Dövlət Film Fondunun bu günü - Reportaj

11:38 22.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan kino tarixi və mədəniyyəti dünya kino tarixi ilə eyni anda yaranmış, müxtəlif dövrlərdən günümüzə uzun bir yol qət etmişdir. Bu illər ərzində özündə milli mənəvi, ailə dəyərlərimizi, vətənpərvərliyi əks etdirən, onları ən düzgün formada cəmiyyətimizə aşılayan çoxlu sayda milli kinolarımız ərsəyə gətirilib. Bu gün Azərbaycan istehsalı olan filmlərin kinolentlərinin nüsxələri Dövlət Film Fondunda toplanıb saxlanılır.

Hafta.az-ın əməkdaşı milli kinomuzun zəngin keçmişini və bugününü qoruyub saxlayan həmin məkanın qonağı oldu.

Gəzintimiz boyunca bizi Azərbaycan Dövlət Film Fondunun Kino Arxiv şöbəsinin müdiri Rəşad Qasımov müşayət etdi. O, Film Fonun fəaliyyəti haqqında bizləri bilgiləndirdi:

Fond haqqında

“Sovet dönəmində Azərbaycanda “Film Fondu” anlayışı olmayıb. Ona görə ki, həmin dövrdə çəkilən filmlər birbaşa olaraq Moskvaya təhvil verilirdi. Bizim bütün filmlərimiz də lent şəklində orada qorunub saxlanılırdı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra  belə bir təşkilatın yaranmasına ehtiyac oldu. Nəticə etibarilə 1994-cü ildə Film Fondu yaradıldı. Film Fondu yaradıldıqdan sonra kinolentlərin qorunub-saxlanılması üçün xüsusi şəraitə də ehtiyac var idi. 2007-ci ildə Prezidentin sərəncamına əsasən hazırda yerləşdiyimiz  binanın tikilməsi barədə göstəriş verildi və 2008-ci ildən bura köçdük. Bura filmlərin qorunub-saxlanılmasına görə nəinki sovet dönəmində və Avropada – dünyada ən yaxşı arxiv təşkilatlarından biri sayılır. Kinolenti kimyəvi tərkib etibarilə olduqca həssasdır və o, xüsusi temperatur, rütubət rejimində qorunmaldır”.

Saxlanma otaqları

Bina ilə tanışlığa ilk olaraq kinolentlərin saxlanıldığı otaqdan başladıq. Burada filmlər adları ilə deyil, xüsusi kodlarla yerləşdirilir. Kinolentlərinin saxlanıldığı otaqda temperatur bir qədər soyuq idi. Otaqda bakteriyaları öldürən lampalar var.

Burada insanların 5 dəqiqədən artıq qalması təhlükəlidir. Bundan başqa, otaqda rütubəti götürmək üçün avadanlıq və otaq temperaturunu tənzimləyən kondisioner də quraşdırılıb. Nəticə etibarilə otaqda quru, nisbətən də soyuq hava yaranır. Həmçinin bura giriş labirint formasındadır. Buna səbəb isə lenti götürən zaman otaqların hər birində 1-2 saat müddətində saxlamaq zəruriliyidir. Götürülən lent birbaşa olaraq normal hava şəraitinə çıxarılmır. Birbaşa götürülən lent kondensasiya nəticəsində məhv ola bilər.

Haşiyə

Binanın bütün mərtəbələrində kino istehsalında artıq istifadə edilməyən texnikalar eksponat şəklində sərgilənir. Burada vaxtilə kinoteatrlarda olmuş kinoproyektorlar, filmlərdə istifadə olunan maketlər – qatar, gəmi fiqurları qorunub saxlanılır.

Rəşad bəy deyir ki, öz dövrünün qabaqcıl texnologiyası olan bu avadanlıqlar işləyən vaxt ətrafa xeyli səs yayırmış. Həmçinin bu avadanlıqlarda bir pozitiv nüsxəni 300-400 dəfə göstərdikdən sonra nüsxə sıradan çıxırmış. Müasir cihazlarda bir nüsxəni 4000-5000 dəfə də göstərmək heç bir problem yaratmır.

Bərpa otağı

Həmsöhbətimizin sözlərinə görə, fondda ən qızğın iş gedən otaq bərpa otağıdır.  Burada filmlərin köçürülməsi üçün avadanlıqlar var:

“1 film qutusunda lentin uzunluğu, təqribən, 1000 metrdir. Həmin 1000 metrlik uzunluq kinonun 10 dəqiqəsini əhatə edir.  Əvvəllər  film lentləri dəmir qutularda saxlanılırdı. Azərbaycan Dövlət Film Fondu Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvüdür. Biz daim yeniliklər ətrafında birgə müzakirələr aparırıq. Belə nəticəyə gəldik ki, artıq plastik qutulara keçmək lazımdır. Axı həm də dəmir paslanan bir materialdır”.

Bərpa otağında filmlərin rəng çalarlarını tənzimləmək üçün avadanlıq da var:

“Keçmiş lentlərdə olan filmlərin rəngləri çox oynayır. Buna səbəb isə zamanında yaxşı şəraitdə saxlanmamasıdır. Bir ara Azərbaycan filmləri efirə çox pis rəngləri qarışıq formada gedirdi. O filmlərin hər biri bu otaqda tərəfimizdən “color correction” olunur. Bunun üçün də bərpa otağında “color correction” avadanlığı var”.

