcud durumla bağlı ən böyük məsuliyyət daşıyanlardan biri də məhz Azərbaycan Polisidir.

DİN sözçüsü, polkovnik Ehsan Zahidov, Şəmkirdə III tağımın komandiri Elnur Zeynalov bütün problemlərimizi həll etdilər. Yol boyu zəng edib maraqlandılar. Diqqətdə saxladılar. Maşın ayarladılar. Bakıya qayıtdıq. Rayonlararası postlardan keçərkən polisin hansı gərgin rejimdə işlədiyinin bir daha şahidi oldum. İnsanları başa salırlar, səbrlə dinləyirlər, xoş sözlərlə evlərinə göndərməyə razı salırlar…

Bir daha Azərbaycan Polisinə təşəkkürlər!
Öz adımdan, ailəm adından daxili işlər naziri cənab Vilayət müəllim Eyvazova, nazirliyin bütün əməkdaşlarına - polislərimizə səmimi qəlbdən təşəkkür edirəm!