Bir müddət yaxşı şəraitdə qalmayan lent qatlandığı zaman sınır. Onun hansısa hissəsində problem yarandığı zaman, yapışdırıcı lent vasitəsilə bərpa olunur. Bu da saniyənin, təqribən, 1/24 anını əhatə etdiyi üçün birləşdirici lent vurulmuş hissə film izləyən zaman görünmür.

Film Fondunda muzey

Daha sonra binada muzey eksponatlarının saxlanıldığı otaqla da tanış olduq. Həmsöhbətimiz deyir ki, bizdə belə eksponatlar çoxdur, lakin bəzilərini bir otaqda cəmləşdirmişik ki, gələn qonaqlara göstərilsin.

Şüşə lövhələrin arxasında “Sehrli xalat” filmində istifadə edilmiş xalat, Azərbaycanın ilk səssiz filmlərini çəkən kamera, Leyla Bədirbəylinin, Xan Babayevin, Qəmər Salamzadənin evlərindən götürülmüş əşyalar, kinematoqrafçıların bu sənətə gəlmək üçün həvəskar olaraq istifadə etdikləri 16 və 8 millimetrlik kameralar var. Əşyaların böyük əksəriyyəti şəxsi arxiv fondlarından təqdim olunub. Azərbaycanın ilk kukla cizgi filmində istifadə olunan kuklalar da otaqda nümayiş edilən qədim əşyalar arasınadır. Adətən, belə cizgi filmlər şəkillərin hərəkət olunması ilə çəkilirmiş. Ona görə də kukla cizgi filmlərində istifadə olunan kuklalar bir qədər fərqlidir. Onların detalları elə hazırlanıb ki, hər biri ayrılıqda hərəkət etdirilə bilir.

Saxlanan ən maraqlı eksponat isə tardır. O, Azərbaycanın ilk səsli filmi – “Mavi dənizin sahilində”də istifadə edilib və filmin rejissoru Səməd Mərdanovdur. Həmin tarı daha sonra Səməd Mərdanovun qardaşıqızı, Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin keçmiş rəhbəri Nurana xanım bura hədiyyə edib. Tar öz tarixinin qədimiliyi ilə olduqca qiymətli eksponat hesab olunur. Otaqda, həmçinin keçmiş və müasir Azərbaycan filmlərinə verilmiş müxtəlif titullar nümayiş etdirilir. Maraqlı bir başqa cihaz isə “Dia filmdir”. Cihaz sovet dönəmində orta məktəblərdə uşaqlara müxtəlif şəkilləri izah etmək üçün istifadə olunurmuş. O, indiki proyektorlardan fərqli olaraq video deyil, foto göstərir.

Film Fondda kitabxana

Azərbaycan Dövlət Film Fondunda kinematoqrafiyaya həsr edilmiş, sovet dönəmində çox az sayda buraxılmış kitablar saxlanılır. Burada Azərbaycan kinematoqrafına həsr edilmiş ilk kinoşünasların azsaylı kitablarını tapmaq mümkündür.

Fondun foto və afişa arxivi

Filmlərin ilk afişalarının saxlanıldığı xüsusi otaq da var ki, burada müxtəlif dövrlərdə çəkilmiş kinoların orijinal afişasını görə bilərik. Rəşad bəy bizləri “Nəsimi” filminin ilk afişası ilə tanış etdi.

Həmçinin filmlərin fotoarxivlərinin də saxlanıldığı yerlər inzibati binada mövcuddur. Hər bir fotonun elektron versiyası olsa da, onların ilkin versiyaları xüsusi şəraitdə qorunur.

Maraqlı başqa məqam isə fondda xarici – Çin, Koreya, Rusiya, Amerika, İtaliya filmlərinin fotoarxivlərinin və kinolentlərinin olmasıdır.

“Bu yaxınlarda Meksikanın səfiri gəlmişdi. Onların köhnə bir filmi var idi. Daha sonra məlum oldu ki, həmin filmin kinolenti bizdə daha keyfiyyətli formadadır, nəinki özlərində...”.

Film Fondun zalı

Binada  kinolentdə olan nüsxələrə baxmaq üçün zal da var ki, bəzən müxtəlif tədbirlər məhz burada keçirilir. Zalın sağ küncünə ilk baxışdan sıradan görünən, lakin əslində olduqca qiymətli piano qoyulub. Bakıda illəröncə mövcud olmuş “Form kinoteatr”ında səssiz filmləri həmin piano ilə müşayiət ediblər.

Müasir proyektorlar

Fondda mövcud olan müasir proyektorlarla da tanış olduq. Hansı ki, onları qızmağa qoymayan xüsusi havalandırma sistemləri var.  Proyektorların ən qiymətli hissələri isə onların obyektivləri – lampaları sayılır.

Kinolentlərin yuyulması

Son olaraq isə fonddakı kinolentlərin “yuyulduğu” otaqla tanış olduq. Təbii ki, olduqca həssas sayılan kinolentlər ənənəvi yuma üsulu ilə deyil, xüsusi avadanlıqlar vasitəsilə təmizlənir. 

Dövlət Film Fondundakı ekskursiyamız sona çatdı. Foyesində köhnə kinoçəkiliş texnikası saxlanılan bu fərqli-fərqli məkan zəngin kino mədəniyyətimizi özündə əks etdirən  aynadır, sanki.